Keçid linkləri

Bu bloqda yer alan materiallardan göründüyü kimi, Azərbaycanda mədən sənayesində şəffaflıq məsələləri ilə bağlı kifayət qədər həllini gözləyən ciddi problemlər var. Təkcə Hasilatın Pay Bölgüsü (PSA) müqavilələri çərçivəsində Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınmış Global Energy şirkətinin Azərbaycandakı fəaliyyətinə nəzər yetirmək kifayətdir. Bu offşor şirkəti artıq 17 Azərbaycan yatağının işlənməsi ilə məşğuldur. Fəqət indiyə qədər nə «Global Energy Azerbaijan Ltd.»nin menecmenti, nə də Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi bir dəfə də olsun bu şirkətin fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirib, ictimaiyyət (KİV) və qeyri-hökumət təşkilatları üçün hər hansı hesabat dərc edib və hətta hər il keçirilən «Caspian Oil & Gas» sərgisinin stendlərində sadəcə istehsal göstəricilərini yerləşdirməyi lazım bilib.

Çox əfsuslar olsun ki, bütün bunlar Azərbaycanın 2009-cu ilin fevralında Qətərin paytaxtı Dohada Mədən Sənayesində Şəffaflıq üzrə Beynəlxalq Təşəbbüsün (EITI) tamhüquqlu üzvü olduğu bir zaman baş verib. Ola bilsin ki, «qapalı» həyat tərzi özəl biznesin aparılması üçün əlverişlidir, fəqət bu, Azərbaycanın «şəffaf» imicinə çox böyük zərbədir və onun öncə qazandığı uğurları şübhə altına alır.

Mənim fikrimcə, Azərbaycan hökuməti sanki Mədən sənayesindəki şəffaflıq üzrə əldə etdiyi beynəlxalq uğurlardan məst olub və ölkə daxilində bu sahədə olan problemləri bilərəkdən görmək istəmir. Məsələn, Azərbaycan EITI üzrə hesabatların dərcinə görə həqiqətən lider ölkədir. Bizdə fəaliyyət göstərən 26 şirkət də bu sənədə imza atıb və yalnız 2-si: «BP-Azərbaycan» və SOCAR öz illik hesabatlarını dərc edir və ictimaiyyətə təqdim edirlər (SOCAR 2008-ci ildəki fəaliyyətini əks etdirən hesabatı hələ də ictimaiyyətə açıqlamayıb).

Onda sual olunur, bəs yerdə qalan 24 şirkətin EITI çərçivəsində iştirakı nə ilə yadda qalır? Yalnız ildə 2 dəfə ala-yarımçıq 5-6 cümləlik xəbər xarakterli məlumatları doldurub audit şirkətinə göstərməkləmi? Axı, ictimaiyyət həqiqətən də bilmir ki, indiyə qədər cemi 5 şirkət mütəmadi olaraq o blankları doldurur və bunlardan da 2-3-ü daim səhvlərə yol verir. Çox acınacaqlı vəziyyətdir, deyilmi?

Şərhləri göstər

XS
SM
MD
LG