Keçid linkləri

Vaqram Marterosyan: «Tütəyin yuxarısını azərbaycanlılara verəcəm, aşağısını bizə».


Niyazi Mehdi

Niyazi Mehdi

Noyabrın 27-dən 30-can Tiflisdə belə bir konfransda oldum:

«Güney Qafqazda konfliktlərin önlənilməsində təhsil sektorunun və vətəndaş toplumunun rolu».

Orada mənim üçün ən dəyərli olan o çıxışdan-bu çıxışdan yığdığım cümlələr, deyimlər və ya çağdaş əda ilə desək, diskurslar oldu. Kosmosun zərrədən partlayıb pardaxlanması haqqında Böyük Partlayış nəzəriyyəsi var. Son zamanlar mən də diskursları balaca kosmosları pardaxlayan minipartlayışlara düçar etməyi xoşlayıram.

Erməni publisist və alimlərinin böyük bir kəsiminin qədimlik üzrə Qafqaza «tarixçi» yarışını salması bəlli məsələdir. Bu yarışda bizə (və gürcülərə) acıq vermək vardı və biz də acığa düşərək əski türklərin torpağımızda bulunmasını Qobustan qayalarında, Şumer sözlərində axtarırıq. Adamın öz nəslinin haradan başlaması axtarışına çıxması nə qədər təbiidirsə, ulusun qədimlik axtarışında bulunması o qədər təbiidir, ancaq təki bu eybəcərliyə, bayağılığa gətirməsin. Bax, həmin axtarışların tragi-komikləşməsinə qiyam olaraq bizim bəzi düşüncə adamları acığa düşüb qədimlik iddiamızı ələ salmağa başlayıblar ki, biz buyuq, yəni aşağıdakıyıq:

Əcdadımız midiyalılar irandilli, albanlar qafqazdilli olsalar da deməli, qanımızda türklə yanaşı onların da Qanı axsa da hər halda varis kimi bu məmləkətin yiyəsiyik. Ancaq elə bütünlükdə də gənc millət olmaq ayıb deyil!

Mənə ilginc oldu ki, milli qədimlik axtarışlarının siyasiləşdirilməsinin törətdiyi bayağılıqdan ermənilərdə də bezənlər var. Bunu Aşot Bleyanın sözlərindən çıxardım:

Millətin qədimliyi ona heç bir üstünlük vermir!


Ancaq məsələ belə qoyulanda soru çıxır, bəs onda millət nə ilə öyünsün? (Axı, millətçiliyə pis baxan liberal Klintonun da bir çıxışında vardı ki, milli qürur təbiidir).

Bax, bu kontekstdə də mən konfransda soruşdum: elə bir milli şüur ola bilərmi ki, ərənlik tarixi olmasa belə öz tarixi ilə öyünsün? Özünün qəhrəmanlığı olmayan, hətta çoxlu rüsvayçı səhifələri olan tarixlə öyünmək olarmı?

Mənə cavab verən olmadı, bəlkə də sualımın verə biləcək sonucları düşünülmədi. Ancaq indi sualıma cavab olaraq fikirləşirəm ki, millətin hər dönəmində çoxlu ağıllı kəslər tapılıbsa ki, rüsvayçı tarixi yüksək arxiv mədəniyyəti ilə bitdə-bitdə (yəni bit kimi xırdalıqlarla) yazıblar – bu tarix iftixar doğurmaya bilməz. İftixarı qəhrəmanlar törədirsə, onda deməli, elə bu adamlar da qəhrəman olublar.

Buradan da millətdə arxiv mədəniyyəti məsələsini çıxarmaq olar. Arxiv mədəniyyəti Azərbaycanda arxivlər idarəsinin olması deyil. Əgər azərbaycanlı babasından o taya gedə bilmirsə, nəsildə öz tarixindən xəbər verən olaylar yadlarda qalmayıbsa və daha yaxşısı, yazılmayıbsa, bu arxiv mədəniyyətsizliyidir.

Bəlkə belə bir sorunu diskussiya edək, dartışaq:

Sənin, mənim arxiv mədəniyyətim nədir? Bunun olmaması niyə pisdir? Bəlkə olması mənasız muşğulatdır? İsrafcıllıqdır? Axı, arxivi yığıb saxlamağa pul, əziyyət gərəkdir.

Konfransda bir sual da çıxdı: tarixi necə yazaq ki, bu, nifrət alovuna yeni odunlar atmasın? Başı bretli, boynu şarflı rəssam görünüşü olan bir erməni yazarı, - Vaqram Marterosyan özünükinayə ilə dedi:

O biri tarix «kiminkidir, kim-kimi qırdı, kim-kimdən oğurladı» üstündə konflikt doğurursa, başqa tarixi - kulturoloji tarixi yazmaq gərəkdir. Məsələn, duduğu (tütəyi) aramızda bölüşdürən tarixi.

Azərbaycanda barışcıl müsahibələri ilə yaxşı tanınan Qeorqi Vanyan qayıtdı ki:

- Necə bölüşdürəcəksən?

Vaqram Marterosyan:

- Tütəyin yuxarısını azərbaycanlılara verəcəm, aşağısını bizə.

Vanyan:

Bə, yuxarını, aşağını necə tapacaqsan? Bunun üstündə təzə müharibə başlamayacaqmı?!

Üzdə kəllə-kəlləyə gəlmək kimi görünən bu deyişmənin baməzəliyindən mən özüm üçün bir sonucu çıxardım:

«Sarı gəlin»i, tütəyi, dolmanı bölüşdürmək, kiminki olmasını demək belə vacibdirsə, oğrunun əlindən tutan adamın qəzəbi ilə yox, məzə ilə demək yaxşıdır. Ancaq bu, məsələnin primtivləşdirilməsidirsə, gəlin tapaq, görək biz necə dəyişməliyik ki, qarşılıqlı savaşlarımızdan, pisliklərimizdən yazmamız çağdaş insanımızın ağayanaqlığını pozmasın. Bunun üçün siyasətdə nə baş verməlidir, elmdə nələr olmalıdır, xasiyyətimiz necə dəyişməlidir?

Şərhləri göstər

XS
SM
MD
LG