Keçid linkləri

Azərbaycanın alternativ enerji sevgisi


Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir

Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir

Azərbaycan ta qədimdən ənənəvi enerji baxımından zəngin olub. Neft və qaz bu ölkənin torpağına elə hopub ki, insanlar lap çoxdandır ki, təmiz enerjiyə yadırğayıblar. Ancaq düz 5 il öncə Azərbaycan rəhbərliyi insanların şüurundakı buzu sındıraraq vətəndaşlarında bir alternativ enerji sevgisi yaratmaq qərarına gəldi.

Qeyd etmək lazımdır ki, ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Azərbaycan da özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Lakin bu potensialdan hələlik istifadə olunmur. Baxmayaraq ki, Azərbaycan Respublikası prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 saylı sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı» mövcuddur. Dövlət Proqramının məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir.

BİR 5 İLLİK BAŞA ÇATDI, ANCAQ ALTERNATİV ENERJİ GÖRƏN OLMADI

Demək, Dövlət Proqramının qəbulundan 5 ildən artıq biz zamanı geridə qoymuşuq, ancaq buna baxmayaraq alternativ enerji hələ də cəmiyyətə yol tapa bilməyib. Bunun bir səbəbi odur ki, məmurların ənənəvi enerjidən qazandıqları nəinki onları, elə bütün hökuməti məst edib, əks təqdirdə dünyada getdikcə populyarlaşan bu cür sahə diqqətdən kənarda qalmazdı.

Ancaq neftin qiymətinin ucuzlaşması və 2009-cu ilin I yarısında Azərbaycanın ixrac neftinin orta qiymətinin cəmi $48 olması (dövlət büdcəsində $70 proqnozlaşdırılıb) görünür bu sahədə radikal addımlar atılmasına səbəb oldu və cari ilin 16 iyulunda Prezident Fərmanı ilə Sənaye və Energetika nazirliyi yanında Alternativ Enerji Agentliyi yaradıldı. Bu qurumun 25 nəfərlik ştatı da təsdiqləndi.
Bundan sonra həqiqətən bir tərpəniş hiss edilir: alternativ enerji ilə bağlı konfranslar, seminarlar keçirilir və hətta Bakı küçələrində alternativ enerji xidməti təklif edən özəl şirkətin avtomobilləri də peyda olub. Şurabad (Bakıdan 40 km. şimalda) yaxınlığında Avropada ad çıxarmış VESTAS şirkətinin 3 ədəd külək-enerji stansiyası da quraşdırılıb (hələ ki, enerji istehsalına start verilməyib).

Bu günlərdə isə analoqu olmayan bir hadisə baş verib. Nədən belə deyirəm? Ona görə ki, Sənaye və Energetika Nazirliyində alternativ enerji ilə bağlı tədbirdə şəxsən Bakı şəhər icra hakimi Hacıbala Abutalıbov iştirak edib. O, şəxsən boyun olub ki, Azərbaycanda günəş enerjisinin tətbiqi ilə bağlı həyata keçirilən ilk pilot layihəsinə əlindən gələn administrativ köməkliyi göstərəcək. Daha doğrusu, sözügedən Nazirliyin sifarişi ilə yerli «Total Energy» şirkəti bir yaşayış binasının damında 30 ədəd günəş batareyası (hərəsi 100 Vt enerji istehsal etmək qabiliyyətindədir) yerləşdirməyi planlaşdırır. Aparılacaq işlər nəticəsində həmin binanın dəhlizləri və girişi günəş enerjisi hesabına işıqlandırılmalıdır.

Bundan əlavə enerjiyə qənaət üçün xüsusi detektorlar da quraşdırılacaq ki, bunlar da enerjini ancaq dəhlizə insan daxil olarkən verəcəklər. Bu işləri isə noyabr ayında başa çatdırmaq nəzərdə tutulur. Sonradan pilot layihəsinin Sumqayıtda tətbiqi və hətta Bakının mərkəzi küçələrindən birində günəş batareyasından qidalanan svetoforun da inşaası nəzərdə tutulur.

GERÇƏKLƏŞDİRİLMƏYƏN ENERJİ POTENSİALI

Rəsmi hesablamalara görə, Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.

Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Qeyd etmək lazımdır ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində 1 kv metr yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Azərbaycanda isə 1500-2100 kVts təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.

Azərbaycan Respublikasının ümumi enerji sistemində su elektrik stansiyalarının xüsusi çəkisi son illər 10-11 faiz təşkil edir. Baxmayaraq ki, ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar vardır. Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s olduğu müəyyən edilib ki, bunun da 5 mlrd kVt.s kiçik su elektrik stansiyalarının payına düşməsi proqnozlaşdırılır.

NƏTİCƏ

Yuxarıda qeyd edilən pilot layihələri inkişaf etmiş ölkələrdə 35-40 il əvvəl tətbiq etməyə başlayıblar. Hazırda alternativ enerjinin tətbiqi elə bir səviyyəyə çatıb ki, artıq ABŞ-da bunu «intellektual energetika» da adlandırırlar. Bu sahə isə ilk növbədə evdə və ya ofislərdə kompyuterin köməyi ilə enerjinin daha optimal istifadəsinə əsaslanır. Elə bu baxımdan da hazırda enerjinin optimal sərfi üzrə menecerlər ən çox tələbat olan peşələrdən birinə çevrilməkdədir.

Bu arada isə Azərbaycan hər il 20 milyard kVt\saat elektrik enerjisi istehsal etmək üçün nə az, nə çox – 4.5-5 milyard kubmetr təbii qaz və 600-800 min ton mazut işlədir. Son 10 ildə Azərbaycan istilik elektrik stansiyaların tikintisinə, modernləşdirilməsinə və təmirinə 2 milyard dollara yaxın vəsait xərcləyib. Bundan sonra yeni elektrik stansiyaların tikintisi üçün daha 1 milyard dollar vəsait xərcləməyi də planlaşdırır. Müqayisə üçün deyək ki, qonşu Gürcüstanda elektrik enerjisinin 90%-i su elektrik stansiyalarının payına düşür, yəni cari xərclərdən başqa yanacağa görə hökumət vəsait xərcləmir.

P.S. Bakıda bağ evinin enerji təminatını həyata keçirə biləcək külək aqreqatının qiyməti isə 18-20 min manatdır. Mənim «qiymət niyə belə bahadır» sorğuma isə özəl şirkətin nümayəndəsi bunun vergi yükünün ağır olması ilə izah etdi. Belə olacaqsa, onda alternativ enerjinin tətbiqi necə olacaq?

Şərhləri göstər

XS
SM
MD
LG