Keçid linkləri

ULU ÖNDƏRİN İŞIĞINDA

Uzağa getməyək, keçmiş Lenin muzeylərindən biri də proletariatın dahi rəhbərinin heç bir vaxt olmadığı Bakıda açılmışdı və indi o, xalçaçılıq muzeyidir.

Azərbaycan SSRİ deyil, kiçik bir ölkədir və sözsüz ki, burada elə bir rayon yoxdur ki, Heydər Əliyev orada olmasın. Amma bu, əsas vermir ki, Heydər Əliyevə abidə qoyulması, onun adına mərkəzlərin, muzeylərin açılması milli ideyaya çevrilsin. Bu, bütpərəstliyin müasir təzahürlərindən başqa bir şey deyil.

İlham Əliyevin bölgələrə səfərləri artıq standart xarakter alıb. Əgər o, hər hansı bir rayona gedirsə o dəqiqə məlum olur ki, orada Heydər Əliyevə abidə qoyulub, onun adına mərkəz və muzey açılıb. Ən maraqlısı isə budur ki, bütün bu səfərlər regionların sosial – iqtisadi inkişafı proqramı çərçivəsində baş verir. Belə nəticə hasil olur ki, qazsız, susuz və işıqsız rayonlara ulu öndərin abidəsini qoymaq kifayətdir ki, orada əhalinin bütün sosial-iqtisadi problemləri həll edilsin. Hətta bunu işsizliyin qarşısını alan bir hərəkət kimi də dəyərləndirirlər. Amma nədənsə hələ ki «harada işləyirsən?» sualına «Heydər Əliyev mərkəzində» cavabı verilmir. Səbəb də budur ki, prezidentin səfərindən sonra bütün bu mərkəzlərin qapısından kilid asılır.

Orta Asiya respublikalarından və bir də Azərbaycandan başqa keçmiş sovet respublikalarının heç birində bütləşdirmə – bütpərəstlik tüğyan etmədi. Nə qədər qəribə olsa da, hətta Rusiyada belə heç kimin ağlına gəlmir ki, B.Yeltsini ideallaşdırsın, ona ulu öndər, xilaskar desin. Ukraynada da belə bir büt yoxdur. Baltikyanı respublikalardan isə danışmağa dəyməz. Burada da, məsələn, heç kim V. Landsberqisi «müstəqilliyin arxitektoru» kimi xatırlamır. Hətta bu bəla Gürcüstandan da yan keçdi. Gürcülər sabiq prezident E.Şevardnadzeyə abidə qoymadılar.

Ən maraqlısı budur ki, bu iş təkcə Azərbaycanda aparılmır. Səfirlər dəridən-qabıqdan çıxırlar ki, yerləşdikləri ölkələrdə heç olmasa Heydər Əliyevin bir büstü qoyulsun.

Bütpərəstlik təkcə bununla yekunlaşmır. Diplomatik protokol elə qurulub ki, ölkəyə gələn xarici qonaqlar əvvəlcə Əliyevin məzarını, ancaq bundan sonra isə Şəhidlər xiyabanını ziyarət edirlər.

Amma bu, hələ hamısı deyil...

HEYDƏR ƏLİYEVİN İRSİ

Təsəvvür edirsinizmi, ucqar bir rayonda kimsə Heydər Əliyev muzeyində oturub böyük öndərin irsini tədqiq edir. Nədir bu irs? Belə bir irs varmı?

Onun «aforizmlərini» xatırlayanda isə adam bilmir nə etsin. Məsələn, «Neft Azərbaycanın sərvəti olub, təkcə indiki nəsillərə deyil, gələcək nəsillərə də məxsusdur» və yaxud «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» və s. Böyük öndərin irsi budurmu?... Yəni doğrudan heç bir irs yoxdur. Sovetlər vaxtında onun nitqləri toplanırdı və indi də belədir. Adam bunları tutuşduranda həqiqətən də heyrətə gəlir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG