Keçid linkləri

«Ə, NOOLDU MÜƏLLİM ADAMSAN…»

Xətai rayon Məhkəməsi. Mülki mübahisə gedir. Cavabdeh əmlakı əlindən alınan təxminən 50-60 yaşlı kişidir. Ortaboylu, qara bığlı, sifətindən qan daman fizika müəllimi. Hakim iddiaçını dinləyib, cavabdehə keçir. Müəllim ləngər vurub irəli çıxır, yerişindən səntirlədiyi açıq-aydın hiss olunur, gözləri daxili həyacanın şiddətindən hədəqəsindən çıxır. Birtəhər irəli-kürsüyə yaxınlaşır. Bədəni uçunur, özünü təqdim eləmək istəyir, alınmır, səsi havada sınır, dili-dodağı təpiyir, uçunan əllərini gizlətməyə yer axtarır, ancaq tapmır, boğazını bir də arıtlayır, nitqi batır…Hakimin səsi «Ə, nooldu, müəllim adamsan…»

Bu, məhkəmədəki azərbaycanlının ümumiləşmiş obrazıdır.

BOŞANMIŞ ƏR-ARVADIN FONDA ƏMLAK DAVASI MÜRACİƏTİ

Əlimdə rəsmi statistika yoxdur, amma bunsuz da təxmin eləmək mümkündür – Azərbaycanda məhkəmələrə müraciətlərin sayı baş verən hüquq pozuntularına adekvat deyil, yəni qanunsuzluğun «xirtdəyə» çıxdığı ölkədə məhkəməyə müraciətlərin sayı az və yaxud da çox azdır. Başqa sözlə, hüquq və qanuni mənafelərinin pozulduğunu iddia eləyən şəxslər, ədaləti bərpa edəcək instansiyalara deyil, daha çox problemin həlli perspektivi ilə heç bir üfiqi və şaquli bağlılığı olmayan kənar qurumlara, mahiyyətcə qeyri-hüquqi vasitələrə üstünlük verirlər. Anlaşıqlı olsun deyə praktikadan bir misal: Birgə nikah dövründə əldə etdikləri əmlakı bölə bilməyən keçmiş ər-arvad məhkəmə əvəzinə Heydər Əliyev Fonduna (!) müraciət eləyirlər.

MƏHKƏMƏLƏRİN DİSFUNKSİONALLIĞI

Bu fenomenal paradoksun mahiyyəti haqda düşünəndə ağla ilk olaraq Azərbaycan məhkəmələrinin disfunksionallığı gəlir. Əksər avtoritar rejimlərdə – hərçənd indiki Azərbaycanda bunun daha çox mülayim formasından bəhs eləmək olar - məhkəmələrin ədalət mühakiməsi funksiyası atrofiyaya uğrayır, ədalətli məhkəmə araşdırması hüququ illuziya olur. Bu ortamda isə pozulmuş hüququ bərpa eləmək əziyyətli, bəzənsə mümkünsüz bir işə çevrilir, nəticə isə o olur ki, vətəndaş özü də bilmədən məhkəməni passiv boykot edir – ona ya müraciət etmir, ya da az edir.

ANCAQ TƏKCƏ BUMU? KREMLƏ MƏKTUBLAR…

Bu, situasiyanın görünən tərəfidir. Ancaq məsələyə başqa fokusdan yanaşanda digər maraqlı məqamlar ortaya çıxır. Keçmiş SSRİ zamanında, lap onun nisbətən ən sabit dövrü olan son iki onillikdə (70-80-ci illər) də Azərbaycanda məhkəmələrə müraciətlər çoz azıydı, hətta indikindən də. Sovetlərdə rejim mahiyyətcə daha sərt və ideoloji idi, orda «məhkəmələrin müstəqil və yalnız qanuna tabe olduğu» deklarasiya olunmurdu, xalq məhkəmələri Kommunist Partiyasının direktivlərini fəaliyyətində rəhbər tuturdu, prokurorluqdan asılı idi, ancaq bütün bununla belə maraqlısı ondan ibarət idi ki, «işləyən pis qanunlarla» pozulmuş ədaləti bərpa eləmək mümkün idi və əksərən də belə olurdu.

Vur-tut o vaxtla indinin cüzi fərqi ondan ibrətdir ki, onda şikayətlər Kremlə göndərilirdi, indi başqa bir ünvana.

Deməli, azərbaycanlının məhkəməyə müraciət hüququndan yararlanmaması təkcə onun bu instansiyada ədaləti bərpa edə bilməyəcəyilə bağlı deyil.

BU İMTİNA HƏM DƏ KÖNÜLLÜ İMTİNA

Azərbaycanlının məhkəməyə müraciət hüququndan imtinası həm də könüllü imtinaya bənzəyir. İstənilən vəkildən soruşun – müştərilər onlara xəstəlik metastaz verəndə və «başqa vasitələr» alınmayanda müraciət eləyirlər. Yekunda müdafiə taktikası daha məhdud və səmərəsiz olur.

Azərbaycanlının məhkəmədən imtinasının onun ruhunun ziddiyyətli təbiəti ilə bağlılığı var.

«Heç düşmənimin də yolu burdan düşməsin!», «Bir bura, bir də xəstəxana…» - bu sözləri məhkəmə salonlarının önündə toplaşan insanların dilindən tez-tez eşitmək olur. Nə deməkdir bu replikalar? Məhkəmələrdə nə baş verir ki, başqa vaxt didib-parçalamağa hazır olduğun düşməninin belə yolunun «burdan» keçməyini istəmirsən? Ədalətsizlik barədə önyarğı? Axı proses hələ heç başlamayıb. Həbs qorxusu? Bu ki mülki işdir (Hələ mən son vaxtlar mülki işlərdə buzun sındığını demirəm).

RUHUN DƏRİNLİYİNDƏKİ ANARXİZM

Azərbaycanlı ruhunun dərinliyində latent anarxistdir. Onun dövlətə, onun atributlarına sosial etibarını və sayğıdolu reaksiyasını çox nadir hallarda müşahidə eləmək olur. Bu anarxizmin klassik anarxizmdən fərqisə onun xofa bələnməsidir. Azərbaycanlı məhkəmənin yanından keçəndə az qala qəbiristanlığın yanından keçirmiş kimi sürətini artırır – Bircə burdan tez keçim! Xofun mahiyyəti dərk olunmayanda qorxuya çevrilir. Özü də bu, yalnız adilərin maniyası deyil.

2005-ci ildən ölkədə sərbəst toplaşmaq azadlığı faktiki yasaqlanıb. Niyə siyasi partiyalar məsələni qanun müstəvisinə daşıyıb hüquqi davalar açmırlar? Hər seçkidən sonra kütləvi saxtakarlıq olduğu iddia olunur, partiya rəhbərləri əllərində bunu təsdiqləyən protokolların mövcudluğundan bəhs eləyirlər. Belədirsə, bəs nəyi gözləyirsiz? Heç olmasa Avropa Məhkəməsinə çıxmaq üçün yerli müdafiə vasitələrini tükəndirmək olmazmı? Nə qədər siyasi fəallar aksiyalarda döyülür, şikəst edilir, işdən çıxarılır, təqib edilir, ancaq məsələ ya məhkəmə müstəvisinə çıxarılmır, ya da çıxarılırsa, «bir atımlıq barıtla».

Məhkəmə xofunu götürmək üçün onunla yaxınlaşmaq lazımdır. İllah da ki «yaxınlaşmaq» üçün ortada saysız-hesabsız səbəblər varsa.

MƏHKƏMƏLƏRƏ MÜRACİƏT ELƏYİN!


Məhkəmələrə müraciət eləyin! Ən kiçik, ən lüzumsuz hüquq pozuntusunu belə mübahisələndirin. Qoy, bu saysız-hesabsız sənəd qalağının altında başlarını itirsinlər məhkəmələr.

Ərizəni özün yaza bilmirsənsə, dostundan-qardaşından xahiş elə! O da bacarmırsa, kəndinin, el-obanın ən oxumuşunun yanına get. O da kömək əlini əsirgəsə, başqa bir mirzə axtar! İşdi-şayət bunların heç biri alınmasa, vəkil-hüquqşünasa pulun-paran yetməsə, oturub özün necə bilirsənsə, elə də yaz.

Qoy, birinci məhkəmə haqqını yesin. Ruhdan düşmə, apellyasiya ver. Bil, burda da qanuna tüpürə bilərlər. Eybi yox, Ali Məhkəməyə kasasiya göndər. Orda da hər şey ola bilər. Onda Avropa Məhkəməsini dənə. Burdan nəsə gözləmək olar, ancaq məyusluq da var.

Əgər bütün bunların heç biri fayda verməsə, ölü sükuta dalma. Susmaq, gözləmək məhv olmaq deməkdir. Sənin olan haqqın sənə verilməsi üçün başqa mübarizə üsulları düşün. Əgər mövcud qanunlar sənin olan haqqın sənə qaytarılması yollarını tanımırsa, elə mübarizəyə də bu qanunların dəyişdirilməsindən başla. Mənim, sənin, onun tənbəl, hürkək, xoflu xasiyyətinə belə mübarizə ağır yükdürsə, onda elə özünü dəyişməkdən başla. Başqa cür sənin olan haqqı ala bilməyəcəksən.

Məqalədəki fikrilər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG