Keçid linkləri

Təbii ki, söhbət xalqları və insanları biri-birindən ayıran divarlardan gedir. Bu baxımdan 20-ci əsr çox yadda qalan bir əsr oldu. Ötən əsrdə məşhur «Berlin divarı» söküldü və Almaniya yenidən vahid dövlətə çevrildi. Bu, artıq dünyanın yeni düzənindən xəbər verirdi. Amma azadlıq dalğası heç də bütün xalqlara müyəssər olmadı. Bir sıra bölünmüş xalqlar hələ də öz növbələrini gözləyirlər. Belə xalqlardan biri də azərbaycanlılardır.

Amma tarix onların da üzünə güldü, birləşə bilməsələr də Şimali Azərbaycan müstəqillik əldə etdi. Sonuncu indi müxtəlif təftişlərə, tənqidlərə və nostalgiya dolu iradlara tuş gəlsə belə, hər halda böyük hadisə idi. Amma təəssüf ki, zaman bu hadisəni gözlərimiz önündə kiçildir. Səbəb də milli müstəqilliyin milli müstəbidliyə çevrilməsidir...

BİRİ-BİRİNƏ MƏFTİL BAĞIŞLAYAN AZƏRBAYCANLILAR


İyirminci əsrin sonunda sərhədlər ancaq iki xalqın kütləvi təzyiqinə məruz qaldı. Bunlardan biri almanlardısa, digəri azərbaycanlılardır. Həmin dövrdə Azərbaycanda insanlar biri-birinə sökülmüş sərhəd məftillərinin kiçik hissələrini bağışlayırdılar. Bu, qeyri-adi hadisə idi. Sonradan bunu müxtəlif cür yozsalar da, bunun sovet kəşfiyyatının öz planı olduğunu desələr də, hər halda çox möhtəşəm hadisə idi. İndi həmin hadisədən ancaq xatirə qalıb. Bəs hanı o xalq? Bəlkə heç yerli-dibli belə bir hadisə olmayıb? Bəlkə bunu yuxularda görmüşük və yaxud özümüz uydurmuşuq? Yox, bu nə yuxu, nə də uydurma olmayıb, sadəcə biz özümüz dəyişmişik...

DİKTATURANIN ALINMAZ QALASI

Sərhədlərin söküldüyü ünvanlardan biri də Naxçıvan idi. Bəli, bu gün sərt diktaturanın mövcud olduğu Naxçıvan!.. Azərbaycanın hər yerində vəziyyət yaxşı deyil. Biz hamımız avtoritar ölkədə yaşayırıq. Amma Naxçıvanda rejim daha sərtdir. Hətta onu «diktatura adası» adlandırırlar. Sanki Naxçıvan diktatura üçün bir poliqondur. Antidemokratik qərarlar orada formalaşır, tətbiq olunur, sınaqdan keçirilir və sonra da bütün Azərbaycana şamil edilir. Çox maraqlıdır ki, İlham Əliyev hər il Naxçıvana səfər edir. Amma bu səfərlər Naxçıvandakı siyasi ab-havaya təsir etmir. Səbəb də budur ki, onu Naxçıvandakı siyasi vəziyyət maraqlandırmır. İlham Əliyevi başqa məsələlər düşündürür. Bir qədər haşiyə çıxmaq olsa da, təsəvvür edin ki, hətta Neft Daşlarında Heydər Əliyev muzeyi açılıb, Heydər Əliyevə abidə qoyulub!

İlham Əliyevi ancaq belə məsələlər düşündürür...

ZAMAN DƏYİŞİB, YOXSA BİZ?

Nə qədər qəribə olsa da, bu suala cavab vermək çətindir. İlk baxışda 21-ci əsrdir, hamı deyir ki, bu, ola bilməz, bu, mümkün deyil. Amma müşahidələr göstərir ki, inanılmayan hadisələr də baş verə bilər.

Sovetlər vaxtında Andropov Saxarovu ruhi xəstə adlandıranda hamı buna qeyzlənmişdi, baxmayaraq ki, ölkədə totalitar rejim hökm sürürdü.

İndi isə kimisə ruhi xəstə adlandırmaq elə bir problem deyil. Üstəlik, hamı seyrçi mövqe tutur. Səbəb nədir? Bəlkə biz biri-birimizə məftil qırıntısı bağışlayan xalq deyilik?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG