Keçid linkləri

Təcili xəbərlər

Nobel Mükafatı üçün üfüqdə qaralan ya ağaran fiqurlar


«Mən Osloda Barış Mükafatı üçün Obamanı seçənlərin «ləzzətdən» parıldayan gözlərini gördüm»
«Mən Osloda Barış Mükafatı üçün Obamanı seçənlərin «ləzzətdən» parıldayan gözlərini gördüm»
Bu yazıyla mən çox dolaşıq ilişgilərə və ya belənçi deyim, semantik sayrışmalara girməli olacam və irəlicədən biləmmirəm düşük bir şey alınacaq, yoxsa nəsə urvatlı tapıntı. Bu yazıya itələndim Obamaya Nobel Barış Ödülünün verilməsi ilə. Deyəsən, öncələr heç vaxt adı keçən Sülh Mükafatının verilməsi adamları, ekspertləri bu qədər bir-birinə vurmamışdı. İndi isə sanki darıxan dünyaya mırtdanmaq üçün bəhanə verildi. Əslində Əfqanıstan, İraq, Pakistan partlayışları elə bil ki, bu anlaşmaz din şəhidlərinin dünyanı darıxmağa qoymamasından xəbər verir. Ancaq təkrarlar monotonluq və darıxqanlıq yaradır – artıq, özünü partladan adamlar o qədər çoxalıb ki, - məsələ belə ciddi olmasaydı, itinə tökdür də deyərdim, - heç kimi day duyğulandırmır, heç Azərbaycan anti-qərbçiləri də belə potensialla qürrələnmir.

Bax, bu dünyanın konflikt, didişmə təkrarçılığında, monotonluğunda mən Osloda Barış Mükafatı üçün Obamanı seçənlərin «ləzzətdən» parıldayan gözlərini gördüm – bu ləzzət gözlənməz söz birləşməsi tapmış şairdə, unitazı sənət əsərinə çevirmiş pop-art sənətçisində olardı, indi isə o ləzzəti almaq həvəsi respektabelli Nobel komissiyasına yoluxub. Barak Obamanın komissiyada lehinə səs verənlər seçimlərinin hansı qalmaqal törədəcəyini bilməyə bilməzdilər, Mükafatı hörmətdən salma riskinə görə odla oynadıqlarını da bilməyə bilməzdilər. Ancaq əsl paradokslarla oynamağı sevən qalmaqalçı Salvador Dali azarı ilə seçimlərini etdilər.

Gümanım budur ki, Obama faktı ilə Oslo Nobel komissiyası Sülh ideyasını genişləndirmək, yeni mənalarla zənginləşdirmək (məsələn, «xidmət üçün yox, dəstək üçün verilir») işində «avanqardist» yeniliyi edəndən sonra ənənəyə qayıdacaq. Bu ənənədə ən ilginc olan Qorbaçov, ya Kofe Annan deyil, ən maraqlısı yağı düşmənlərin və ya uyuşmaz fiqurların bir araya gətirilməsidir: Henri Kissencer və Le Dıx Txo (Vyetnamda barışa görə), Ənvər Sədat və Menahem Beqin (Misir və İsrail ilişgiləri ilə bağlı), Yasir Ərəfat və İsxaq Rabin (Fələstin və İsraillə bağlı ), Con Hyum və Deyvid Trimbl (Quzey İrlandiya münaqişəsi ilə bağlı). İndi ağlıma gəlir, görəsən, bu xətt irəlidə kimlərə aparıb çıxara bilər? Bu sualı düşünəndə hazırca durub gözləyən Mixayil Saakaşvili və Vladimir Putin, Serj Sarqsyan və İlham Əliyev adları üfüqdə parladı. Ola bilməz ki, bu adların daşıyıcılarının ağlına belə perspektivin mümkünlüyü gəlmir. Ola bilməz ki, barış danışıqlarında kimlərsə onlara bu perspektivi pıçıldamır. Bəlkə Dağlıq Qarabağ variantında Eduard Nalbandyan və Elmar Məmmədyarov variantı ola bilər? Ancaq deyəsən, bizim ölkələr elə balacadır ki, onlarda ikinci-üçüncü dərəcəli adamlar lupa ilə görünür.

Nobel Sülh Mükafatı verilən adamların hamısının və ya çoxunun ölkə içi ilə, ya da konfliktdə onları dəstəkləyənlərlə problemi olub, Ənvər Sədatı, İsxaq Rabini buna görə öldürməmişdilərmi?! Marti Axtisarini isə Kosovoya görə serblər heç vaxt bağışlamaz.

Nobel Mükafatının ölçülərinə uyğun olaraq Sarqsyan və Əliyev qoşasının iç və dış gərginlikləri artır. Sanki hazırca barış qəhrəmanları, bu söz birləşməsini kimlərsə və ya hansı semantik mürəkkəbliklərə görəsə dırnaqda da yazarlar, dırnaqsız da yazarlar, üfüqdə qaralırlar və ya ağarır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG