Keçid linkləri

Təcili xəbərlər

Seçkinin təşviqat mərhələsi davam edir


Yerlərdə seçkiyə maraq var. Amma bu maraq yerli icra orqanlarının ciddi müqaviməti ilə qarşılaşır
Yerlərdə seçkiyə maraq var. Amma bu maraq yerli icra orqanlarının ciddi müqaviməti ilə qarşılaşır
Artıq bir neçə gündür ki, bələdiyyə seçkisinin təşviqat mərhələsi davam edir. Amma seçkinin statistikası indidən maraqlı tendensiyanı büruzə verir.

Seçkidə təxminən 18 partiya iştirak edir. Təkcə Yeni Azərbaycan Partiyası 15 min nəfərdən çox namizəd irəli sürüb. Qalan partiyaların namizədlərinin sayı isə təxminən 1700 nəfərdir. Belə çıxır ki, seçkidə YAP-ın 15 min nəfər namizədinə qarşı digər partiyalar 1700 nəfərlə mübarizə aparacaq.

Qeyd edək ki, təxminən 17 partiya ölkənin bütün partiyalarının spektrini əhatə edir və burada hakimiyyət yönümlü partiyalar da var. Ənənəvi müxalifət isə seçkidə çox zəif təmsil olunub. Məsələn, Müsavat kimi partiya seçkidə 125 namizədlə iştirak edəcək.

SEÇKİYƏ MARAQ VAR, AMMA...

Yerlərdə seçkiyə maraq var. Amma bu maraq yerli icra orqanlarının ciddi müqaviməti ilə qarşılaşır. Bu, bütün seçkilərdə belədir. İnsanlar maraq göstərir, amma hakimiyyət belə təşəbbüsləri sevmir. Artıq hakimiyyət nümayəndələri elan edirlər ki, müxalifətin sosial bazası yox dərəcəsindədir.

Çox maraqlıdır ki, bitərəflərlə birlikdə YAP namizədlərinin sayı elə bələdiyyə üzvlərinin sayı qədərdir. Seçki necə keçəcək? Bunun üçün ciddi araşdırmaya ehtiyac yoxdur. Bütün seçkilər necə keçibsə bələdiyyə seçkisi də elə keçəcək. Ola bilsin bir neçə dairədə müxalifət və müstəqil namizədlər qalib gəlsin. Amma əvvəlki seçkilərdə olduğu kimi onların sayı 10 faizi ötməyəcək.

Təşviqat mərhələsi də məhdudiyyətlər çərçivəsində həyata keçirilir. Daha əvvəlki şəhərlərdə olduğu kimi namizədlərin şəkilləri divarları bəzəmir. Şəhərin «gözəlliyinə» xələl gətirdiyi üçün bu, yasaq olub. Amma bələdiyyə seçkisi digər seçkilərdən lokallığı ilə fərqlənir. Burada insanlar məhdud dairədə vətəndaşların səsini almağa çalışırlar.

Böyük seçkilərdə vəziyyət bir qədər fərqli olur. Bütün seçkilərdə olduğu kimi indiki bələdiyyə seçkilərində də seçki texnologiyalarının qıtlığı müşahidə olunur. Bu da səbəbsiz deyil. Maraqlı texnologiyalara o vaxt rast gəlinir ki, seçki azad və sərbəst şəkildə keçirilsin. Azad seçki isə Azərbaycan reallığında arzudan başqa bir şey deyil.

«MEQAPARTİYA», YOXSA...

Çox qəribədir ki, hakim partiya olan YAP-ın iddialarının həddi-hüdudu yoxdur. Bu partiya artıq meqapartiyaya çevrilir. Büdcə strukturlarında çalışan bütün insanlar partiyaya üzv edilir. Bununla partiyanın «kütləviliyi» təmin edilir.

İş adamları digər müxalifət partiyalarına yardım göstərməyə ehtiyat edirlər. Bu istiqamətdə də bütün resurslar YAP-a tərəf yönəlir.

Hakimiyyət strukturlarında təmsilçilik haqqında isə danışmağa dəyməz. Burada YAP hər hansı «boşluğun» yaramansına imkan vermir. Məsələn, bələdiyyələr idarəçilikdə elə bir yükə malik deyillər. Güman etmək olardı ki, YAP heç olmasa burada rəqiblərə müəyyən şanslar verəcək. Amma yox.

YAP-ın isə belə fikri yoxdur. Onlar bu haqda hətta perspektivdə belə düşünmürlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG