Keçid linkləri

ŞAHSEVƏNLİK HARADAN QAYNAQLANIR?

Deyilənə görə, Məhəmməd Əmin Rəsulzadəyə bir neçə dəfə ADR-in prezidenti olmağı təklif ediblərmiş. Amma o, hər dəfə belə təklifləri rədd edirmiş və səbəb kimi də «millətimiz onsuz da şahsevəndir» - deyirmiş... Hətta bir qədərə uzağa getsək şahsevənliyin izlərini Nizami Gəncəvinin timsalında tapmaq olar. Nizaminin bütün yaradıcılığı ədalətli və mütərəqqi şah axtarışına həsr edilib. Elə sonrakı dövrlərdə də bu ənənələr unudulmayıb.

Bu, tarixdir. Amma məsəl var deyirlər ki, keçmişini mənə de, gələcəyini sənə deyim. Bu tezis bir qədər mübahisəli olsa da, ən azı politalogiya da özünü kifayət qədər doğruldur.

Günümüzə gəldikdə isə hamı təsdiq edir ki, Sabirin və Mirzə Cəlilin əsərləri həvəslə oxunur. Bir tərəfdən klassik ədəbiyyata bu qədər hörmət gözəldir. Amma adları çəkilən sənətkarların təsvir etdiyi Azərbaycan və azərbaycanlı obrazı öz aktuallığını saxlayırsa, deməli biz dəyişməmişik, necə varsa elə də qalmışıq. Bu, adamın ürəyini ağırıdır, amma nə etmək olar ki? Bir qədər dərinliyə baş vursaq bizim inkişafı ləngidən daha bir neçə amil var. Buna misal olaraq qismət və səbir kateqoriyalarını göstərmək olar. Amma bu haqda bir qədər sonra. İndi isə bu günümüzə qayıdaq...

BU GÜN NƏ BAŞ VERİR?

Azərbaycan daha bir bahalaşma zolağına qədəm qoydu. Heç kimə məlumat vermədən və məsləhətləşmədən metroda gediş haqqı üç dəfə qaldırıldı.

Həmişə olduğu kimi bu dəfə də İlham Əliyev kənara çəkildi, bahalaşma ilə bağlı hər hansı şərh vermədi. Yadınızdadırsa böyük bahalaşma zamanı o, ümumiyyətlə Azərbaycanda olmamışdı. Sanki İlham Əliyev kənara çəkilib ictimai rəyi öyrənir və həm də şahsevənlərin ovqatını izləyir. İctimai rəy isə çox zəifdir. Narazılıq var. Amma bu aktiv narazılıq deyil.

Şahsevən psixologiyası indi də öz işini görməkdədir. Kimi dindirirsən narazılığını bildirir və bir qayda olaraq «başqası guya bundan yaxşı prezident olacaq?» kimi sual verirlər. Üstəlik, şahsevənlikdən irəli gələn başqa stereotiplər də işə düşür. Artıq neçənci dəfədir ki, belə ovqat müşahidə edirik! Hamı danışır, danışır və axırda qayıdır ki, «prezident yaxşıdır, amma ətrafı pisdir, onu işləməyə qoymurlar»...

Artıq neçənci dəfədir ki, belə siyasi nəğmələri eşidirik! Amma deyəsən çox eşidəcəyik, çünki xislətimiz budur – biz şahsevən millətik...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG