Keçid linkləri

Bir mədəniyyətlə o birisini onunla tutuşdurmaq olar ki, hərəsində adamlar nə haqda ləzzətlə söhbət edirlər.

İsveçdə öz araşdırmam üçün sorğu aparanda mənə dedilər ki, dost-tanış maşınların modelindən, idmandan və bir də turist kimi gəzdikləri ölkələrdən danışırlar. Bunun davamı kimi deyim: elə mədəniyyətlər var ki, kişilərinin əsas və ləzzətli söhbəti qadınlardı, əsasən də, ciddi əxlaqlı qadınlar yox – bunun özü simptom deyilmi?! Mədəniyyət də var ki, adamları gül-çiçəklikdən doymadan söhbət edirlər – ancaq bu, deyəsən, bizə yox yaponlara aiddir.

Bəs, biz – Azərbaycan türkləri hansı konularda söhbətdən ləzzət alırıq? Özü də o ləzzəti ki, içində özümüzü ağıllı bilməyimizin də məmnunluğu var?

Biri şikayətə, narazılığa köklənmiş söhbətlərdi. O birisi isə siyasətə. Azərbaycanın və bir çox başqa ölkələrin kültür məkanında yer alan siyasi söhbətlərin bir özəlliyi, bir paradiqması, yəni danışıq, söyləmə tərzi var – bunu təxminən belə düsturlandırmaq olar «gör, Buş nə axmaqdır?!», «gör, Putin nə səhv etdi ki, Güney Osetiyanı tanıdı?!», «Gör, Amerika nə səhv etdi ki, İraqa, ya Əfqanıstana girdi?!».

Belə çıxır ki, kəşfiyyat məlumatları, araşdırma qurumları olan bu ölkələr Bakı çayxanasında oturub gap edən milli politoloqumuzdan səviyyəcə aşağıdırlar, onların fəhm etdiklərini qanmırlar.

Ancaq məsələni belənçi çevirməyimin məqsədi bu milli politoloqları ləkələmək deyil. Məqsəd başqadır. Bütün dünyada Mediada gedən bir çox politoloji analizlərdə siyasi gedişlə bağlı «səhv etdilər» söhbəti gedir. Düzdür, Buşun, Obamanın, Putinin «ağız çaşıb düz deyər» prinsipində yanlış yapmasına səhv damğasını yapışdırmaq olar (məsələn, 11 Sentyabrdan bir an sonra Buş ağzından qaçırmışdı ki, Əfqanıstana Yeni Səlib müharibəsi edəcək, Səlib-Xaç savaşı isə bütün müsəlmanların xətrinə dəyən sözdür). Ancaq dövlətin siyasi gedişlərini tezcə səhv terminində düşünmək mənə savadlı görünmür.

Ciddi dövlətlərin çox vaxt addım, gediş qatında, kəsimində səhvi olmur. Necə ki şahmatda da öz-özünə debüt səhvi yoxdur. Debüt seçiminin səhv olmasını yalnız o zaman demək olur ki, partiyanın gedişində şahmatçı debütdən çıxan imkanları ya bacarıqsızlığına, ya rəqibinin gücünə görə istifadə edə bilmir. Bunun siyasət üçün açımı: əgər filan gedişi edirsənsə, sonralar bu gedişin gətirib çıxaracağı situasiyalarda dolaşacaqsansa, o zaman bu sonradan başlanğıca baxıb seçdiyin gedişin yanlış olduğunu demək olar. Türkiyənin Ermənistanla bağlı protokolları qollamasında, Azərbaycanın da buna qarşı çıxmasında aktın kəsiyini götürsək, səhv yoxdur. Bu gedişin ardınca sıra-sıra gələcək situasiyalarda bilinəcək Türkiyə səhv idi, yoxsa Azərbaycan, ya Ermənistan.

Soruşula bilər ki, indi nə edək? Amerikanı, Türkiyəni, Rusiyanı, Azərbaycanı tənqid etməyək, səhvlərini göstərməyək?

Bunun cavabı: dövlətlərin siyasətində səhv tutmaq məsələsinə məsuliyyətlə yanaş. Əgər Azərbaycanın Türkiyə və Ermənistan arasında başlamış anlaşmalara mənfi yanaşmasını səhv kimi kvalifikasiya etmək istəyirsənsə, göstər ki, bundan sonra hansı real proseslər doğa bilər və nəticədə Azərbaycan öz etirazına görə necə pis vəziyyətdə qala bilər.

Kimsə gələcəkdə Çeçenistanın müstəqilliyinin tanınması ehtimalından çıxış edərək Rusiyanın Abxaziyanı tanımasını səhv adlandırır. Ancaq başqası sübut etsə ki, o gələcəyin zəif mümkünlüyünə baxanda Gürcüstanın NATO-ya girməsi Rusiya üçün daha ağır və qorxulu idi, Rusiyanın gedişi elə də səhv görünməyəcək.

Bütün bu dediklərimin sonucu: dövlətlərin siyasətini səhv terminində düşünmək öz ağlımıza heyranlıq üçündürsə, elə də edək! Yox, bu düşünüş bizə dünyanı bilmək üçün lazımdırsa, «səhv»i ən axıra saxlayaq – bütün partiyanı tam da olmasa xeyli cızandan sonraya.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG