Keçid linkləri

«Məmurlar elmi biznesə çevirib, elmi strukturlar özünü doğrultmur, elmdə böyük uğurlar yoxdur...» Yox, bu yazıda məqsəd Ramiz Mehdiyevin elm haqqında yazdığı iki səhifəlik məqaləni araşdırmaq deyil. Ən azı ona görə ki, ən böyük məmurlardan biri də Ramiz Mehdiyevin özüdür.

Üstəlik, Azərbaycanın maraqlı özəlliyi var: qaydalar «yuxarı»dan pozulur. «Yuxarılar» özləri qaydanı pozur, amma bunu başqalarına rəva görmürlər.

Məmurların elm və təhsillə bağlı ilişgilərini araşdırarkən gərək belə bir faktı da unutmayasan ki, bir sıra yüksək rütbəli məmurlar həm də təhsil və elm sahəsində də böyük vəzifələr tuturlar. Məsələn, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olmaqla yanaşı həm də Dövlət İdarəetmə Akademiyasında fəlsəfə kafedrasının müdiridir. Digər tərəfdən, məmur zümrəsinin elmi titulları almaq həvəsinə toxunarkən unutmaq lazım deyil ki, İlham Əliyevin özü siyasi elmlər doktorudur. Əgər prezident «elmlə məşğul olmağa» vaxt tapırsa, digər məmurların «elmlə məşğul olması» niyə təəccüblü görünməlidir?!. «Elmlə məşğul olmaq» məsələsinə gəldikdə isə, əgər Ramiz Mehdiyev qəzetdə dərc olunan məqalələrini elmə böyük töhfə hesab edirsə, ciddi yanlışlığa yol verir...

Təbii ki, bütün bunlar elmin idarəolunması və elmə münasibətlə bağlı olan problemlərdir. Bunlardan başqa da ciddi problemlər var. Son illərdə elm həqiqətən də ciddi problemlərlə üzləşib.

AZƏRBAYCANIN ELM KONSEPSİYASI VARMI

Bütün problemlər bununla bağlıdır. Sovetlər İttifaqı böyük dövlət idi və onun elmlə bağlı özünün böyük konsepsiyası var idi. İndi Sovetlər İttifaqı yoxdur, keçmiş sovet respublikaları var və onların hamısı yeni yaranmış Müstəqil Dövlətlər adlanır. Bu kiçik dövlətlər artıq özlərinin elmi konsepsiyasını formalaşdırmalıdır. Aydındır ki, əvvəlki kimi böyük elmi strukturlar, böyük elmi layihələr özünü doğrultmur. Kiçik dövlətlərin elmi tələbləri də kiçik olur. Üstəlik, burada strateji hədəfləri düzgün müəyyənləşdirmək lazımdır. Rusiya istisna olmaqla xarici dövlətlərin əksəriyyətində elm universitetlərdə cəmləşib, adət edilən akademik strukturlar yoxdur. Azərbaycan da bu iki modeldən birini seçməlidir, ya akademik strukturları inkişaf etdirməli, ya da universitetlərə diqqəti artırmalıdır. Sovet İttifaqında elm böyük hərbi-sənaye kompleksinə və elm tutumlu iqtisadiyyata istiqamətlənmişdi. Azərbaycanda bunların heç biri yoxdur. Düzdür, indi hərbi sənaye kompleksi yaratmağa cəhd edilir, amma bu strukturların elmə tələbatı bir o qədər də böyük deyil.

AZƏRBAYCANA HANSI ELM LAZIMDIR?

Müxtəlif elm sahələrinin yaşadığı problemlər də müxtəlifdir. Humanitar elmləri götürsək, onların dövlətdən tələbatı bir o qədər də böyük deyil. Amma bu sahədə də ciddi uğurlar yoxdur. Zənnimizcə, bu da təsadüfi deyil.

Humanitar elmlərin bəzisinin inkişaf etməməsinin səbəbi mövcud siyasi rejimdir. Humanitar elmlər həmişə siyasi sistemə həssas olurlar. Siyasi rejimlərin bir qismi humanitar elmlərdən ya ideoloji vasitə kimi istifadə edir, ya da ona «bəzək» kimi yanaşırlar. Özləri isə idarəetmədə elmdən yan keçməyə çalışırlar.

Təbiət elmlərinə gəldikdə isə bunlar başqa problemlər yaşayırlar. Təbiət elmlərinin eksperimental hissəsi indiki Azərbaycanda inkişaf edə bilməz, çünki bunun üçün böyük xərclər lazımdır. Eksperimental fizikanın və kimyanın, eləcə də başqa elmlərin inkişafı üçün böyük məsrəflər tələb olunur. Müasir radioteleskopun və yaxud zərrəciklərin sürətləndiricilərinin qurulması üçün milyardlarla dollar vəsait lazımdır. Bəs çıxış yolu nədədir? Azərbaycanda nəzəri elmlərin inkişafına diqqət yetirmək olar. Məsələn, eksperimental fizika sahəsində ABŞ-la rəqabət aparmaq çətindir, amma bunu nəzəri fizika sahəsində etmək olar. Nəzəriyyə ilə məşğul olmaq üçün bir tədqiqatçı və bir də kompüter lazımdır.

Amma əvvəlcə minimum problemləri həll etmək lazımdır. Hamı elmin inkişafından danışır, amma alimlərin maaşının artırılmasından heç kim danışmaq istəmir. Hərçənd ki, bu, çox vacib məsələdir, indiki maaşlarla heç bir alim elmlə məşğul ola bilməz və təsadüfi deyil ki, Azərbaycan elmi hələ ki xaricdə çalışan alimlərin hesabına inkişaf edir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG