Keçid linkləri

Türkiyə-Ermənistan münasibətlərində yeni situasiyanın yaranması Qarabağ münaqişəsinin həllinə necə təsir göstərəcək? Oktyabrın 10-da iki ölkə arasında əməkdaşlıq protokolları imzalanarkən Azərbaycanın milli maraqları nə dərəcə də nəzərə alınacaq? Bu suallar tək siyasi dairələri deyil, cəmiyyətinin geniş spektrini də düşündürür. Amma sadə azərbaycanlının emosiyası tək siyasi proseslərin təsirindən deyil, eyni zamanda sosial qayğılarının artmasından da tarıma çəkilib. Belə ki, sel sularının evsiz qoyduğu neçə-neçə rayonun sakinləri dövlətdən yardım gözləyir, çoxları təbii fəlakətin təkrarlanmasından ehtiyat edərək evlərində deyil çöllərdə gecələyir. Bir sözlə Azərbaycanda siyasi və sosial qayğılar artıq çoxdan gərginlik həddinə çatıb.

RUMINİYAYA GƏZLƏNİLMƏZ SƏFƏR

Belə bir gərgin vaxtda prezident İlham Əliyev Rumıniyaya səfər edir. Doğrudanmı Rumıniya Azərbaycan üçün bu qədər əhəmiyyət kəsb edir? Ola bilər son 5 ildə 6 dəfə səfər etdiyi bu ölkəyə xüsusi ehtiramı var, amma, gərginlik məngənəsində ölkəni tərk etmək kiməsə hizmət göstərməkdən çox öz xalqına etinasızlıq əlaməti kimi də görünür.

Əvvəllər də belə olmuşdu. Elə Gürcüstan - Rusiya müharibəsini də o, Çindən müşahidə etmişdi. Bundan bir qədər əvvəl Rusiya ilə münasibətlərdə problemlər var idi, Rusiya Azərbaycana qaz satışını dayandırmışdı. Ölkənin böyük bir hissəsi qazdan məhrum olmuşdu.

Amma Heydər Əliyevin hətta kiçik bir büstünün açılışına gedən İlham Əliyev qazla bağlı nəinki Rusiyaya səfər etmədi, hətta bu ölkənin prezidenti ilə telefonla da danışmadı. Əhali həmin vaxt qazın olmaması ucbatından çox çətinlik çəkdi. İndi fələyin çarxı tərsinə fırlanır. Artıq Rusiya Azərbaycan qazı almaq üçün minnətçi düşüb. Elə Azərbaycan xalqının özü də bu ovqatı yaşayır. İndi qaz var, amma İlham Əliyev onu xaricə satmaq fikrindədir və bu məqsədlə «əlverişli kommersiya şərtləri» təklif edən ölkə axtarır. Yerli əhaliyə isə qışı keçirmək üçün odun almaq təklif edilir. Çox güman ki, bunun sosial nəticəsi olmasa da, hər halda ekoloji nəticələri olacaq. Ölkə rəhbərliyinin xeyir-duası ilə bəzi iş adamları meşələri qırıb qurtaracaq.

QAZ SATAN ÖLKƏNİN ODUN TƏDARÜKÜ

Hələlik sosial və ekoloji siyasət bir qədər arxa plana keçib. Baxmayaraq ki, onlar da müəyyən mənada aktualdır. Məsələn, bir sıra mütəxəssislər yenidən Qəbələ RLS-ni ekologiyaya vurduğu ziyana bağlamaq təklif edirlər. Onların fikrincə, RLS Azərbaycana hərbi məqsədlər üçün gərək deyil, eləcə də onun iqtisadi səmərəsi də çox azdır.

Azərbaycanın bu stansiyanın istismarından aldığı gəlir onun üçün indiki vaxtda qəpik – quruşdur. Siyasi aspektə gəldikdə isə bu stansiya ölkə üçün baş ağrısından başqa bir şey deyil. Bir sözlə, mütəxəssislər artıq neçənci dəfədir ki, RLS-lə bağlı öz fikirlərini bildirirlər, indi söz hakimiyyətindir. Amma qeyd etdiyimiz kimi hazırda elə bir vəziyyət yaranıb ki, RLS heç hakimiyyətin yadına da düşmür.

10 OKTYABR VƏ XARİCİ SİYASƏT

Hakimiyyət günləri sayır. Hamısı oktyabrın 10-nu gözləyir. Düzdür, bu məsələdə də müəyyən problemlər yaranıb. Ermənistan prezidenti sərhədlər açılmayana qədər Türkiyəyə səfər etməyəcəyini deyir. İndi bu məsələ ciddi şəkildə diqqət mərkəzində olan hadisədir.

Beləliklə, Azərbaycanın xarici siyasəti və Qarabağ probleminin həlli ilə bağlı yürütdüyü siyasət iflasa uğrayıb. Bir-iki Afrika dövlətindən və ola bilsin, Rumıniyadan başqa müttəfiq belə qalmayıb. Bu yaxınlarda hakimiyyətin qanını qaraldan daha bir hadisə baş verdi. Avropa Şurasının baş katibi vəzifəsinə norveçli seçildi. Norveç azsaylı ölkələrdən biridir ki, həmişə Azərbaycandakı demokratik proseslərə çox həssaslıqla yanaşır.

Amma bu hələ son deyil. Hakimiyyətə sərf edən bəyanatlar da eşidilir. Bu günlərdə ABŞ dövlət katibinin sabiq müavini Riçard Armitac proqnoz xarakterli fikir söylədi. O dedi ki, ABŞ daha insan haqları və demokratiya ilə bağlı digər ölkələrin daxili problemlərinə qarışmayacaq...

Sonda qeyd edək ki, Azərbaycanın hakimiyyət təmsilçiləri siyasəti oyuna bənzətməyi sevirlər. Amma indi oyun alınmır. Görən nə olub? Yaxşı oynamırlar, yoxsa meydan yoxdur? Sadə Azərbaycan vətəndaşı isə sosial-siyasi gərginlik içərisində dövlətindən imdad gözləyir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG