Keçid linkləri

Əldən-ələ keçir vəfasız... pullar


Keçmiş nazirlər Fərhad Əliyev və Əli İnsanov sabiq prezident Heydər Əliyevin abidəsinin açılış mərasimində, 11 may 2005
Başqa ölkələrdə yüksək rütbəli məmurun vəzifədən getməsi hansısa iqtisadi nəticələrə gətirib çıxarmır. Ona görə ki, məmurların iqtisadiyyata müdaxiləsi yox dərəcəsindədir. Azərbaycanda isə bu bir qədər tərsinə baş verir, çünki başqa ölkələrdən fərqli olaraq burada əsas təsir imkanları məmurlara məxsusdur, digər insanlar bundan məhrumdurlar.

ƏLDƏN ÇIXAN TƏKCƏ VƏZİFƏ DEYİL...

Məhz bunun nəticəsidir ki, bir məmur «vurulandan» sonra onun malı-mülki talan olur, digər vəzifə sahibləri arasında bölüşdürülür. Vaxtilə rusiyalı iqtisadçı Yeqor Qaydar belə iqtisadi sistemi nomenklatura kapitalizmi adlandırmışdı...

Belə kiçik girişi təsadüfən etmədik. Bir vaxtlar qəzetlər Fərhad Əliyevin «obyekt»lərinin onun yerinə gələn artıq sabiq nazir Heydər Babayev tərəfindən özünküləşdiriməsindən yazırdılar. Heydər Babayev də siyasi olimpin zirvəsində çox duruş gətirmədi. Bu dəfə qəzetlər Heydər Babayevə məxsus əmlakın başqaları tərəfindən ələ keçirilməsindən yazırlar.

Görünür, burada sakit, bəyanatsız – filansız gediş də hətta ən yüksək hakimiyyət insanları tərəfindən çox bir qədər mülayim qarşılanır. Bəlkə də məhz buna görə Fərhad Əliyev məhkəmə prosesində siyasi bəyanatla çıxış etmədi. Elə Heydər Babayev də çox sakit getdi. Ola bilsin, nə vaxtsa sakit gediş qiymətləndiriləcək və Heydər Babayev də siyasi karyerasını diplomat karyerası ilə əvəz etmiş sabiq məmurların cərgəsinə qoşulacaq. Amma buna vaxt və hakimiyyətin rəhmi lazımdır.

BİZƏ AİD OLMAYAN HÜQUQ

Qəribədir ki, mülkiyyət toxunulmazlığı bazar iqtisadiyyatının bünövrəsi hesab edilir. Amma Azərbaycanda digər hüquqlardan ən çox pozulanı məhz mülkiyyət toxunulmazlığıdır.

Səbəb də budur ki, iqtisadi mədəniyyət çox aşağı və siyasi müdaxilə isə əksinə çox yüksəkdir. Bir vaxtlar məmurların gəlir deklarasiyası haqqında çox danışırdılar. Ancaq bu danışıqların heç bir nəticəsi yoxdur. Görünür, bunun qəbul edilməsi digər qanunlar kimi ancaq böyük zaman fasiləsindən sonra baş verə bilər. Təsəvvür etmək çətindir ki, ordu və hərbi büdcə haqqında bu qədər danışılan ölkənin hələ də hərbi doktrinası yoxdur.

«Təhsil qanunu» dövlət müstəqilliyinin on səkkizinci ilində qəbul edilir. Belə bir ölkədə məmurların gəlir deklarasiyası haqqında çox danışmaq olarmı? Hətta nə vaxtsa belə bir qanun qəbul edilsə artıq indidən məmurlar onun təsirini neytrallaşdırmağın yolunu bilirlər. Nəyi bacarmasalar da bunu onlar çox gözəl bilirlər. Amma ömürlük sığorta heç kimdə yoxdur. Çox güman ki, onlar bir məmurun vəzifədən getdikdən sonra hansı aqibəti yaşamasını da gözəl bilirlər. Burada bir risk elementi də var.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG