Keçid linkləri

Təcili xəbərlər

Cey Lo...


Cenifer Lopes

Düz bir həftədir ki, bu başlıq beynimi yeyir, mənə rahatlıq vermir. Unut deyirəm, nə borcuna deyirəm, o hara, sən hara deyirəm? Heyhat, beynim yenə öz bildiyindədir. Heç bir mövzunu yaxına buraxmır. Elə mən də varam deyir, məni unutma deyir, məni yaz deyir...

O məşhur şadlıq sarayında olacaq toyların xəbəri saytlarda, qəzetlərdə işarandan bu haldayam. Filankəs oğluna toy çaldırır, məclisə filankəslərin gəlişi gözlənilir. Toyda adlı-sanlı filankəsin oxuyacağı gözlənilir. Ziyafətə yüzlərlə qonağın qatılacağı gözlənilir. Son vaxtlar adı dillərdən düşməyən o bakılı milyonçu da qonaqların sırasında olacaq. Yox, gəlməyəcək. Onu Bakıda tuta bilərlər. Son anda bu barədə xəbər alan milyonçu gəlişini ertələyib. Yox, gələcək, o öz yaxın qohumuna da həmin sarayda, həmin ayın 16-da toy çaldırcaq. Vaxtilə onun ad günündə oxuyan Cenifer Lopes (JLo) bu dəfə də məclisdə olacaq. Nələr yazıldı, nələr deyildi...

CEY LO BAKIDA!


Amma gözlənilən birinci toy baş tutdu. Toyda 700 qonağın iştirak etdiyi xəbəri də yayıldı. Üstəlik, deyilənə görə, həmin bakılı milyonçu da toya qatıldı. Hətta yalan-gerçək o ulduz müğənninin gələnlər arasında olduğu da söyləndi...Xoşbəxt olsunlar! Amma mən yazmağacağam. O qədər yazanlar olacaq ki («Bir az fikrini dağıt» – deyirəm özümə)... Toy demişkən, qarşıdan toylar gəlir, gör neçəsinə dəvətlisən. Get özüvə bir şey al, alış-veriş yap, fikrin dağılsın...

Nədən başlamalı, nəyim var, nəyim yoxdur - deyə çək-çevir edib əlimi sevindirmək qərarına gəldim. Uzun illər Bakının ən böyük ticarət mərkəzi sayılan Mərkəzi Univermağa yollandım...

ÜZÜK

Füzuli meydanında avtobusdan düşdüm. Gözüyumulu gedə biləcəyim bir məkanı avtobusla niyə dövrə vurmalıydım ki? Uzun illər burda yaşamışam, axı. Bax, Füzuli heykəlinin arxasında, küncdə yerləşən o böyük parça mağazası bayaq haqqında danışdığım həmin milyonçunun atasının imiş. Daha düzü, kişi orda müdir işləyirmiş. Gələcək milyonçu da atasına ticarət işlərində kömək edirmiş. Əgər indi yazsam ki, mən o kişini xatırlayıram, inanmayacaqsınız. Oğlunun indiki görünüşü ilə, ancaq bir az qaş-qabaqlı, üzgün. Amma oğlu yaman optimistdir. Vəziyyəti necə mürəkkəb olsa da, hər zaman gülümsər pozalar verir. Ata isə sovet dükanında metrə ilə parça satdırırdı. Fərq olmalıdır, ya yox? Atanın heç ağlına gələrdimi ki, gələcəkdə oğlu onun adına əzəmətli bir saray ucaldacaq? Uşaqlarınızdan muğayat olun!

Hə, deyəsən mətləbdən yayındım. Univermağa gedirəm, axı. Çoxdandır orda olmamışam. Nə qədər isti xatirələrim var bu məkanla bağlı. Geyinməyə fərli heç nə tapılmayan Sovetlər məmləkətində «ÜUM»dan, əlaltından aldığımız paltarlarla xoşbəxt olduğumuz vədələr gəlib düşür yadıma. Ağlımıza gətirə bilmirdik ki, necə ola bilər ki, ürəyin istəyən hər şey göz önündə sərgilənə bilər. Günlərlə ayaq döyürdük, mal gəlib-gəlməyib - deyə tanış satıcıları zinhara gətirirdik. Univermağın 5 mərtəbəsini elə 5 dəqiqədə də çıxıb-düşürdük. Nə gözəl günlər idi. Bir tuflinin, bir ətəyin, bir paltonun varlığı ilə dünyanın xoşbəxti olmaq olurdu. Yoxsa indiki kimi. Həm hər şey var, həm də yoxdur...

BAHALI DÜKANLARIN VİTRİNİ...

Sizə bir şey söyləyimmi? (Yenə üzük yaddan çıxdı!). Lap gənclikdə italyan filmlərinə bayılırdım. Ya Fellininin filmi idi, ya da Antonioninin, dəqiq xatırlamıram. Müharibədən sonrakı Roma göstərilirdi. Aclıq-yoxsulluq...Filmin personajları - ər və arvad hər bazar günü yeganə abırlı paltarlarını geyinib Romanın küçələrini gəzməyə çıxırdılar. Elə bildiniz hava almaq üçün? Yox! Bahalı dükanların vitrinlərinə baxmaq üçün...O vaxkı Romada, eynən bizim Bakının Neftçilər prospektindəki bahalı, əlçatmaz dükanlar kimi, vitrində bahalı və əlçatmaz geyimlər sərgilənirdi. Filmdəki ər-arvad qol-qola girib cansız manekenlərin əyin-başına təkcə baxmaqla xoşbəxt olurdular. Çünki o dövrün Romasında xoşbəxt olmağın bundan savayı yolu yox idi...
Hə, yola davam. Univermağa gedirəm. Özümə dəbdə olan üzük almağa...

DƏNİZ QIRAĞINDAN HÜSÜ HACIYEVƏ...


Sevdiyim küçədəyəm - bakılıların uzun illər Hüsü Hacıyev adlandırdığı küçədə. İndi Azərbaycanla əvəzləyiblər. Niyə Azərbaycan? Bu da dilimizdirmi ki, az qala bir əsrdir ki, elə Vətənin adını daşısın? Rəhmətlik Hüsü Hacıyevi bəyənmirdiniz, bir başqasının adını verərdiniz. Məsələn, elə usta tarzən Bəhram Mansurovun. Bəhram əmi az qala bütün ömrünü (uşaqlığı İçərişəhərdə keçib, Mansurovların orda ayrı cür cah-cəlalı olub) bu küçədə yerləşən evində keçirib. Hər gün bu küçəylə addımlayıb (özüm şahidiyəm), hər gecə «Leyli–Məcnun»u Opera Teatrında müşaiyət edəndən sonra başını aşağı salıb bu daş döşənmiş səkilərdən keçərək evinə qalxıb. Necə ustad çalğıçı olduğunun fərqinə varmadan...

Bu küçədə yerləşən Yazıçılar evində nə qədər ünlü şəxsiyyətlər yaşayıb. Bircəsini deyim -Bəxtiyar Vahabzadə! Hələ bəstəkarları demirəm. Birini deyəcəm - Tofiq Quliyev! Bakının mahnı simvolu! Amma Azərbaycan daha münasib göründü. Küçənin adını dəniz qırağından götürüb dənizə atmayacaqdılar ki?...

BU KÜÇƏNİN İLK ADI «BAZARNI» OLUB


Təxminən 1810-cu illərdən Şamaxı yolu boyu formalaşmağa başlayıb (Şamil Fətullayev). Tədricən karvansaralar qurulub, dükanlar tikilib, yaşayış evləri salınıb.
1884-85-ci illərdə inşa olunmuş «İslamiyə» karvansarası (mehmanxanası)
Zaqafqaziya dəmiryolu işə düşənə qədər şəhərin əsas nəqliyyat damarı hesab olunub. Şamil müəllim bu küçəni hələ də Bakının planlaşdırılmasında və tikilməsində aparıcı əhəmiyyətli yer hesab edir. XIX-XX əsrlərdə burda tikilən 1-2 mərtəbəli evlərlə küçə o dövrün dünya şəhərlərinə xas görkəm alıb. Bu küçədə Həkimov qardaşlarının «Əttar» adlı davaxanası varmış. Ağac kökü, bitkilərdən hazırlanmış cürbəcür təbii dərmanlar satılırmış. Otların ətrindən keçmək olmurmuş burdan (Manaf Süleymanov). Küçə 1950-ci illərdə edilən əsaslı rekonstruksiyadan sonra 5 mərtəbəli milli üslubda tikilmiş binalarla zənginləşib. Təbii ki, 1884-85-ci illərdə inşa olunmuş «İslamiyə» karvansarası (mehmanxanası) saxlanılıb. Memarlıq abidəsi kimi qorunan «İslamiyə» həm də milli operamızın – «Leyli və Məcnun»un yarandığı məkandır. Üzeyir bəy operanı yazanda Bakıda evi yox idi. Ona görə də, qardaşı Ceyhun bəylə burda yaşayıb.

«İslamiyə» ilə az qala üzbəüz qarşı tərəfdə bir neçə ildir ucaldılan yarımçıq binanın qarşısından sükutla keçməkdən başqa çarəm qalmır. Küçənin ruhuna uyğun olmayan bu nəhəng tikilini sanki güclə bura pərçimləyiblər...Yolun sağı ilə getdiyimdən, «İslamiyyə»dən sola - univermaq tərəfə keçirəm...

MƏMLƏKƏT MƏNZƏRƏLƏRİ: QIZI GƏTİR, QIZILI APAR!

- Zövqünüz yaxşı imiş. Halal olsun! Ən gözəlini seçdiz. 100 faiz evdə bəyəniləcək.
Qızıl dəsti alan yaşlı kişi məmnunluqla gülümsünür. Ürəyimdə - nə yaxşı bizdə hələ də ailəsinə ziynət almağı bacaran kişilər qalıb - deyə düşünürəm. Utanmaqdan keçib aldığına baxıram. Bir şey deyil. Necə də tərifləyir! Bütöv bir dəst satılıb, axı. Satıcının kefi o üzdən kökəlib.

- Nə olsun bahalaşıb. Qızıla verilən itmir - bu da satıcının fikridir. Onsuz da aldığından xoşlanan kişiyə son təsəllisini verir.

- Bu, daha gözəldir. Bunu deyən gənc bir kişidir. Qadın onun təklif etdiyini almaq istəmir. Bahadır - deyir. Kişi: - Sənə nə var bahadır? Bəs mən nəyə qazanıram? Bunu götür deyirəm sənə. Yadında saxla, xərcləməsən yeri dolmur! Qadın iri bir qolbağı əlinə alıb son dəfə baxır.

-Yaxşı, razıyam!

- O nəydi, alə! O kişiydi, yoxsa qadın? Nə qədər şeyə baxdı?! Mən uzaqda dayanmışdım. Sən yaxındaydın. Sən Ətağa, kişiydi, qadın? Satıcı cavabı ləngidib mənim uzaqlaşmağımı gözləyir. Uzaqlaşıram. Gülüş səsləri eşidilir...

- Həə, qızı görmüşəm. Anam kənddə anasınnan da danışıb.
- Elçi getməmisiniz?
- Hələ yox. Gəldim, görüm qızıl bazarında vəziyyət necədir? Bir şey ala biləcəm, ya yox?
- Alarsan-alarsan. Harda işləyirsən? Nə qədər maaş alırsan?
- Zavodda fəhlə işləyirəm. 350 manat alıram.
- Allah bərəkət versin!
- Sağ ol. Sən də mənim böyük bacım, kömək eləyin, bir şey alım. Ancaq hələ yox. Bir azdan.
- Noolar. Nə vaxt gəlsən, gözümüz üstə! Sən get, kənddən qızı gətirməyində ol. Qızıl bizdən. Münasib qiymətə verərik.
- Sağ ol, bacı, Allah razı olsun. Qızı gətirməyinə gətirəcəm, qızılı da bir az ucuz eləyin.
- Arxayın ol!

Üzünü çevirib gedən kimi satıcı qızların qəhqəhəsi ətrafı bürüyür. Mən də onlara qoşuluram. Cavan oğlan səsə dönüb gülənlərə hay verir...

CEY LO - BİR GƏLİŞİ MİLYON DOLLAR!

Bu çərşənbə günü axşam saatlarında işdən sonra getdiyim üzük əhvalatı bitmək üzrədir. Üzük alınmadı. Mən də zavodda işləyən gənc oğlan kimi üzüyü müvəqqəti ertələdim. Ancaq onun sifəti, danışıq tərzi, ovqatı gözümün önündən getmir. 350 manata saxlayacağı ailəsi - kirayə pulu, yemək xərci, gələn il dünyaya gələcək balalar, üstəlik alacağı qızıl yuxumu qaçırıb. Yazıq Azərbaycanım...

Hacıqabulu yenə sel basdı. Keçən seldən sonra özünü toparlaya bilməyən, qazsız, köməksiz hacıqabullular yeni bir zərbəyə tuş gəldilər...Bazardan tərəvəz aldığım qadınlar deyirlər ki, verilən köməklər cüzi, vəziyyət pisdir. Üstəlik, qazı da kəsiblər. Sel nəinki «heyvanatı», əkib becərdiklərinin də xeyli hisssəsini yuyub aparıb...

Elə bu yerdə Xaçmazda seldən sonra «heyvanatım getdi» deyibən xəbər proqramlarında nalə çəkən kənd qadınları yadıma düşür...

Elə bu zaman bir nəfərin gəlişinə 1 milyon dollar xərcləyənlər, dəbdəbəli toy çaldıranlar beynimi gəmirir.

Yazmaya bilmirəm. Gücüm buna çatır...

P.S. Ədəbiyyat üzrə Nobel mükafatını alman yazar Herta Miller qazandı. Diktatura rejimində «məhrumiyyətlər içində yaşayışı» təsvir etdiyinə görə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG