Keçid linkləri

SİYASƏTDƏ SƏMİMİYYƏT OLURMU?

Siyasətdə vacib şərt tarazlığı saxlamaqdır. Siyasət heç vaxt panikanı sevmir.

Amma elə hallar olur ki, tarazlığı saxlamaq çox çətin olur. Etiraf etməsələr də indi Türkiyə və Azərbaycan bu durumdadır. Bəlkə də siyasi səmimiyyət bu vəziyyəti sadələşdirə bilərdi, amma siyasətdə yada düşən ən sonuncu məqam elə səmimiyyətdir.

İndi Azərbaycan da, Türkiyə də səmimiyyətdən çox uzaqdır. Azərbaycan Türkiyədən birmənalı dəstək tələb edir. Türkiyə isə məhz birmənalı münasibətdən yayınır. Hamıya məlumdur ki, protokollar müzakirə üçün artıq Böyük Millət Məclisinə təqdim olunub. İndi günün bir sualı var: Bu sənədlər ratifikasiya olunacaqmı? Türkiyə isə bu sualdan yayınaraq müxtəlif ibarələrlə Azərbaycanla dost və qardaş ölkə olduğunu dilə gətirir, hər an Azərbaycanın yanında olacağını bəyan edir.

Üstəlik, Dağlıq Qarabağ problemində müsbət dəyişiklik olmayınca heç bir sənədin imzalanmayacağını bildirir. Amma protokollar hökumət səviyyəsində əlavə şərt olmadan müzakirə edilib və bu sənədlərdə Qarabağın heç adı da yoxdur.

Çox qəribədir ki, protokollar gündəliyə gələnə qədər Azərbaycan rəsmiləri bunun Türkiyənin suveren siyasəti olduğunu bildirir və məsələyə müdaxilə etməkdən çəkinirdi. Birdən sanki Azərbaycan yuxudan ayılmış kimi oldu. Nə baş verdi?

HƏRBİ DOKTRİNANIN LAYİHƏSİ NİYƏ GERİ QAYTARILDI?


Türkiyə ilə Ermənistan arasında dialoq bir neçə ildir ki, davam edir. Çox güman ki, Azərbaycanın bundan xəbəri olmayıb. Daxili siyasətdən fərqli olaraq xarici siyasətdə Azərbaycan daim hadisələrin ardınca qaçıb. Bu məlumatlar Azərbaycan hökumətinə vaxtında təqdim edilməli idi. Bəs bunu kim etməli idi? Təbii ki, Azərbaycanın təhlükəsizlik strukturları. Amma böyük ehtimalla onlar bunu etməyiblər. Azərbaycanın təhlükəsizlik strukturları son vaxtlar daha çox polis orqanlarını xatırladır, elə bil bu təşkilat sahə müvəkkillərindən ibarətdir.

Amma vəziyyətin bu cür olmasında bilavasitə «yuxarı»ların da günahı az deyil. Təsəvvür edin ki, təxminən on beş il bundan əvvəl görülməli iş - ölkənin hərbi doktrinasının qəbul edilməsi yenidən təxirə salınıb. Bu sənəd bu vaxta qədər niyə qəbul edilməyib? Birmənalı şəkildə demək olar ki, hakimiyyət Rusiyadan və İrandan ehtiyat edib. İndi bunu Türkiyə ilə bağlayanlar da var. Bəzi mülahizələrə görə, sənəddə Türkiyə strateji müttəfiq kimi göstərilib. İndiki anda isə Türkiyəyə belə status verilə bilməz. Ən çox narahat edən məqam budur ki, Rusiyanın bu vaxta qədərki israrlı arzusu yerinə yetirilə bilər və Rusiya hərbi doktrinanın hazırlanmasına cəlb edilər. Əgər belə olsa, onda Azərbaycan birmənalı şəkildə bir dövlət kimi Rusiyanın satellitinə çevrilə bilər.

Beləcə, Qafqazın geosiyasi arxitekturası yeni dəyişiklik ərəfəsindədir. Söhbət nədən gedir?

CƏNUBİ QAFQAZDA NƏ DƏYİŞƏ BİLƏR?

«Balanslı siyasət» Rusiyanın ifasında elə asılılıq deməkdir. Rusiya balansı öz üstünlüyü kimi başa düşür. İndi Azərbaycan yol ayrıcındadır. Türkiyəni itirəndən sonra Azərbaycanın balans ehtiyatı daha çox Rusiya və İrandan ibarət olacaq.

Bu vaxta qədər Azərbaycan öz geosiyasi düzümünə görə, Gürcüstanla Ermənistan arasında aralıq yer tuturdu. Gürcüstanın seçimi birmənalıdır, o, Qərbə inteqrasiya edəcək. Sərhədlər açılandan sonra Ermənistan orta mövqedə olacaq. Azərbaycana isə bir yol qalır. Bu da Rusiya və İran istiqamətidir.

Amma bu, böyük yanlışlıq olacaq. Düzdür, vəziyyət mürəkkəbdir. ABŞ-dan dəstək yoxdur. Hələ Barak Obamanın Azərbaycanla bağlı siyasəti bəlli deyil. Türkiyə and-aman edir ki, onun Ermənistanla yaxınlaşması Azərbaycan üçün də faydalı olacaq. Amma reallıqda bunun əksi müşahidə olunur. Türkiyə tərəfindən sanki yenicə kəşf olunmuş Ermənistanın prezidenti dərhal Dağlıq Qarabağa getdi və orada hərbi müşavirə keçirdi. İndi Ermənistan neytral zolağı yenidən minalamaqdadır!..Vəziyyət belədir. Ciddi düşünmək lazımdır. Amma vaxt yoxdur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG