Keçid linkləri

«Kurtlar vadisi» filmində bir səhnə var.

Bir-neçə dəfə qarşıdurmada Çakir və Polada məğlub olan Şevko düşmənin kazinosuna gəlir. Qapıda öz silahını təhvil verməkdən imtina edir. Səs-küyə gələn Çakır Şevkonu görüncə qapıda duran adamlarına təpinir və göstəriş verir ki, Şevkonun silahına dəyməsinlər.

Bu zaman yandırıcı bir atmaca ataraq deyir: «İstanbulda hər kəs bilir ki, Şevkonun belindəki silah özündən başqa kimsəyə zərər verməz».

Bu epizodu ona görə xatırladıram ki, hər dəfə Azərbaycan rəhbərliyi bəyan edəndə ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət büdcəsindən artıqdır, Ermənistandan tikanlı cavab gəlir.

AZƏRBAYCANIN ƏZƏLƏLƏRİNƏ GÜLƏN ERMƏNİ NAZİRİ

Məsələn, Ermənistanın müdafiə naziri bir dəfə demişdi ki, Azərbaycanın hərbi xərcləri hələ heç nə demək deyil.

«Biz bilirik Azərbaycan o pulları necə xərcləyəcək», - deyən nazir Azərbaycandakı korrupsiyaya eyham vururdu.

Əslində Ermənistanın bu sadəcə hərbi xərc maddəsi nəzərdə tutmağa ehtiyacı da yoxdur. 2005-ci ildə o zamankı müdafiə naziri Serj Sarkisyan demişdi: «Əlbəttə ki, qonşu ölkənin hərbi büdcəsində kəskin artım təhlükəlidir. Amma vəsaitin effektiv istifadəsi məsələsi də var. Sirr deyil ki, eyni silahları biz Azərbaycanla müqayisə olunmaz dərəcədə ucuz qiymətlərə alırıq».

SARKİSYAN NƏ DƏRƏCƏDƏ HAQLIDIR

Sarkisyanın nə dərəcədə haqlı olmasına qiymət vermək üçün Qoris-Xankəndi yolunu Bakıda asfaltlanıb sonra qazılan, yenidən asfaltlanıb təkrar qazılan yollarla müqayisə etmək kifayətdir.

Ermənistan rəhbərliyi ona görə belə ürəklə danışır ki, Azərbaycanın vəziyyətini Bakıda nəşr olunan dövlət qəzetlərinin tərif məqalələrindən, AzTV-nin təbliğat kadrlarından izləmir.

Nə qədər acı olsa da, xaricdə Azərbaycanın vizit kartı nüfuzlu beynəlxalq təşkilatların hesabatlarıdır.

XARİCİ MEDİALARDAN GÖRÜNƏN AZƏRBAYCAN

Hər 4-5 nəfərdən biri ölkəni tərk edib, yerdə qalan əhalinin təxminən yarısı ölkənin rayonlarını buraxaraq bir şəhərə - Bakıya yığılıb, çünki iş yerləri, babat dolanışıq qazanmaq imkanları burada cəmləşib;

Ölkə, tam mənada, bir əldə cəmləşən neft gəlirlərindən asılıdır, bu vəsait isə əcaib dərəcədə bahalı iri dövlət layihələrinə sərf edilir;
qeyri-neft sektorunun boşluğunu ildən-ilə artan idxal məhsulları doldurur, dövlətlə, yaxud onun məmurları ilə bu və ya digər dərəcədə bağlılığı olmayan iri sahibkarlıq yox dərəcəsindədir ki, bu da iş yerlərinin sayını məhdudlaşdıran əsas səbəblərdəndir;

Məmur oliqarxiyası bir çox beynəlxalq təşkilatların hesabatında yer almış korrupsiya fenomenini doğurur.

QARABAĞLA FƏLƏSTİNİ MÜQAYİSƏ ETSƏN...

Belə bir vəziyyətdə Azərbaycanın Qarabağ siyasətinin perspektivlərinə qiymət vermək üçün İsrail-Ərəb qarşıdurmasına nəzər yetirmək olar.

Bir tərəfdə müasir dövlət sistemi, demokratiyası, effektiv idarəçiliyi, korrupsiya mərəzindən azad iqtisadiyyatı və deməli həm də güclü ordusu olan İsrail dövləti dayanır, o biri tərəfdə isə orta əsrlərdən qalma klan sistemi ilə idarə olunan, neft pullarının yeyilib dağıdılmasına başı qarışmış ərəb elitalarının idarə elədiyi dövlətlər və onların qeyri-effektiv orduları.

Bu cəmiyyətlər hələ də diqqəti əsas məsələyə - normal dövlət quruculuğuna yönəltməyiblər. Fələstin deyə-deyə dörd müharibə aparıblar. Hamısını da uduzublar.

Etiraz edib demək olar ki, İsraili Qərb müdafiə edib, yaxud Ermənistan heç də İsrail deyil. Bu iradların da qısa cavabları var: Fərz edək ki, İsrail ancaq Qərbin hesabına qalib gəlir. Əcəba, 200 milyona yaxın sayı olan ərəb dünyasında effektiv idarəçilik, inkişaf etmiş sənaye, müasir standartlı ordu olsaydı, 7 milyonluq İsrail qeyd edilən müharibələri uda bilərdimi?

ERMƏNİSTAN AZƏRBAYCANDAN NİYƏ QORXMUR?

Ermənistanın İsrail olmamasına gəlincə, orası düzdür ki, bu dövlətin də əyər-əksiyi çoxdur. Lakin burada hər kənddə bir muzey açıb, hər küçədə bir portret də asmırlar. Həm də elə Azərbaycanı da ərəb dövlətlərinə tay etmək çətindir. Ərəb ölkələrinin böyük əksəriyyətində güc mərkəzi vahid əllərdədir və korrupsiyanın templəri həmin mərkəzdən tənzimlənir,

Azərbaycanda isə hər məmurun öz bayrağı var.

Ola bilər ki, Ermənistan tərəfdən baxanda bu bayraqlar ağ rəngdə görünür. Bəlkə ona görə Azərbaycandan qorxmurlar?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG