Keçid linkləri

Bir roman şəhəridir Qars. Ağır həzm edilən görünüşü, yarı sökük evlərin damından boylanan məscid minarələri, ayaqqabı mazlayan uşaqlar və səmimi insanlarla dolu bir şərq şəhəri, müəmmalı tarixi və tarixi qədər kədəri olan bir şəhər. Burası Qarsdır.

Gürcüstan sərhədini keçdikdən sonra ilk dayanacağım Ərdəhan şəhəri idi. Narahat yolun uzunluğu, yolboyu gördüyüm sivilizasiyadan xəbərsiz yaşayış yerləri, dünyanın hansısa küncündə yaddan çıxmış insanların həyatı onsuz da qüssə ilə yükləmişdi məni. Amma bir də Ərdəhanın ağır havası məni Qarsa sürükləyən dəfedilməz istəyimi boğurdu. Ərdəhanda 2 saat qalacaqdım, amma insanların fərqliliyə dözümsüzlüyü, üzərimə dikilmiş rahatsız edən baxışlar ucbatından bu 2 saat qurtarmadı.

Qarsa yetişənədək çəkdiyim peşmançılıq hissi şəhərin girişində uyğun bir mehmanxana tapmaq üçün yaxınlaşdığım gəncin üzündəki təbəssümdə itdi. Azərbaycandan olduğumu bilən gənc qarslının ilk sözü «xoş gəlmisən yurduva» oldu.

«Qars» adını ilk dəfə 11 il əvvəl eşitmişdim. Bu ad nədəndirsə həmişə məndə daxili hüzn yaradırdı. Qars sanki qaraya bürünmüş çadralı qadınların gözlərini obyektivə, obyektivdəki gözlərimə dikənidir, kədərlidir öz halında o qadın. O, sirli idi uzaqdan baxana. Yaxına getməli idim və getdim, bir yay istisində Qarsı qarış-qarış gəzdim və çəkdim.

Orxan Pamukun «Qar» romanındakı bir kədər var bu şəhərdə. Havası sərin olsa da insanları istidir, səmimidir. Çox gülürlər, bu gülüş onların kədərli həyatını danışır.

Yerli azərilər, türklər, kürdlər və tərəkəmələr yaşayır, bir vaxtlar ermənilər də yaşayırmış burda. Etnik tərkibi göy qurşağı qədər rənglidir. Amma etnik çarpışma yoxdur. Dedilər ki, burda kimlik ayrı-seçkiliyi seçkilər öncəsi siyasətçilərlə gəlir. O siyasətçilər özləri üçün səs toplamaq üçün kimlərinsə səsini boğur, insanların ağır, amma həssas yaşamları üzərində politika yapırlar. Qalan vaxtlar isə burda hamı qarslıdır.

1878-1879-cu illərdə Osmanlı imperiyasının Çar Rusiyasına məğlub olmasından 1920-ci ilədək Qars Çar Rusiyasının işğalı altında olub. Bu 40 illik dövrdə tikilmiş yerli insanların «Rus evləri» deyə anlatdığı tikililərə də rast gəlmək olur. İndi bu binaların bir çoxu dövlət binası olaraq istifadə olunur.

Bu şəhərə ayağımı basdığım andan bəri bir şeyə çox təəccübləndim – məscidlər. Hər məhəllədə bir məscid var, bəzilərində ikidir. «Üfüqü məscid minarələri tutub» yazmış olsam bədii olacaq, amma mübaliğəli deyil. Bu şəhərin atributu göyə uzanan hündür minarələrdir. Bu şəhərdə bir universitet var.

Amma insanlar xoşbəxtdir bu şəhərdə. Xoşbəxtliyin sərhədi var bu şəhərin sakinlərinin düşüncələrində. Bir qarslının xoşbəxtlik qavramı Qars əyalətinin sərhədləri ilə məhdudlaşır. İstanbulu, İzmiri görən qarslı Qarsda xoşbəxt ola bilməz.

Havası sərin olsa da bu şəhərin insanları çox istiqanlıdır. Hələ bilsələr ki, siz azərbaycanlısınız sizə sevgilərini sunacaqlar. Onlarda bir Azərbaycan həsrəti var, Bakı-Tiflis-Qars dəmir yoluna dikiblər gözlərini. Bu dəmir yolu xətti ilə Bakıya gedəcəklərini ümid edirlər.

Babaları Azərbaycandan bura köç etmiş insanlar var, amma bir də sizə bura iş üçün Naxçıvan MR-dan gəlmiş insanlardan danışım. Kədərli bir insan üzünü düşünün, imkansızlıq, yoxsulluq, ümidsizlik, bir də sabaha olan inamsızlıq. Onlarla problemləri haqqında danışmağa ehtiyac yox idi, günəşin yandırdığı üz cizgiləri həyatlarından danışırdı. Ümidin və çarənin bitdiyi bir dünyada yaşayırdılar. Onların kədərli üzləri keçən əsrin əvvəllərində neft quyularında ovucları ilə neft çıxaran, bir gün də o qara qızılın içində boğulan insanların üzlərinin təkrarı idi. Həmin üzlər o gün Balaxanıda deyil, Qarsda qarşıma çıxmışdı.

Müəmmalı şəhərdə qarşılaşdığım növbəti maraqlı hadisə Azərbaycanın bu şəhərdəki konsulluğunda baş verdi. Konsulluq binası təsadüfən qarşıma çıxdığı üçün qanım qaynadı və binaya girib məsullardan biri ilə söhbət etmək istədim. Nəzarətçi polis görəvlisi qısa telefon danışığından sonra məni içəri buraxdı. Və mənim üçün unudulmayan hadisə həmin binada baş verdi. Belə ki, konsulluğun yüksək çinli məmurları məni çox mehribanlıqla qarşılayıb kef-əhval tutdu və iş vaxtının bitməsinə rəğmən xoş əhval-ruhiyyə ilə mənə qonaqpərvərlik göstərdilər. Bu hadisə Qarsda yaşadığım unudulmaz anlardan biri oldu.

Qarsda son saatlarımda mən də hüznlü idim, pəncərənin o biri üzündə İstanbulu sularında batıran yağış Qarsa gəlmişdi. Narahat idim, üzülürdüm pəncərənin bu üzündə. Qarsdan – 1 həftə öncəyədək sirli görünən, indi isə sanki uşaqlıq dostum kimi doğma olan bu şəhərdən ayrılırdım. Məni doğan, amma doğumundan bəri mənə yad olan şəhərə - Naxçıvana gedirdim.

Şərhləri göstər

XS
SM
MD
LG