Keçid linkləri

14 oktyabra gedən yol


Ermənistan İnqilab Federasiyasının üzvləri Türkiyə-Ermənistan sazişinə etiraz edirlər, 15 sentyabr 2009

Ermənistan İnqilab Federasiyasının üzvləri Türkiyə-Ermənistan sazişinə etiraz edirlər, 15 sentyabr 2009

SARKİSYAN DİASPORA İLƏ DİL TAPA BİLMİR

Oktyabrın 14-də Ermənistanın və Türkiyənin Xarici İşlər nazirləri arasında müvafiq protokolların imzalanmısına qədərki vaxtı Ermənistanın prezidenti Serj Sarkisyan diaspora ilə görüşlərə sərf edir.

Ancaq artıq bir faktı qeyd etmək olar ki, görüşlər arzu edilən nəticəni vermir, hətta xaricdə yaşayan ermənilər Sarkisyanın qaldığı mehmanxananın qarşısında toplaşaraq böyük bir etiraz aksiyası keçirdilər. Diaspora «soyqırımı» iddialarında güzəştə getmək istəmir. İndi xaricdə yaşayan ermənilərin böyük əksəriyyəti Sarkisyanı «tarixi satmaqda» günahlandırırlar.

Ermənistanın siyasəti diasporun və kilsənin münasibətindən çox asılıdır. Sarkisyan nə mümkündürsə onu edir ki, qeyd olunan institutlar ondan razı qalsınlar. Onun problemi çoxdur. O, ordudan böyük siyasətə gəlib və elə bu səbəbdən güman etmək olar ki, ordu və digər güc strukturları hələ onu müdafiə edəcək.

Bəla burasındadır ki, Sarkisyanın bir prezident kimi legitimlik ehtiyatı bir o qədər böyük deyil. O, 50 faizdən bir qədər artıq səslə hakimiyyətə gəlib. Əsas müxalifət partiyası hətta bu göstəriciləri də şübhə altına alır və onun seçki saxtakarlığı vasitəsilə meydana çıxdığını bildirirlər. Seçkidən sonrakı qanlı toqquşmalar da unudulmayıb.

İndi Sarkisyan bəyan edir ki, sərhədlərin açılmayacağı təqdirdə Türkiyəyə futbol matçına tamaşa etməyə getməyəcək. Amma bu vəd də nəzərə alınmır. Türkiyə isə protokolların qeyd-şərtsiz, heç bir güzəşt olunmadan imzalanacağını bildirir.

Azərbaycanda isə hər şey öz axarı ilə gedir. Hətta kiçik etiraz aksiyaları da keçirilmir. Hərdən Türkiyənin yürütdüyü siyasətlə bağlı hamı öz gileyini bildirir və daha çox oktyabrın 14-nü gözləyirlər. Amma bütün bunlarla bərabər Bakıda digər proseslər də baş verir ki, onları qeyd etməmək olmur.

SAMMİT

Türkiyə kimi müttəfiqi faktiki olaraq itirən rəsmi Bakı türk dövlətlərinin sammitini keçirdi. Amma burada bir irəliləyişi qeyd etmək vacibdir. Nəticəsindən asılı olmayaraq türk dövlətlərinin sammitinin Naxçıvanda keçirilməsi ağıllı adım idi. Bunu 3 səbəbdən düzgün addım hesab etmək olar. Birincisi, Türkiyə prezidenti də daxil olmaqla türk dövlətlərinin bir hissəsi Naxçıvanda toplaşdı. İkincisi, bir daha nəzərə çatdırıldı ki, təcrid olan təkcə Ermənistan deyil, türk torpağı olan Naxçıvan da çoxdan Ermənistan tərəfindən blokadaya alınıb. Üçüncüsü, sammitdə bir daha Azərbaycanın ərazi bütövlüyü müdafiə olundu. Bəlkə bunu da qeyd etmək yerinə düşər ki, türk dövlətlərinin Şurası yaradıldı. Sonuncu amillə bağlı onu da vurğulamaq vacibdir ki, türk dövlətlərinin avtoritar liderlərinə çox da inanmaq olmaz. Onlar bu gün burada Şura yaradır, sabah isə Şanxay təşkilatının növbəti toplantısına qatılacaqlar.

BƏS QARABAĞ?

Artıq bildirilib ki, Türkiyə ilə Ermənistan arasındakı dialoq Qarabağ probleminə paralel şəkildə həyata keçiriləcək, yəni bunlar ayrı və müstəqil problemlərdir.

Rəsmi Türkiyə əvvəl bildirirdi ki, Azərbaycanın maraqları mütləq nəzərə alınacaq. İndi isə deyirlər ki, Azərbaycanın maraqlarını nəzərə almağa çalışacaqlar...

BƏS SONRA?

14 oktyabr da gəlib keçəcək. Bəlkə də artıq bütün cəmiyyət üçün o keçib gedib. Bilmək olmur ki, çağdaş azərbaycanlını ən çox nə düşündürür? Metroda gediş haqqı, yoxsa Qarabağ problemi və yaxud Türkiyə ilə əlaqələr?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG