Keçid linkləri

Banderloq respublikaları?


BMT Baş Assambleyasının məclisində çıxış edən Liviya diktatoru Müəmmar Qəddafi ittiham dili ilə danışırdı

BMT Baş Assambleyasının məclisində çıxış edən Liviya diktatoru Müəmmar Qəddafi ittiham dili ilə danışırdı

«HEÇ KƏS BİZƏ YOL GÖSTƏRMƏSİN. BİZİM ÖZ YOLUMUZ VAR»

Bu arqumenti müxtəlif modifikasiyalarda bir çox Azərbaycan dövlət rəsmiləri dəfələrlə dilə gətirib. Təkcə Azərbaycan yox, Orta Asiya respublikaları, Yaxın Şərq diktaturaları, Latın Amerikası rejimlərinin başçıları, Afrikada hökm sürən diktatorlar, iri dövlətlər sırasında da Rusiya dəfələrlə bu arqumenti dilə gətiriblər. İş o yerə gəlib çıxıb ki, məsələn, Birləşmiş Millətlər Təşkilatında Qərbi Avropa və ABŞ azlıqda qalaraq bu dövlətlərin qarşısında geri çəkiliblər və bu dövlətlər də yığışıb BMT-nin insan hüquqları komissiyasında çoxluğu ələ keçirmək uğrunda ciddi mübarizə aparıblar. BMT Baş Assambleyasının məclisində çıxış edən Liviya diktatoru Müəmmar Qəddafi ittiham dili ilə danışırdı – sivil dövlətləri kifayət qədər demokratik olmamaqda ittiham edirdi və belə görünürdü ki, öz dediklərinə inanır. 2010-cu ildə ömürlük prezidenti olan Qazaxıstan ATƏT-in sədrliyinə keçəcək. Radyard Kiplinqi xatırlamağın əsl yeridir.

«AĞ ADAMIN YÜKÜ»


Radyard Kiplinqi bir çoxları indinin özündə irqçi hesab edir. Onun məşhur bir şeri var – «Ağ adamın Yükü» adlanır və bu əsər Qərb imperializmini müdafiə edən əsas ideya mənbələrindən biri sayılır. Şerdə şair inkişaf etməmiş xalqları təsvir edirdi. «Yarı iblis, yarı uşaq» adlandırdığı bu xalqların öz xeyrini başa düşməyib inkişafa dirəniş göstərdiyini təsvir edirdi Kiplinq və Ağ adamın dünyada təkcə öz yükünü yox, həm də bu xalqların yükünü çəkdiyini iddia edirdi Kiplinq. Təbii ki, bu əsər xeyli tənqid olunmuşdu və indi də tənqid olunur. Qərb kolonializminin iqtisadi istismar tərəfini görməmək çətindir və irqçiliyə də don geydirmək olmaz, amma... bu təsvir nə qədər tənqidə layiq olsa da, bir o qədər də ehtiyatlı tədqiqata ehtiyac duyur.

MEYMUNLAR KRALLIĞI

«Cəngəllik Kitabı» əsərində (məşhur Mauqli animasiya filmi onun əsasında çəkilib) Kiplinqin banderloq adlandırdığı meymunların krallığı təsvir olunur. Banderloqlar bu krallığı insanlardan öyrəniblər və öz hərəkətlərində də insanlara xeyli dərəcədə oxşamağa çalışırlar, amma... alınmır. İnsanlığa parodiya alınır. Onların qurduğu krallıq da normal insan krallığına ancaq zahirən bənzəyir, daxildə isə iri bir boşluq var. Banderloqlar dövlətin mahiyyətini anlamadan onu qurublar, ona görə də onların dövlətləri «dövlətdir», kralları «kraldır», bir sözlə hər şey sünidir. Kiplinqin bu banderloq nəzəriyyəsi də inkişaf etməmiş xalqların təhqiri kimi xeyli tənqidə məruz qalıb və bu proses indi də gedir. Bu tənqidlərdə də ədalət elementi var, amma Allahı sevərsiz, bir dönün bəzi respublikalara da baxın.

Bu dövlətlərdə hakimiyyətin insanların başına açdığı oyunlara diqqət edin, bəlkə də onları banderloqlara bənzətməyə görə banderloqların özündən üzr istəmək lazımdır?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG