Keçid linkləri

Sevgi uçuşu...


Üzeyir bəy bu tamaşaya baxsaydı, şübhəsiz ki, 1945-ci ildə çəkilmiş filmdə musiqi rəhbəri Niyaziyə dediyini bu dəfə rejissora, bütün yaradıcı heyətə söyləyəcəkdi: «Sağ ol, qoçaq!»

Üzeyir bəy bu tamaşaya baxsaydı, şübhəsiz ki, 1945-ci ildə çəkilmiş filmdə musiqi rəhbəri Niyaziyə dediyini bu dəfə rejissora, bütün yaradıcı heyətə söyləyəcəkdi: «Sağ ol, qoçaq!»

Nə xoşbəxt insanlar olub dünyada. Doğum günü bütün el-obanın bayramına dönüşür. Özü də heç nəyə məcbur edilmirsən, heç kəs qorxudan bu tədbirə qatılmır, heç bir yalançı sözlər söylənilmir bu doğum günündə. Lap güzəran dolanbaclarında əzilən, təhqir olunan, hərdən insan olduğunu da unudan Vətən övladı bu günün hansı gün olduğunu unutsa belə, Üzeyir bəyin ismini xatırlatmaq yetər ki, onun qırışığı açılsın, üzü gülsün, Məşədi İbadı xatırlasın, Leyli-Məcnundan oxusun, Əskər-Gülçöhrəni yad etsin, Koroğludan danışsın...

Bu dəfə Üzeyir bəyin doğum günündə (18 sentyabr) onun haqqında yazmamağımın səbəbi o idi ki, o Kişinin mənim Sevgimə, Sayğıma xüsusi bir ehtiyacı olmadığını düşünürdüm. Onsuz da hamı onu yad eləyir, əvvəllər biz də onun adına dəfələrlə verilişlər həsr eləmişik. Bu dəfə tamaşaçı, dinləyici, müşahidəçi olmaq qərarına gəldim və Dövlət Musiqili Komediya Teatrının «Arşın mal alan» tamaşasının premyerasına yollandım...

Müsəlmanların evlənmək məsələsi...

Üzeyir bəy bu operettanı 1913-cü ildə yazıb. Sankt-Peterburq Konservatoriyasında oxuyarkən. Özü demiş, bir yandan dərs oxuyub, bir yandan da «Arşın mal alan»ı yazıb. Həm də anlayıb ki, «çox qəribə operetta olacaqdır». Üstəlik, başa düşüb ki, «mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir». O dövrün qəzetlərində də operettanın yazılışı, tamaşaya hazırlanışı böyük bir müjdə ilə xəbərlənir: «...müsəlmanlarda indiyədək naçar halda qalmış evlənmək məsələsinin...qüsurunu Hacıbəyov fövqəladə bir məharətlə təsvir edib»...

«Müsəlmanlarda indiyədək naçar qalmış evlənmək məsələsi»... Necə bilirsiniz, üstündən 100 il keçəndən sonra bu dərdin dərmanı tapılıbmı? İçinizdə sevgi ilə evlənmək istəyənlərin sayı nə qədər olar? Yəni tacir Əskərin çıxılmazlıqdan çəkib çıxardığı «ancaq sevdiyinə evlənmək» şüarını əlində bayraq edən çoxmu adam tanıyırsınız?...

Hər şey Üzeyir bəyin dediyi kimi olur!

«Arşın mal alan»ın zəfər yürüşü 1 əsrdir ki, davam edir. Yarandığı gündən neçə dillərdə, neçə-neçə səhnələrdə oynanılıb. Neçə dəfə filmə çəkilib. Nə qədər aktyoru, rejissoru şöhrətləndirib, nə qədər gənci sevərək evlənməyə ruhlandırıb bu əsər... Əskər və Gülçöhrə həqiqətən də dastan qəhrəmanlarına çevriliblər. Leyli-Məcnun deyirik, Nigar-Koroğlu, Əsli-Kərəm, Abbas-Gülgəz, Əskər-Gülçöhrə söyləyirik. Yan-yörənizə baxın, nə qədər Əskər-Gülçöhrə adı eşidəcəksiniz...

Mən bu operettanı əzbər bilirəm!

Sevdiyim operettanın Musiqili Komediya Teatrında tamaşaya hazırlandığını bilirdim. Teatrın tarixində bu arşınmalçının ikinci səhnə həyatı olduğunu da eşitmişdim. «Sevimli qəhrəmanlarla hər görüş adamı daha optimist, daha üzügülər edir» deyə düşünüb ilk tamaşaya yollandım. Tamaşa zalında az adam görmədiyimə sevindim. Teatr əvvəlki əzəmətini, əvvəlki tamaşaçısını itirsə də, yerini özündən sonra gələn sənət növlərinə verməyə məcbur olsa da, hələ yaşayır! Teatrın öz ləzzəti, öz zövqü var. Ona əvvəlcədən hazırlaşmaq, geyinib-kecinmək, xüsusi ruh halında tamaşaya yollanmaq hansı sənətdə var? Ən əsası isə canlı ünsiyyətdir.
Bunu heç nə əvəz edə bilməz!

Əskərlə Gülçöhrənin sevgi uçuşları...

Düzü, adi tamaşa gözləyirdim. Hamıya məlum, hamının söylədiyi operettanı bir daha böyük həvəslə dinləməyə hazırlaşmışdım. Ancaq səhnədə bir hərəkət gördüm, bir fərqlilik gördüm, yenilik etməyə çalışan rejissor (Elvin Mirzəyev) işi gördüm. Hətta aktyorlar da bizim alışdığımız ştampları qırmağa çalışırdılar. Məsələn, biz Gülçöhrəni (Nərgiz Kərimova) ağır oturub-batman gələn bir bəy qızı kimi tanıyırıq. Bu tamaşada isə o, üzügülər, şən, dəcəl bir qızdır. Ya Əskər (Fərid Əliyev)? Rəşid bəyin yaratdığı o çəkingən (adə, oxu, yox, oxuma) və mədəni, bir az ərköyün tip sevdiyinin yolunda hər cəfaya dözməyə hazır olan zirək bir şəxsə çevrilib. Onlar lap filmdəki kimi, ay işığında qayıqda gəzir, faytona minir, yelləncəkdə yellənir, hətta alma yeyirlər (əhd bağlamaq simvolu kimi).

Ən gülməlisi, onlar sevgi qanadlarında uçurlar. Tacir Əskər bir dəfə hətta az qala tamaşaçıların üstünə uçacaqdı. Parterdə oturanların necə səslər çıxardığını özünüz təsəvvür edin. Uçuş operettanın məşhur Qızlar Rəqsində də təkrarlandı. Tez-tez dəyişən dekorasiyalar, daim hərəkət edən səhnə, xüsusi zövqlə tikilmiş əlbisələr (modelyer Gülnarə Xəlilova), gözlənilməz tryuklar, rəqslər, dinamik aktyor oyunu, ən əsası, sehrli musiqi (dirijor Ziya Bağırov) tamaşanı bənzərsiz edir...

Üzeyir bəy bu tamaşaya baxsaydı, şübhəsiz ki,
1945-ci ildə çəkilmiş filmdə musiqi rəhbəri Niyaziyə dediyini bu dəfə rejissora, bütün yaradıcı heyətə söyləyəcəkdi: «Sağ ol, qoçaq!»

Üzeyir bəy dövrünün cılız məmuru

70-ci illərdə Alla Puqaçovanın çox populyar olduğu zamanda Leonid Brejnevin başçılıq etdiyi Sovetlər Birliyində belə bir gülməcə geniş yayılmışdı. Deyirlər, aradan bir neçə əsr ötür. Bir rus oxuduğu kitabda Leonid Brejnev adına rast gəlir. Onun kim olduğunu öyrənmək üçün lüğəti açır. Lüğətdə nə yazılsa yaxşıdır: «Leonid Brejnev—Böyük Alla Puqaçova dövrünün cılız siyasi məmuru...».

Bax, belə! O vaxtlar bu gülməcəyə qəhqəhə çəkib gülən Bizlər hər gülməcənin bir mesajı olduğunun fərqinə varmırdıq. Bu fəlsəfəyə dayanaraq, Üzeyir bəyi gecəyarısı yatdığı yerdən qaldırıb Mərkəzi Komitəyə çağıran, ona, tutaq ki, Stalinin mesajını çatdıran Azərbaycanın sovet rəhbərini (Mir Cəfər Bağırov) Üzeyir bəy dövrünün cılız-xırda-kiçicik məmuru adlandırmaq məncə, yerinə düşər. İstəsəniz, bu siyahıya «Ellər atasının» (İ. Stalin) da adını artırın, istəsəniz – indiki belələrini. Siyahı açıqdır...

Şərhləri göstər

XS
SM
MD
LG