Keçid linkləri

Heykəllər danışsaydı…


Belə çıxır ki, Lenin heykəlləri ilə yanaşı yaradılacaq xiyabanda Nəsiminin də heykəli ucaldılacaq!

Belə çıxır ki, Lenin heykəlləri ilə yanaşı yaradılacaq xiyabanda Nəsiminin də heykəli ucaldılacaq!

Hakimiyyətə gəldiyi gündən tarixə qarşı ziddiyyətli münasibəti ilə seçilən bu hakimiyyət indi maraqlı təşəbbüslə çıxış edib. Söhbət heykəllər xiyabanının yaradılmasından gedir.

Xiyabanın harada yerləşəcəyi hələ dəqiqləşməsə də, eksponatlar artıq bəllidir. Bunlar 1988-ci ildən bu tərəfə ölkədə sökülən heykəllərdir. Artıq gələcək eksponatların axtarışına başlanıb... Bu həqiqətən də qəribə qərardır. Əliyevlərin tarixlə savaşı hamıya gözəl tanışdır.

Tarix haqda elə təsəvvür yaradılır ki, guya Heydər Əliyevə qədər Azərbaycanda böyük tarixi şəxsiyyətlər, hətta azərbaycanlılar özü bir xalq kimi mövcud olmayıb. Ölkənin elə bir rayonu yoxdur ki, orada Heydər Əliyevin heykəli və muzeyi olmasın. Hətta muzeylərin açılması insanlar üçün yeni iş yerlərinin yaradılması kimi qələmə verilir.

İlham Əliyev öz qayçısı ilə demək olar ki, hər ay yeni abidələrin lentini kəsir. Bir qədər haşiyə çıxaraq belə bir detalı yada salmaq olar ki, bu tədbirlərin hamısı eyni ünvanda bir neçə dəfə keçirilir. Məsələn, metronun «İçərişəhər» stansiyasının açılışı iki dəfə oldu. Birinci dəfə lenti İlham Əliyev, ikinci dəfə isə metropoliten rəisi Tağı Əhmədov kəsdi. Artıq insanlar buna alışıblar – hər yeni tikilən obyekt tikiləndən bir neçə həftə sonra əsaslı təmirə verilir!

Bütün bunları ona görə xatırladırıq ki, heykəllər xiyabanı ilə bağlı olan qərar da məlum deyil ki, insanlara hansı məzmunda təqdim ediləcək. Öz yerindən götürülmüş heykəlləri göstərirlər. Kimin heykəli indi böyürü üstədir? İmadəddin Nəsiminin! Belə çıxır ki, Lenin heykəlləri ilə yanaşı yaradılacaq xiyabanda Nəsiminin də heykəli ucaldılacaq! Məsələ bununla bitmir. 26 Bakı komissarları haqqında çox yazılıb. Amma maraqlısı budur ki, onların hamısının heykəli şəhərdən götürülmüşdü. Təkcə Məşədi Əzizbəyovdan başqa. Onun da heykəli götürüldü. Amma metro stansiyalarından biri hələ də onun adını daşıyır. Vaxtilə Şaumyanın, Caparidzenin, Əzizbəyovun adı o qədər ünvana verilib ki, bəlkə hələ uzun müddət belə anlaşılmazlıq baş verəcək. Heykəllər götürülür, ancaq az qala bütöv rayonlar hələ də bu adların yükünü daşıyır.

Gələcək xiyabanda daha kimin heykəli olacaq? Bəlkə Rəsulzadənin? Bu tamamilə mümkündür. Vaxtilə onun Bakı Dövlət Universitetində büstü var idi. Büstü götürdülər, küçənin də adını dəyişdilər. Təxminən bir il bundan əvvəl «Azərbaycan» kinoteatrının yaxınlığında lövhə qoyulmuşdu və ora yazılmışdı ki, «burada Məmməd Əmin Rəsulzadənin heykəli qoyulacaq». Amma həmin yerdə kiçik park salındı, lövhə götürüldü, amma heykəl qoyulmadı.

Bəlkə də Rəsulzadəyə münasibətdə hansısa siyasi çalar var. Amma şair Əliağa Vahidin nə günahı var idi?! Nə isə. Nə yaxşı ki, heykəllər danışmır.

Əgər onlar danışa bilsəydi...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG