Keçid linkləri

Bir ədəbiyyat, bir də siyasət sahəsində Nobel mükafatı həmişə mübahisəyə səbəb olur. Bəlkə də bu hər iki sahənin populyarlığından yaranır. Çox güman ki, hamını razı salmaq mümkün olmadığından mübahisələr də populyar xarakter daşıyır, adamlar ürəklərində Nobel komitəsinin qərarı ilə razılaşmır və s.

ABŞ prezidenti Barak Obamaya da Nobel mükafatının verilməsi haqqında xəbər gələndə təxminən eyni hisslər keçirildi. Hakimiyyətinin bir ili hələ tamam olmamış prezidentə nəyə görə Nobel mükafatı verilməsi müəyyən qədər mübahisələrə səbəb oldu. İnsanlar dərhal yada saldılar ki, ötən il sülh sahəsində Nobel mükafatı Kosovo sülh planının müəlliflərinə verilmişdi. Və bu dəfə də ürəklərində sülh mükafatının nisbi xarakter daşıması haqqındakı «həqiqəti» yada salıb sakitləşdilər. Doğrudan da bir çox məsələlərdə mütləq həqiqət olmur, bəzən nisbilik üstələyir.

İRQÇİLİK HAQQINDA ANCAQ DƏRSLİKLƏRDƏ

Qlobal fəaliyyəti bir tərəfə qalsın, Barak Obama adı artıq ABŞ-ın tarixinə düşmüş prezidentdir. İlk qaradərili prezident! Bundan sonra o, heç nə etməsə də, bu tutumda tarixdə qalacaq. Obamanın prezident seçilməsi artıq irqçiliyin şüurlardan belə silinməsi deməkdir. Uşaqlar bundan sonra irqçilik haqqında ancaq dərsliklərdən oxuyacaqlar.

Amerika cəmiyyəti öz içindən yüz illərlə tarixi olan inamsızlığı silib ata bildi. İnamsızlıq asan məsələ deyil. Etiraf edək hələ də bəzilərimiz öz ürəyində bu inamsızlığı daşıyır: qaradərili prezident vəzifəsinin öhdəsindən gələ bilərmi? Hər cəmiyyətə özünə inamı qaytarmaq müyəssər olmur. ABŞ cəmiyyəti bunu bacardı.

Aydın məsələdir ki, bu mükafatın verilməsi məhz yuxarıda qeyd olunan səbəbdən mümkün oldu. İndi Köhnə Dünya – Avropa öz içindəki inamsızlığı dəfn etməlidir. Avropada irqçilik yoxdur. Amma bəzi millətlərə və dinlərə qarşı inamsızlıq var. Belələrindən biri də müsəlmanlar və islam dinidir. Məlum olduğu kimi, Türkiyənin Avropa Birliyinə üzv ola bilməməsinin bir səbəbi də onun islam ölkəsi olmasıdır. Əslində bu, Avropa üçün utanc gətirən məsələdir. Daha Avropa özünə bəraət qazandırmaq üçün diqqəti ABŞ-dakı irqçiliyə yönəldə bilməyəcək. Daha belə irqçilik yoxdur.

STİMULLAŞDIRICI MÜKAFAT

Nobel komitəsinin üzvləri etiraf edirlər ki, ABŞ prezidentinə mükafat gördüyü işlərə görə yox, daha çox görəcəyi işlərə görə verilib. Müəyyən mənada bu mükafat avans və stimullaşdırıcı xarakter daşıyır. İndi qlobal miqyasda böyük dəyişikliklər baş verir. İlk baxışda belə təəssürat yaranır ki, dünya statik durumdadır – hər şey öz yerini tutub, böyük dəyişikliklər gözlənilmir. Amma bu zahirən belə görünür. Əslində isə qlobal proseslərdə böyük bir dinamizm var. Gözümüzün önündə ikinci fövqəldövlət rolunu öz üzərinə Çin götürür. Rusiya artıq arxa plana keçir. Bu, böyük dəyişiklikdir.

Bütün bu dəyişikliklər dinc şəraitdə keçməlidir. Bu isə böyük dövlətlərdən böyük məsuliyyət tələb edir, o cümlədən də böyük fövqəldövlət olan ABŞ-dan.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG