Keçid linkləri

Təcili xəbərlər

Ac insan deyil, insan problemi var



Bəzən haqsızlıq kimi görünən şey əslində ilahi ədalət nümunəsidir. Sadəcə onu dərk etmək gücünə malik deyilik və ya fərqliliklər içində eyniliyi görə bilmirik.

Azərbaycanda işləyən əcnəbilərin əmək haqları yerli işçilərlə müqayisədə gözə çarpacaq dərəcədə artıqdır. Bu, qıcıq yaradır təminatsız, yoxsul azərbaycanlıda. Bir ingilis işçisinin aldığı əmək haqqının bir neçə dəfə azını alır həmin işi görən azərbaycanlı.

Qəbul olunmazdır bu, insanlarımız üçün. Çox dözülməzik bu cür üzdə ədalətsiz görünən, amma kifayət qədər normal olan hallara.

Müqayisə edirik iki fərqli toplum insanının əmək haqlarını, amma daha dərinə gedib onların həyata baxışlarını, gündəlik yaşamlarını, ailə quruluşlarını, onları əhatə edən nə varsa hamısı ilə birlikdə özlərini müqayisə etmirik. Görünənlə kifayətlənirik, buna görə də müqayisələrimiz bəsitdir.

Müqayisələr analitik təfəkkürü formalaşdırır, monolitliyi dağıdır və rəngli dünya içində inkişaf yaradır yeknəsəq toplumda. Amma müqayisə tərəfləri, mövzuları düzgün seçilməzsə nəinki inkişaf olmaz, əksinə özünü gülünc obyektinə çevirər.
Bu şəhərdə maşınlar səkilərdə parkinq edir, insanlar maşın yolunda yürüyür...


Böyük bir imperiyanın nümayəndəsi ilə torpaqları işğal altında olan dövlətin vətəndaşının əmək haqlarının məbləği müqayisə olunanda abırlı insan utanır öz-özlüyündə. Elə tərəfləri müqayisə edirik ki, ikinci birincinin keçmiş zamanıdır, 5-10 əsr geridə qalan tarixidir. Bu tərəflərin nəinki əmək haqları, hətta yaşayış yerləri, udduqları oksigen belə eyni olmamalıdır. Onlar bir-birilərinə sadəcə insan qiyafəsində olduqları üçün bənzəyirlər, yoxsa tamamilə başqa zamanın məhsullarıdır. İndi ədalət naminə onlar arasında bu sədləri qaldırıb «niyə eyni imkanlara malik deyillər?» demək elə ədalət anlayışının özünə ədalətsizlikdir.

Çünki birinci tərəf hələ 17-ci əsrdə «Habeas corpus» qanununu həyata keçirərək insanı qanundan, insan azadlığını kralın iradəsindən üstün saydığını sübut etdi. İkinci tərəf isə hamının aid olduğu obyektiv reallığı ilə güzgünün qabağındadır.

Sadəcə güzgünün səthini toz basıb, heç nə görünmür.

Yaşadığımız toplumda «insan» problemi var. İnsanların ac və ya tox olması deyil, insanların təfəkküründə, təhtəlşüurunda «insan» məfhumunun olmamasıdır, «insan»a dəyər verməməsidir əsil problem. Hər şeyin standart dəyəri var yaşadığımız ölkədə, amma dəqiq qiyməti olmayan şey «insan»dır.

Bakının mərkəzi – Fəvvarələr meydanı, Nizami küçəsində təmir işləri aparılır, binaların üzləri təmizlənir. Bu cəmiyyətdə insanın nə qədər dəyərsiz və tərkedilmiş bir varlıq olmasını anlamaq üçün bu küçədə 1 saat gəzmək yetərlidir. Kimsə gəlib haranısa açacaq və ya hansısa binanın qarşısından keçəcək deyə gərgin iş gedir. Fəhlələr çox yüksəkdə işləyirlər, onların heç birində qoruyucu kəmərlərə rast gəlməzsiniz. Özünə dəyər verməyən insan yırtıcıdır başqasına. Öz həyatına biganə olan bu insanlar aşağıdan keçən insanların həyatınınmı qeydinə qalacaq? Bu fəhlələr bina divarlarına illər boyu hopmuş çirki, tarixin üz qabığını təmizləyirlər. Binalar üzünü tez-tez dəyişir bu şəhərdə, amma dəyişilməyən insan üzüdür.

Binaların başında iş aparılır, nələrsə sökülür, amma aşağıdan keçən insanların təhlükəsizliyi üçün heç bir tədbir görülmür. Daşkəsən maşınlarla daşlar kəsilir yoldan keçən insanların arasında. Təmir olunan ərazilərlə insanların istirahət etdiyi, yemək yedikləri, çay içdikləri kafelər, çayxanalar arasında məsafə bir neçə addımdır. İnsanlar çay içir, amma içdikləri çayın üzəri tozla bağlıdır. Və ya siz yolüstü bir «hot doq» alırsınız, üzərinə sous tökəndə görürsünüz ki, artıq onun üzəri toz-torpaqla örtülüb. Bu insana qiymətdir cəmiyyətimizdə. Bu şəhərin insanı isə çox sakitdir.

Bu hallar hər yerdə müxtəlif adlarla yaşanır. Elə bir toplumda yaşayırıq ki, insan əli hiss olunmur quruluşda, meşə qanunları instinktivdir, hər yerdədir bu qanunlar: binalardadır, evlərimizdədir, küçələrdədir, nəqliyyatdadır, minik avtobuslarındadır, məktəblərdədir, Nazirlər Kabinetindədir, hər yerdədir.

Bu şəhərdə maşınlar səkilərdə parkinq edir, insanlar maşın yolunda yürüyür. Bu vəziyyətdə maşın altına düşən insanın dəyər ölçüsü nədir?

Biz isə özümüzü ingilislə, almanla, italyanla müqayisə edirik. Londonda bunlara rast gəlmək olarmı? Səkidə maşın saxlansaydı, insanlar səkidə deyil, təhlükə altında maşın yolunda hərəkət etsəydi, yoldan keçərkən başına nəsə düşsəydi onlar Londonu tərsinə çevirərdilər. Necə ki, hələ 17-ci əsrin ortalarında özbaşına kralları 1-ci Çarlzın başını kəsdilər. Bizdə isə miskin vətəndaşın real siyasi görüşü belədir: «Prezident əslində çox yaxşı adamdır, sadəcə ətrafındakılar işləməyə imkan vermir». Bir baxın, görün özümüzü kimlərlə müqayisə edirik?

Nizami küçəsində bir mənzərə diqqətimi çəkdi: fəhlə daşkəsən maşınla daşı kəsir və zamanını keçirərək saat satan kişi boz toz dumanının arxasından ona nisgillə tamaşa edir.

Zamanın durduğu paraleldə yaşayırıq. Ciddi müqayisələr səhnələrdə edilir ki, insanları güldürüb əyləndirsin. Belə deyilsə bu ölkədə zaman haradadır?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG