Keçid linkləri

Bir yazıçı yüksək mükafat alır. Qələm dostu ona yaxınlaşıb qibtə ilə soruşur:

- Nətəhər eləyim, mən də o mükafatdan alım, hə?

Laureat çiyinlərini çəkib cavab verir:

- Yaz da...

- Hara?

AzadlıqRadiosunun nüfuzlu beynəlxalq mükafat alması haqda xəbəri eşidəndə və bu mükafatın məhz 18 mart referendumunda xəbər işinin təşkilinə görə verildiyini biləndə fikirləşdim: ilahi, bu dünyada ədalət yox deyilmiş!

Beyin hüceyrələrimin bu fikri doğuran davranışını başa düşmək üçün səkkiz ay əvvələ qayıtmaq lazım gəlir.

REFERENDUM ŞORBASINDAN ÇIXAN NAZİK TÜK

18 mart 2009-cu il – Azərbaycan Konstitusiyasının “abıra” salınması üçün təşkil olunan referendumun keçirildiyi gün.

Referendumdan sonra İlham Əliyev könlü nə qədər istəsə Azərbaycan prezidenti ola bilər. Hər şey legitim idi – parlamentin müvafiq qərarı, Konstitusiya məhkəməsinin halallığı, ziyalıların xeyr-duası, vətəndaşların ruh yüksəkliyi…

The AIBs təşkilatının Radio xəbəri işi kateqoriyasında AzadlıqRadiosuna verdiyi mükafat

O zaman fikirləşirdin ki, hakimiyyətin ilahi səlahiyyətləri olsaydı prezidentin dünyaya cəmi bir dəfə gəlmək hüququna olan məhdudiyyəti də aradan götürərdi.

Amma martın 18-də Azərbaycanda iştahla referendum şorbasını yemək istəyənlərin xörəyindən nazik bir tük çıxdı – AzadlıqRadiosu.

BİR OVUC MÜXBİRİN TOPLADIĞI BİR QALAQ POZUNTU

Prezidentin səs verdiyi 6 nömrəli məktəbdən foto çəkmək, Mərkəzi seçki komissiyasında statistika toplamaqla kifayətlənən həmkarlarından fərqli olaraq AzadlıqRadiosunun bir düjin müxbiri seçki fırıldaqlarının izinə düşür, radionun proqram aparıcıları İlham Əliyevdə alternativ görənlərlə görməyənlərin qızğın debatlarını təşkil edirdi.

Həmin gün AzadlıqRadiosu özünü elə aparmırdı ki, sanki qutuya 3 bülleten atan seçiciləri, “karusel” avtobuslarını, mürgüləyən müşahidəçiləri, fəxrlə “mən yüzbaşıyam”, “mən İlham Əliyevə səs verdim” deyən sadəlöhv vətəndaşları görmür-eşitmir. Həm görür və göstərir, həm də eşidib-eşitdirirdi.

MƏZAHİR PƏNAHOV MƏTBUATIN ÜRƏYİNİ ÜZÜR

18 martın son akkordu isə olduqca rəmzi məna daşıyırdı.

Gecəyarısından da bir-neçə saat keçib. Mərkəzi Seçki komissiyasında mətbuat konfransıdır. Jurnaslitlər saatlarla referendumun ilkin rəsmi nəticələrini gözləməkdən təngə gəliblər, evə gedəcəkləri anı yaxınlaşdıran her şeyi dünyalar qədər sevmək, buna mane olanı isə didib-parçalamaq həddindədirlər.

MSK sədri Məzahir Pənahov hövsələsi İçəri şəhərin küçələri ilə bəhsə girən jurnalistlərin hüzuruna çıxıb 1 saata yaxın, məzmununda heç bir yenilik olmayan uzun nitq söyləyir.

Bu çıxış zamanı zaldakı jurnalistlərin ürəyindən keçənləri burada dərc etmək üçün çox şeyi qurban verərdim.

Əlqərəz, Məzahir Pənahovun monoloqu sona çatanda və jurnalistlər nəhayət ki, evə getmək imkanı qazananda, məlum oldu ki, AzadlıqRadiosu da MSK sədrinin sevincinə “qoşulur”.


MƏTBUAT KONFRASNINDA YALNIZ BİR SUAL VAR: EVƏ NƏ VAXT GEDƏCƏYİK...

AzadlıqRadiosunun zaldakı müxbirinin adı Sevinc idi. Sevinc Hüseynzadə.

O, Məzahir müəllimin “indi isə, buyurun suallarınızı verin” təklifinə cavab olaraq zaldakı mikrofona yaxınlaşanda az qala bütün jurnalistlər ona dəhşətlə baxırdılar. “Bu qız dəlidir, nədir?” deyə dörd tərəfdən ona zillənən bu baxışlar azacıq da olsa enerji şüalandırsaydı, biçarə Sevinc aşsüzənə dönərdi.

18 martın sonuncu akkrodu AzadlıqRadiosunun seçki saxtakarlığı haqda sualı və bir də yüzlərlə media təmsilçisinin “bu qız dəlidir!” nidaları ilə başa çatdı.

Ona görə də heç kimin gözləmədiyi halda Londonda AzadlıqRadiosunun sanballı mükafata, özü də məhz 18 mart referendumunu işıqlandırdığına görə belə yüksək qiymətə layiq görülməsinə sevindim. Azından ona görə ki, Azərbaycan jurnalistikasına bir dərs verdi.

Mükafat almaq istəyirsiniz?

Yazın da...


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG