Keçid linkləri

Təcili xəbərlər

Urmiya - modern və qədim şəhər


Urmiya İran Azərbaycanının qərbində yerləşən ən böyük şəhərdir, Qərbi Azərbaycan ostanlığının (3 Azərbaycan ostanlığından biri) baş şəhəridir.

2006-cı il əhalinin siyahıya alınmasına əsasən Urmiya əhalisinin sayı 580 mindən artıqdır. Şəhər əhalisi əsasən Azərbaycan türklərindən təşkil olunsa da burada kürdlər, ermənilər və az sayda assurlar da yaşayır.


Urmiyyənin demoqrafik reallıqlarını elə ilk gün öz təcrübəmdə yaşadım. Urmiyaya gecə saatların yetişmişdim. Qalacaq bir yer axtarırdım və qarşıma çıxan birinci mehmanxanaya girdim. Sahibi əvvəlcə mənə yer verdi, sonra isə Azərbaycandan olduğumu bilib məndən qalacağım otağın açarını geri aldı.

Səfərimin bu acı təəssüratını sonrakı günlər rast gəldiyim əsl Şərq qonaqpərvərliyi darmadağın etdi. Dedilər, fikir vermə, son vaxtlar şəhərdə xəritələr yayırlar, Urmiyyə Kurdistanın paytaxtı kimi göstərilir. Nədənsə bu xəritələri paylayanlar Azərbaycan sözündən bərk qıcıqlanırlar. Mehmanxana sahibi də, çox güman, onlardan idi.

Urmiya küçələri təzadlarla doludur: modern binalarla tarixin çirkini divarlarında saxlayan yarısökük tikililər; sakit, səbrli insanlarla ipə-sapa yatmayan mübarizlər; hər şeyə biganə fərdlərlə, saatlarla qəzet köşkü qarşısında dayanıb qəzet oxuyanlar; qaraya bürünmüş qadınlarla son geyim modasına uymağa çalışanlar...

Siyasi aktivliyinə görə Təbrizin yedəyində olsa da Urmiyə hər halda Ərdəbili qabaqlayır. Son prezident seçkisində prezidentliyə namizəd Mir Hüseyn Musəvinin yüksək səs topladığı iddia edilən əsas şəhərlərdən hesab olunur.

Seçkilərdən sonrakı etiraz dalğasında da “dinc oturmayan” şəhərlərdən idi. Həmsöhbətlərimiz iğtişaşlar zamanı ən azı 3 nəfərin qətlə yetirildiyini deyirlər.

Urmiyada olduğum müddətdə bizə lazım olan hər yeri rahat gördüm və fotoaparatımın yaddaşına köçürdüm, nə polis, nə də digər dövlət görəvliləri mənə mane olmadılar. Halbuki, Urmiyadan əvvəl uğradığım Naxçıvan şəhərində çox əziyyətlər çəkmişdim. Naxçıvandan baxanda Arazın bu tayında “Azadlıq abidəsi” görünürdü.

“Araz” demişkən, ünsiyyətdə olduğum bir çoxları siyasi və etiraza səsləyən mahnılar oxuyan yerliləri aşıq Araz Elsəsi soruşurdu. Burada Şimali Azərbaycanla bağlı maraqlar da fərqlənirdi. Kimi Aşıq Zülfiyyənin yaradıcılığı maraqlanır, kimisə İlham Əliyev nəmənə prezidentdi deyə sual edirdi.

XS
SM
MD
LG