Keçid linkləri

Təcili xəbərlər

Düşük şoulara məhkum


«Bəlkə Çin təcrübəsindən yararlanaraq Azərbaycanın Den Syaopini olasınız? Azərbaycanda bu cür islahatların təşəbbüskarı kimi çıxış etmək gücü bir sizdədir, bir də Azərbaycanın prezidentində»
«Bəlkə Çin təcrübəsindən yararlanaraq Azərbaycanın Den Syaopini olasınız? Azərbaycanda bu cür islahatların təşəbbüskarı kimi çıxış etmək gücü bir sizdədir, bir də Azərbaycanın prezidentində»

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsindən sonra Azərbaycan mediasında şoular mövzusu yenidən gündəmə qayıdıb... Azərbaycan əhalisinin böyük bir kəsimi Azərbaycan televiziyalarından faktiki olaraq üz döndərdikdən sonra. Belə məlum olur ki, Azərbaycandakı iqtidar mənsublarının da xoşuna gəlmirmiş Azərbaycan şoularının düşüklüyü.

Azərbaycan mediasının indiki durumu xeyli mənada ölkədə mövcud olan siyasi rejimin kənar effektlərindən biridir. Bütün avtoritar rejimlər ölkələrində hökm sürən zülmü və əsarəti toy-bayram effekti ilə pərdələməyə çalışırlar.

Azərbaycanda çoxları Yeltsin dövrünün televiziya verilişlərini xatırlayır. Rusiya televiziyası sözün əsl mənasında dünya səviyyəli media professionalizmi nümayiş etdirirdi. Putin dönəmində isə hər şey dəyişdi. 2004-cü ildə Putinin ikinci seçkiləri vaxtı Rusiya televiziyası seçki günü qəribə bir reportaj yayımladı: hansısa regionda seçki məntəqəsinin önündə əhali qarmonla, çal-çağırla seçkiyə gedirdi. Simptomatik hal idi. Rusiyada seçkilər şou ilə pərdələnməsinə ehtiyac olan bir siyasi prosesə çevrilirdi.

ŞOU MƏNTİQİ

Bəzən deyirlər ki, rejimlər bunu bilərəkdən edir, xalqın başını qatmaq üçün. Ola bilər. Amma bu prosesin daha sadə izahı var: Elektron media ən operativ xəbər vasitəsi kimi ənənəvi roluna görə cəmiyyətdə hakimiyyət üzərində ictimai nəzarət funksiyası həyata keçirir. Əhali də öz problemləri ilə maraqlandığı üçün bu problemləri işıqlandıran televiziyalara da baxır. Azərbaycanda da belə idi. ANS-ın ən populyar verilişləri «İç Xəbər» və «Nəzər Nöqtəsi» öz siyasi azadlıqları çərçivəsində əhalinin müəyyən problemlərini işıqlandırırdılar.

İndi təsəvvür edin ki, belə bir media qurumunun rəhbəri elə siz özünüzsünüz. Məmurlara toxunmaq olmur: Biri deyir «dur, rədd ol», o biri ümumiyyətlə deyiləsi mümkün olmayanı parlamentdə deyir, üçüncüsü isə heç nə demir, üstünə vergi yoxlaması göndərib təşkilatı bağlanmaq təhlükəsi qarşısında qoyur. İstənilən ictimai problem isə hansısa bir məmurun məsuliyyət sferasına daxildir. Özün deyə bilmədiyini bir müxalifətçiyə dedizdirmək üçün müzakirə şouları açırsan, deyirlər bağla. Təklif formasında ekspert müzakirələri səviyyəsinə enirsən (artıq dinləyici itirirsən), sənə təzyiqlər edilir ki, ekspertlərə yox, məddahlara söz verəsən. Ümumiyyətlə xəbər işi təhlükəli bir işə çevrilir, efiri də nə iləsə doldurmaq lazımdır.

Ən təhlükəsiz proqramlar kimi əyləncə şouları televiziyada ayaq açır və tədricən digər «təhlükəli» verilişləri sıxışdırıb aradan çıxarır. Bu arada da rejimin təzyiqi ilə bir neçə əlavə addım atıb rejimin mədhində və onun düşmənlərinin ayaqlanmasında iştirak da edirsən, əhali arasında olan-qalan hörmətin də nifrətlə əvəzlənir. Qalırsan tənqidə həssas rejimlə təkbətək. İndi maraqlı veriliş hazırla, görüm alınarmı?

ARTAN DEQRADASİYA MƏNTİQİ

Avtoritar rejimlərdə məmur davranışının vacib bir özəlliyi var: Adi davranışdan açıqfikirliliyə, liberalizmə sapan istənilən addım böyük risk daşıyır. Adi normadan daha dar təfəkkürlü davranışa sapma isə xeyli təhlükəsiz olur (uzaqbaşı, rəhbərlik zəng edib deyir ki, filan aksiyaya, verilişə, görüşə və s. icazə vermək olar). Buna görə də aydın olmayan bir məsələdə seçim qarşısında qalanda məmur ikinci yolu seçməyə meylli olur.

Liberal davranışlı məmurlar isə vəzifə savaşında dar düşüncəli məmurlara əvvəl-axır uduzurlar. Rusiyada da belə olub, Azərbaycanda da. Nəticədə rejimin kadr potensialı getdikcə deqradasiyaya uğrayır. Əvvəl ancaq rejimin təhlükəsizliyi üçün vacib hallarda tətbiq edilən qadağalar sonradan dar təfəkkürlü məmurlar tərəfindən yeri gəldi-gəlmədi tətbiq edilərək cəmiyyəti sıxmağa başlayır və... cəmiyyət əyri güzgülər krallığına doğru sürünür və süründükcə ölkədəki proseslər daha gülünc xarakter almağa başlayır.

XƏSTƏLİKLƏ, YOXSA ONUN SİMPTOMLARI İLƏ MÜBARİZƏ

Ramiz Mehdiyevin media şoularını tənqid edən məqaləsi Azərbaycanı bürümüş xəstəliyin simptomları ilə inzibati qaydada vuruşmaq cəhdidir. Məsələnin kökü isə cəmiyyətimizi bürümüş xəstəliyin özündədir və onun adı avtoritarizmdir. Azərbaycan hökuməti bir çox başqa məsələlərdə də eyni metoddan istifadə etməyə çalışır, məsələn, məmur özbaşınalığı ilə vuruşa bilməyən rejim ölkəyə həddən ziyadə bahalı maşınların gətirilməsini qadağan etməklə, guya problem həll etməyə çalışır. Axı məsələ kiminsə bir milyon dollarlıq maşını sürməsində deyil. Problemin kökü məmurların bu maşını almaq gücünə sahib olmasındadır.

Azacıq azadlıq dərmanı minlərcə bu cür inzibati metoddan daha müsbət nəticə verə bilər. Sadəlövh səslənmək istəmirəm, amma məncə Ramiz Mehdiyevə müraciət etməyin mənası var: Azərbaycan hökumətinin ən bacarıqlı məmuru sayılırsınız. İndiyəcən göstərdiyiniz fəaliyyət Azərbaycanın indiki durumunu yaradıb. Xoşunuza gəlmir, deyəsən. Bəlkə ÇiFn təcrübəsindən yararlanaraq Azərbaycanın Den Syaopini olasınız? Azərbaycanda bu cür islahatların təşəbbüskarı kimi çıxış etmək gücü bir sizdədir, bir də Azərbaycanın prezidentində.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG