Keçid linkləri

1994-cü ilin sentyabrında Azərbaycan «əsrin müqaviləsi» adını alan PSA tipli iri müqavilə imzaladı. O zamandan başlayaraq Azərbaycan bu tip müqavilələri (Hasilatın Pay Bölgüsü – qanun səviyyəsinədək yüksəldilir, ondan sonra qəbul edilmiş ölkə qanunlarının həmin müqaviləyə təsiri olmur, bu tip müqavilələr çərçivəsində ölkəyə gətirilən mallar və xidmətlər gömrük rüsumlarından və əlavə dəyər vergisindən azaddırlar və sair) böyük həvəslə tətbiq edir. İndiyə qədər neft və qaz yataqlarının işlənməsinə dair PSA tipli 30 müqavilə (bəzi yataqlar – «Abşeron», «Zığ-Hövsan», «Kürovdağ» üzrə 2 dəfə) imzalanıb.

Qeyd etmək yerinə düşərdi ki, PSA tipli müqavilələr keçən əsrin 60-cı illərinin məhsuludur (o vaxt əsasən cənub-şərqi Asiya ölkələrinə tətbiq edilirdi) və transmilli şirkətlər tərəfindən hüquqi cəhətdən oturuşmamış ölkələrdə uzunmüddətli layihələrin həyata keçirilməsi ilə bağlı təklif edilir. Ancaq imzalanan PSA tipli müqavilələrin sayına görə Azərbaycan hazırda nəinki MDB məkanında, hətta III dünya ölkələri sırasında liderdir.

90-cı illərin ortalarında «Azəri-Çıraq-Günəşli», «Qarabağ» və «Şah-dəniz» yataqları üzrə müqavilələr imzaladıqdan sonra bəyan edilirdi ki, nəinki Azərbaycanda heç keçmiş Sovet məkanında belə dənizin dərinsulu hissələrində karbohidrogen ehtiyatların işlənməsi üçün texnologiyalar mövcud deyil və xarici neft şirkətlərinə PSA tipli müqavilələr çərçivəsində yuxarıda sadaladığımız güzəştlərin verilməsi ilk növbədə xarici investisiyaların cəlb edilməsi və yeni texnologiyalarla daha dərin qatlardakı layların işlənməsinə nail olmaqdır.

Ötən əsrin sonlarında – XXI əsrin əvvəllərində Azərbaycan hökuməti cəmiyyətdə belə bir rəy formalaşdırmağa başladı ki, PSA-dan yaralanmaqda davam etməliyik və hazırda xarici şirkətləri neft-qaz sənayemizə cəlb etmək üçün bundan sərfəli əməkdaşlıq forması faktiki olaraq yoxdur. 2002-ci ildən başlayaraq isə PSA tipli müqavilələr quruda əvvəllər «Azneft» İstehsalat Birliyinin heç də pis işlətmədiyi yataqlara tətbiq edilməyə başladı.

Ancaq nədənsə hökumətin bu arqumentləri heç inandırıcı «səslənmir»: ölkənin, o cümlədən Dövlət Neft Şirkətinin kifayət qədər maliyyə imkanları var, kadr sahəsində ümumiyyətlə problem yoxdur (1995-dən 2006-cı ilədək BP-nin Azərbaycandakı layihələrinin həyata keçirilməsi sayəsində 15 minə yaxın yerli vətəndaş yeraltı və yerüstü obyektlərin tikintisi, 3 minə yaxın vətəndaşımız neft kəşfiyyatı və hasilatı, o cümlədən nəqli ilə bağlı beynəlxalq təcrübəyə yiyələnmişdilər, vaxtilə «Çıraq-1» platformasında çalışan ilk azərbaycanlı qadın – qazıma ustası – bu gün Alyaskada qazıma üzrə menecerdir, BP-nin qazıma üzrə baş podratçısı olan «KSA Deutag» şirkətinin 17 nəfər Azərbaycanlı əməkdaşı isə 2008-2009-cu illərdə Venesuelada Rusiyanın «Qazprom» şirkəti üçün ilk kəşfiyyat quyusunun qazılmasında iştirak ediblər, bundan başqa bu gün Azərbaycan vətəndaşı olan neft mütəxəssislərinin sorağını Şotlandiyada, Şimal dənizindəki platformalarda, Fransanın neft emalı müəssisələrində, Ekvadorda, Meksika körfəzindəki neft obyektlərində, Avstraliyada, Misirdə, Çadda və bir sıra ölkələrdən «eşitmək» olar. Təkcə Rusiyanın neft sənayesində çalışan ixtisaslı azərbaycanlılardan isə nəhəng bir şirkət yaratmaq olardı – onların sayı 5 minə yaxındır)...

Elə isə ömrünü faktiki olaraq başa vurmuş qurudakı «qurumuş» yataqlar (PSA tipli müqavilə imzalanandan sonra elə yataqlar var ki, 1 ildə heç 10 min ton neft hasil edilmir) üzərində mülkiyyət hüququnu 25 və ya 30 il müddətinə bölüşməyin mənası nədir? Bəlkə o yataqları elə Məmməd işlədəydi və qazandığını dövlətlə bölüşəydi. Axı Çar Rusiyası dövründə Abşeronda 10-larla yataq ümumiyyətlə neftə heç bir aidiyyəti olmayan şəxslərin idi, ona görə ki, özəl mülkiyyətin toxunulmazlığı praktikada vardı və məhz o cür insanların fəaliyyətlərinin inhisara alınmaması hesabına cəmi 20-30 ilə yoxdan bir şəhər yaradıldı və burada o dövrün ən cəlbedici texnologiyaları və tərpənməz əmlakına rast gəlmək olardı.

İndi isə hər şey dövlətin əlində cəmləşib – iqtisadiyyatda dövlət idarəetməsi isə hələ XX əsrin ikinci yarısından özünün qeyri-effektivliyi ilə yadda qalıb.

İlk dəfə Azərbaycanda neft hasilatı ilə məşğul olan xarici şirkətlər

Qeyd etdiyimiz kimi Azərbaycan hökuməti PSA tipli müqavilələrin tətbiqinə görə artıq neft aləmində ad çıxarıb.

Maraqlı olanı budur ki, PSA tipli müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin tərəfdaşı olan şirkətlərin 6-sı ilk dəfə neft hasilatı ilə məhz Azərbaycanda məşğul olmağa başlayıblar.

2006-cı ilin noyabrında Azərbaycan «РуссНефть» adlı şirkətlə «Zığ» və
«Hövsan» yataqlarının işlənməsinə dair PSA tipli müqavilə imzaladı. Bu şirkət isə 2002-ci ildə Moskvada bir qrup biznesmen tərəfindən təsis edilmişdi.

Təkcə 2004-cü ilin 5 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti xarici şirkətlərlə PSA tipli 3 neft müqaviləsi imzaladı. Maraqlıdır ki, bu zaman SOCAR özünə tərəfdaş kimi neft və qaz hasilatında heç bir təcrübəsi olmayan şirkətləri seçməyə qərar vermişdi. Onların sırasında Türkiyənin ENKA şirkəti (1957-ci ildə yaradılıb və elektrik stansiyalarının tikilməsi sahəsində ixtisaslaşıb, «Azрetrol Holding» (1997-ci ildə Bakıda yaradılıb, neft məhsullarının pərakəndə satışı, neft daşımaları ilə məşğul olub, 2005-ci ilin noyabrında şirkətin təsisçiləri dəyişsə də, onun tənəzzül dövrü davam edir), «Middle East Рetroleum Farm» (Birləşmiş Ərəb Əmirliklərində 90-cı illərin sonlarında yaranıb, əsasən neft və neft məhsullarının daşınması ilə məşğuldur), «Shengli» (Çinin neft kimya korporasiyası olan «Sinoрec»in törəmə şirkəti). Hətta PSA tipli müqavilə imzalayanadək neft hasilatında müəyyən təcrübəyə malik olan «Casрian Energy Grouр Ltd» (Britaniyanın Vircin adalarında qeydiyyatdan keçib) ilk dəfə neftçıxarma ilə Azərbaycanda tanış olmuşdu. Hazırda Azərbaycanın neft sənayesində işlətdiyi yataqların sayına görə (qurudakı 16 yataq) lider olan «Global Energy» şirkəti (Britaniyanın Vircin adalarında qeydiyyatdan keçib) də Odlar Diyarına ayaq basmamışdan öncə neftin aləmində təcrübəsi yox idi.

İndi özünüz fikirləşin, Azərbaycanın neft sənayesində karyera əldə etməyə ümidli olmayan Məmməd niyə Alyaskadan tutmuş Avstraliya sahillərinədək «özgəsinə quyu qazmaqla» məşğuldur!

Şərhləri göstər

XS
SM
MD
LG