Keçid linkləri

Mən türk bayrağını sevirəm. Elə himnini də. Onu Azərbaycanın nə bayrağından, nə himnindən ayırıram. İllərdir evimin baş guşəsindən asılıb. Hətta şkafımızın siyirmələrində böyük ölçülərdə türk bayraqları var. Hər il payız yır-yığışında onu çıxarıb havaya verirəm, təmizləyib təzədən yerinə qoyuram. Mənim bu bayrağa sevgim nə neft üstündə qurulub, nə qaz . Təmənnasızdır. O üzdən, nə göylərə qalxır, nə enir, nə də qalmaqal yaradır. Əbədi və əzəli bir sevgidir...

MƏN BAYRAQ SEVGİSİNİ ONLARDAN ÖYRƏNDİM

Elə himn sevgisini də. Əvvəlcə Atatürk liseyində oxuyan oğlumun dərs kitablarından uşaqlara aşılanan vətən sevgisindən başladı bu hiss. Vətən sevgisi himnsiz, bayraqsız olarmı? Ən azından, yarımçıq olar. Sonra Türkiyəyə ilk səfərdən sonra vətəni sevməyin, bayrağı uca tutmağın, himni göz yaşı ilə oxumağın nə demək olduğunu anladım.

İl -1992. 1-ci sinfə gedən oğlumun ilk dərs günüdür. Mərasim Azərbaycanın və Türkiyənin himnləri ilə açılır. Türkiyədən gələn müəllimlər əlləri ürəklərinin üstündə öz himnlərini oxuyurlar və ağlayırlar! Mən yerimdə donmuşam. Bunlar niyə ağlayırlar? Axı, ağlamalı gündə olan onlar deyildi. Biz idik! Zaman ötdükcə bunun səbəbini anladım. Bu, yurd sevgisindən, ötən əsrin birinci çərəyində itirilmək təhlükəsində olan, ulu Atatürkün sayəsində qazanılmış Cümhuriyyətin qədir-qiymətini bilməkdən doğurdu...

Üç il sonra - 1995-ci ildə o ölkəyə səfərimdə çox mətləblər mənim üçün aydınlaşdı. Hara gedirdik, bizə bayraq hədiyyə edirdilər. Hansı törənə çağırılırdıq, himn və bayraq bizi qarşılayırdı. Nə böyük xoşbəxtlikdir, deyilmi? 90-cı illərin ac-yoxsul, didərgin Bakısından gedib elə möhtəşəm şəhərə - şəhərlər şəhərinə, üstəlik, sevgi ilə yoğurulmuş, oturuşmuş dövlətin paytaxtına düşmək biz valideynlərə qəribə gəlirdi. Hər il qeyd etdikləri çocuq şöləninin qonaqlarıydıq. Uşaqlarımızı günlərlə saxladılar, bütün İstanbulu gəzdirdilər. Biz valideynlərə də eyni sevgi-sayğı göstərdilər. Görüşlərdə gələcəkdə hər şeyin yerbəyer olacağını, ən əsası müstəqilliyin qorunub saxlanılmasının vacibliyini vurğulayırdılar...

TÜRKİYƏ BİZƏ NECƏ «QORXMA» DEDİ?

Hə, orda - Atatürk Mərkəzində keçirilən bir tədbirdə mən valideynlər adından çıxış da etdim. Mehmet Akif Ərsoyun sözlərini yazdığı «İstiqlal marşı»ndan misal çəkdim. Dedim ki, Türkiyə dünyada yəqin ki, yeganə ölkədir ki, himni «Qorxma!» sözü ilə başlayır:

Korkma, sönməz bu şafaqlarda yüzen al sancaq
Mehmet Akif Ərsoy
Sönmədən yurdumun üstündə tüten en son ocaq!
O menim milletimin yıldızıdır parlayacaq
O mənimdir, o mənim milletimindir ancaq!

Söylədim ki, Cümhuriyyətin ilk çağlarında öz xalqına müraciətlə deyilən bu söz ünvanını dəyişib. İndi Türkiyə bu «qorxma» sözünü Bosniyada hüquqları tapdanmış, qanına qəltan edilmiş insanlara deyir!

Yenicə Cümhuriyyətini bərpa etmiş, Qarabağ savaşında saysız şəhidlər vermiş Azərbaycana deyir!
Çeçenistanda azadlıq mübarizəsinə qoşulanlara deyir və s.

Möhkəm alqışladılar...Geri dönəndə valideynləri ağlayan gördüm. «Sizə nə olub?» - deyə soruşanda, «dərdlərimizi bizə xatırlatdın» - cavabını aldım.

Ağlamağa dəyərdi. Dərdlər həddindən çox idi. İndi də çəkməklə qurtarmır...

SEVGİMİZ ELƏ BU QƏDƏRMİŞ?

Bəs indi nə oldu? İllərdir Türkiyəyə, türkçülüyə cürbəcür təriflər yağdıranların, qanadlı sözlər söyləyənlərin üzü niyə döndü?

Bəlkə bu, doğrudan da süni qalmaqaldır? Bəlkə bu, baş qatmaqdan başqa bir şey deyil? Ötən həftə TV-lər, bu həftə bayraqlar...Bəlkə bu ondan ötrüdür ki, məsələn «Sərhədsiz reportyorlar» təşkilatının açıqladığı Azərbaycanda mətbuat azadlığının yüz neçənci yerdə olması faktını ört-basdır etsinlər? Eminlə Adnanın həbsindən diqqəti ayırsınlar. Hüquqları tapdanan insanların başını qatsınlar və s. Elə biz də daha önəmli olayları bir yana buraxıb bayraqlardan yazaq?! Şamaxıda sahibsiz qalmış şəhid qəbirlərindən söz açaq? Axı, elə həmin məkanda sayğı ilə qorunan şəhid məzarları da var! Onlardan birinin tarixçəsini dinləyin...

TÜRK ƏSGƏRİ ŞƏHİD DÜŞDÜYÜ YERDƏ DƏFN OLUNUR!

Bu hadisəni mənə ötənlərdə AzadlıqRadiosunun qonağı olan professor Babaxan Niyazlı danışıb. Qiyas Əfəndi 1918-ci il iyun ayının 18-də Qafqaz İslam Ordusunun Bakı istiqamətində yürüşü zamanı düşmən gülləsinə tuş gəlib. Babaxan müəllim deyir ki, türk ordusunun tarix boyu qanına keçmiş bir adəti var: Türk əsgəri ancaq şəhid olduğu yerdə dəfn olunmalıdır. Qiyas Əfəndini də şəhid olduğu Təklə kəndində böyük ehtiramla dəfn edirlər. Dəfndə şair Məhəmməd Hadi də iştirak edir. Ehsan verirlər, ilinin tamamında qəbir daşı da qoyurlar. Babaxan müəllimin araşdırmasına görə, bu işi görənlərin hamısı 30-cu illərdə cəzalandırılır, sürgünə göndərilir, güllələnir...

Tənha türk məzarının varlığından xəbər tutanlar onu bir neçə dəfə dağıtmaq istəyirlər. Hətta qəbir daşını aşırıb yerindən dəbərdirlər. Ancaq Təkləli Məlikməmməd kişi çox çətinliklə sement tapıb məzar daşını sal daşa bərkidir. Şəhid qəbri 1964-cü ilə kimi qalır. Ətrafı çəpərlənmədiyindən, itib getmək təhlükəsiylə üzləşir. Vəziyyəti belə görən Qobustan rayonunun Qaracüzlü kəndində yaşayan sürücü Babaxan Rzaxan oğlu qəbri sahmana salmağa başlayır. Sənduqəni yosun örtüyündən təmizləyir, ətrafına metal barmaqlıqlı çəpər düzəltdirir.

Bu hələ o vaxtlar Şamaxıda yaşayan adı bəlli millətin gözündən yayınmır. Birbaşa Moskvaya yazırlar. Babaxan kişini incidirlər, get-gələ salırlar, ancaq tuta bilmirlər. Çünki zaman o zaman deyildi - mülayimləşmə dövrü idi (1964). Qeyrətli sürücü bir az orda-burda gizlənməklə, həm də, yerli əhalinin onu qoruması sayəsində canını qurtara bilir...
Türk ordusu Bakıda, 1918
Ruhu şad olsun o sürücünün, indi haqq dünyasındadı...

BİR BAYRAQ ƏFSANƏSİ

Cümhuriyyət hökumətinin 21 iyun 1918-ci il tarixli ilk qərarlarından birində «Üzərində qırmızı fonda ağ aypara və ağ səkkizguşəli ulduz olan qırmızı qumaşdan hazırlanan bayraq Azərbaycan Bayrağı kimi tanınsın» deyilirdi. Noyabrın 9-da qəbul olunmuş qərarda isə, «mavi, qırmızı və yaşıl rəngli üç zolaqdan, ağ aypara və səkkizguşəli ulduzdan ibarət» milli bayraq təsis edildi («Azərbaycan bayraqları» kitabı). Azərbaycan Tarixi Muzeyində eynən bu cür, amma nadir bir bayraq saxlanılır. Bayrağın özəlliyi ondadır ki, onu 1952-ci il 28 may ərəfəsində İstanbulda Məhəmməd Əmin Rəsulzadə və xanımı hazırlayıb. O bayraq uzun-uzun illərdən sonra - 1998-ci ildə mühacir Gülmirzə Bağırov tərəfindən Bakıya gətirilib Müsavat Partiyasına hədiyyə edilib. 2003-cü ilin iyununda muzeyin xahişi ilə partiya o bayrağı Tarix Muzeyinə verib. Əmin bəyin öz əliylə düzəltdiyi bayrağın ölçüsü 108x149 sm-dir.

Unutma! Türkiyə uzun illər Azərbaycan mühacirətinə qucaq açan, onun mətbu ruporuna çevrilən, hətta devrilmiş Cümhuriyyətin Liderinə mavzoley ucaldan ölkədir.

Türkiyə onun bayrağını illərin sınağından keçirib qoruyan, onu layiq olduğu ucalığa qaytaran ölkədir.

Və ən əsası, Bakını Bakı eləyən - paytaxt eləyən ölkədir.

Nə tez unutdun?!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG