Keçid linkləri

MOLDOVA GÖRÜŞÜNDƏN NƏ GÖZLƏMƏK OLAR?

Azərbaycanda siyasi prosesləri izləmək tapmaca tapmaq kimi bir şeydir. Daim informasiya qıtlığı hiss edirsən. Bu baxımdan Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşü, bunun ardınca isə Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması istisnalıq təşkil etmir.

Prezidentlərin Moldova görüşü haqqında nə demək olar? Ən azı onu demək mümkündür ki, bu görüşdə ciddi bir razılıq əldə edilsəydi və yaxud sənəd imzalansaydı belə, bir mühüm hadisə üçün başqa ünvan seçilərdi. Üstəlik, bunun MDB dövlətlərinin qeyri–rəsmi görüşündə baş verməsi də o qədər də ağlabatan iş deyil.

Hamı bilir ki, Minsk Qrupunun həmsədrləri arasında bir rəqabət var. Onların hər üçü çalışır ki, prosesdə öz ölkəsini önə çıxarsın.

Elə bu səbəbdən belə hadisə ya Moskvada, ya Parisdə, ya da Vaşinqtonda
baş verə bilərdi. Yəqin ki, vaxtilə Parisdəki və Ki-Uestdəki görüşlər oxucuların yadındadır. Sözsüz ki, bütün bunlar ehtimallardır. Amma bir daha qeyd etmək olar ki, qeyri-rəsmi görüşdə prezidentlər arasında şifahi razılaşma ola bilər. Fəqət Ermənistan prezidentinin diaspora ilə apardığı görüşlər ciddi nəticəyə gətirmədi, diaspora razılıq vermədi. Elə bu səbəbdən Serj Sarkisyanın iki istiqamətdə güzəşt etməsi bir o qədər də inandırıcı görünmür.

TÜRKİYƏ AZƏRBAYCANI DÜŞÜNMƏK İQTİDARINDA DEYİL

Türkiyədən gələn informasiyalar da xaotik təsir bağışlayır. Xarici İşlər naziri inandırmağa çalışır ki, Azərbaycanın maraqları nəzərə alınacaq. Amma Baş nazir bəyan edir ki, Türkiyə ilə Ermənistan arasında məşhur protokolların imzalanması Moldovadakı görüşdən qətiyyən asılı deyil və Kişinyovda nə baş verəcəyindən asılı olmayaraq iki dövlət arasında protokollar mütləq imzalanacaq.

Göründüyü kimi, Türkiyə özünü Azərbaycandan asılı olmayan tərzdə büruzə verir. İndi Türkiyəni narahat edən bir məsələ var ki, o da diaspora ilə görüşlərdən sonra Yerevanın protokolları imzalamaqdan çəkinməsi və yaxud Ermənistanın protokolların mətnini dəyişə bilməsidir.

Moldova görüşündən qabaq işğal olunmuş yeddi rayonun Ermənistan tərəfindən boşaldılması söhbətləri gəzirdi. Ancaq bu da böyük bir sazişin tərkib hissəsi ola bilərdi. Dağlıq Qarabağdan kənarda yerləşən rayonları Ermənistan gələcək razılaşmalarda əlavə təzyiq üçün işğal etmişdi. İndi qəribə mənzərə yaranıb. Azərbaycanda yeddi rayonun boşaldıla biləcəyindən danışırlar, Ermənistan isə həmin rayonlarda hərbi təlimlər keçirir.

Hər halda iki gün, hətta bir həftə və yaxud bir ay heç də böyük müddət deyil. Çox yaxın müddətdə hər şey aydın olacaq. Sadəcə bir az gözləmək lazımdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG