Keçid linkləri

Təcili xəbərlər

Sükut razılıq əlamətidir?


GEOSİYASƏTİ TƏBİİ FƏLAKƏT BELƏ İKİNCİ PLANA KEÇİRMƏDİ
Türkiyə regiondakı proseslərə elə bir təkan verdi ki, hətta təbiət hadisələri belə onu unutdurmaq, fikri başqa yerə yönəltmək iqtidarında deyil. İndi hamını daha çox yeni amerikalı həmsədrin danışıqlar prosesinə gətirə biləcəyi yeniliklər, Türkiyə – Ermənistan əlaqələrindəki bu vaxta qədər gizlin qalan detallar və nəhayət bu yaxınlarda ATƏT-in missiyasının Laçın dəhlizində ölçmələr aparmaq üçün regiona səfəridir.

Əvvəlcə qeyd edək ki, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayzanın başqası ilə əvəz olunmasına yeni prezidentin hakimiyyətə gəlişilə bağlı olan
adi bir kabinet dəyişikliyi kimi baxmaq olar – yeni administrasiya formalaşır və bu səbəbdən də vəzifələrə prezidentə yaxın olan adamlar təyin olunurlar.

QARABAĞ PROBLEMİ VƏ YENİ DİPLOMATİK TƏYİNATLAR
Ancaq məsəl var, deyərlər ki, atları döngədə dəyişməzlər. Belə iddia olunur ki, danışıqlar prosesində həqiqətən də ciddi irəliləyişlər baş verib. Bunu hətta sükut içində olan Azərbaycan rəsmiləri də etiraf edirlər. Amma adi siyasi məntiqə inanılsa bu cür əhəmiyyətli mərhələdə kadr dəyişikliyinə yol vermək olmaz. Üstəlik, yeni amerikalı həmsədrin diplomatik karyerasında keçmiş Yuqoslaviyada iş təcrübəsi mühüm yer tutur.

Hətta deyilənə görə o, Kosovonın müstəqilliyinin ardıcıl tərəfdarıdır. Bunu əsas götürərək bəziləri artıq indidən belə bir ehtimal irəli sürürlər ki, yeni həmsədr daha çox separatçı Dağlıq Qarabağ rejimini müdafiə edəcək. Amma belə bir detal da var ki, ən azı indikindən əvvəlki ABŞ prezidentinin - Corc Buşun dövründə amerikalı həmsədrlər qətiyyətlə deyirdilər ki, Kosovo universal presedent olmayacaq.

RƏSMİ BAKININ TƏMKİNİ
Köhnə vədlər bir qədər sakitləşdirici təsir göstərsə də tam arxayın olmaq üçün əsas yoxdur. Ən azı ona görə ki, Rusiya Kosovonu bəhanə gətirərək Gürcüstan ərazisini işğal etdi. Bir daha qeyd etmək yerinə düşər ki, hələlik nə ABŞ, nə də Rusiya tərəfindən Dağlıq Qarabağ Kosovo ilə müqayisə edilməyib.

Çox qəribədir ki, Azərbaycan rəsmiləri baş verən proseslərə çox soyuqqanlı tərzdə yanaşırlar. Əvvəllər prezident aparatının sözçüləri müsahibələrində danışıqlar prosesinin detallarına olmasa da ümumi vəziyyətə qismən aydınlıq gətirirdilər. İndi isə bu yoxdur. Amma bir detalı da nəzərdən qaçırtmaq olmaz. Hətta İlham Əliyev özü etiraf edib ki, danışıqlar prosesində müəyyən irəliləyişlər var. Bu vaxta qədər o, belə demirdi. Bir qayda olaraq danışıqlar prosesinin heç bir nəticə vermədiyini deyir və lazım gələrsə hərbi yoldan istifadə ediləcəyini bildirirdi. Çox maraqlıdır ki, ATƏT-in missiyasının bu yaxınlarda Laçın dəhlizində ölçmələr aparacağı da ciddi şəkildə izah edilmir, sadəcə deyilir ki, bu da danışıqlar prosesinin bir hissəsidir.

Regiondakı diplomatik fəallıq fonunda Bakının sükutunu izah etmək çətindir. Ən azı ona görə ki, sükut razılıq əlaməti kimi başa düşülə bilər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG