Keçid linkləri

Təcili xəbərlər

İSMAYILLI GÜNDƏLİYİ - 5


Hər nə istəsəniz gözləyirdim, Heydər parkında gəzəcəyimdən başqa
Hər nə istəsəniz gözləyirdim, Heydər parkında gəzəcəyimdən başqa
Hər nə istəsəniz gözləyirdim, Heydər parkında gəzəcəyimdən başqa. Minimum ağac, maksimum mərmər formulu ilə tikilən bu parklar hər yerdə eynidir və hətta arxasında duran siyasi məqsədlər bir yana, zövqsüzlüyü və israfçılıq nümunəsi olması kifayətdir ki, adamın kefinə soğan doğransın.

Heydər Əliyev muzeyi, Heydər Əliyev heykəli, Heydər Əliyev adına kitbabxana, İcra hakimiyyəti, üç dənə fontan və təbii ki, qazonlarda : «Diqqət! Qazon! Girmək olmaz!» lövhəsi...

Burdakı ağacları 60-80-ci illərdə - «subbotniklərdə» əkiblər.

QARANLIQ DÜŞƏNDƏ İSMAYILLI ƏHLİ NƏ EDİR?

Aynur Atayeva parka getməyi təklif edəndə imtina etməyə dilim gəlmədi. Rayonda başqa nə alternativ var ki? Hətta bura da yalnız qardaşı Elnurun müşayiəti ilə getməyə icazəmiz vardı.

Parka yaxınlaşanda beynimdən keçən ilk fikir bu idi ki, Azərbaycanın irili-xırdalı şəhər menecerləri təxəyyül krizisi yaşayır. Amandır, nə olar, bir azacıq orijinal olun! Axı niyə bu parklar hər yerdə eynidir. Elə bil eyni adam tikib.

Axşam 9- dan sonra parkda insanların sayı artdı. Qızlar qardaşlarının və valideynlərinin nəzarəti altında gəzməyə çıxarılmışdı. Oğlanlar dəstə-dəstə Heydər Əliyev muzeyinin arxasındakı mərkəzi çayxanaya axışırdılar. Parkın o başından bu başına qədər gedib gəlməkdən yorulub, çayxanada dincimi alıb çay içmək istədim. Təkidlərimə baxmayaraq bu gəzinti zamanı o çayxanada otura bilmədim. Yenidən icra hakimiyyətinin qarşısından keçib, parkı dövrə vurub (ən asta - tənbəl yerişi ilə belə bu, 10 dəqiqədən artıq vaxt almır) uşaq sürüşkənlərində ayaq saxladım.

İSMAYILLI KOKOFONİYASI

Sürüşkənlərin möhkəmliyini yoxlamaq üçün, həm də bekarçılıqdan ordan sürüşüb Heydər Əliyev adına mədəniyyət evinin pilləkənlərində oturdum. Heydər Əliyev muzeyinin yanında yerləşən bu Heydər Əliyev adına Mədəniyət evindən kənd cavanları üçün «diskoteçnıy» musiqi sədaları gəlirdi. Repertuar: Aysel ve Araş, türk arabeski və Röya. Uşaqlar və bir neçə İsmayıllı gənci Aysel və Araşın bizə «Evrovision»da üçüncü yer qazandırmış ritmik mahnısının sədaları altında rəqs edirdilər.

Bütün bu zahiri əzəmətdən və artıq üçüncü dəfə çalınan «Always in my mind» mahnısından yorulub Aynurgilə qayıtmaq istəyirdim. Parkda o yan bu yana gəzişən bu ümidsiz insanlar və asudə vaxtını keçirməyə yer tapmayan gənclərlə mərmərdə sayrışan işıqlar arasındakı uyumsuzluğun doğurduğu kokofoniya effekti qulaqlarımı batırırdı sanki.

QARANLIQ KÜÇƏLƏRDƏ AYDIN FİKİRLƏR NƏ EDİR?

Amma kokofoniya tezliklə formasını dəyişdi. Parkdan bir küçə sonra əsl İsmayıllını gördüm: dar və qaranlıq küçələr, asfaltsız yol, hər həyətdən gələn tualet quyularının və həyətlərdə saxlanan mal-qaranın nəcisinin qoxusu (İsmayıllıda kanalizasiya sistemi olmadığından tualet dedikdə əksərən - dərin quyu üzərində ucaldılmış taxtadan divarlar və dam əvəzi şifer parçası nəzərdə tutulur).

Evə qədər yol yoldaşlarımla söhbət edirdik. Aynur «Gələcək özü gəlməyəcək» kampaniyası haqqında danışırdı. Parkın dəbdəbəsindən sonra hər həyətdən gələn üfunət qoxusu, palçıqlı çalaya düşməyim, bu zülmətdə addımlamağımız və bu mövzuda danışmağımızdan daha absurd heç nə ola bilməzdi. Gün ərzində ikinci dəfə ağlımdan bir sual keçdi: «İqtisadi inkişaf deyəndə görəsən nəyi nəzərdə tuturlar? Bəlkə mən paralel dünyada yaşayıram?»

Amma əgər hətta belə yolda, bu spesifik şəraitdə gələcəyin istədiyimiz şəkildə gəlməsi üçün bu gün nəsə etməliyik deyən gənclər varsa, bəlkə tunelin axırında işıq var? Bəlkə də yoxdur. Amma indi qaranlıq İsmayıllı küçələrində aydın fikirli gənclər var.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG