Keçid linkləri

Son günlərin ciddi hadisələrindən biri də Türkiyədə «Demokratik Toplum» partiyasının qadağan olunmasıdır. Bu hadisə hakim partiya olan AKP-nin ünvanına yazılsa da məsələnin tarixi bir qədər uzaqlara, 2007-ci ilə aparır.

Nəhayət, Konstitusiya Məhkəməsi belə qərara gəlib ki, PKK-nın siyasi qanadı olan «Demokratik Toplum» partiyası bağlansın. Təbii ki, bu, hakim partiyanın qərarı deyil, çünki Türkiyədə Konstitusiya məhkəməsi müstəqil qurumdur və hər hansı partiyanın sözü ilə fəaliyyət göstərmir. Çox maraqlı haldır ki, Demokratik Toplum partiyasının bağlanması AKP-nin «Demokratik açılım» layihəsi ilə eyni vaxta təsadüf edir...

Bundan sonra nə baş verəcək? Hadisələr hansı istiqamətdə cərəyan edəcək? Güman edirik ki, bu sualların cavabı çox böyük maraq kəsb edir.

YENİDƏN SAVAŞMI?
Hakim partiya olan AKP kürd probleminin həllində ciddi irəliləyişə nail olmaq istəyirdi. Artıq Böyük Millət Məclisinin müzakirəsinə «Demokratik açılım» layihəsi təqdim olunmuşdu, kürdlərə mədəni muxtariyyət verilməsi haqda söhbətlər gedirdi. Amma indi bunların hamısı geridə qaldı. Partiyası yasaq edilən kürdlər etirazlara başladılar.

Kürd separatçılarının problemi çox çətin məsələdir. Artıq bu vaxta qədərki olaylar belə deməyə əsas verir ki, yasaqlar və qadağalar bu problemi həll etmək iqtidarında deyil. Bir neçə il bundan əvvəl PKK lideri Abdulla Öcalan həbs edildi, amma bu, kürdlərin separatçı və zorakı fəaliyyətinə son qoymadı. İndi də «Demokratik Toplum» partiyasının ləğv edilməsi də bu fəaliyyətin sonu olmayacaq.

Aydın məsələdir ki, partiyanın ləğv edilməsi «Demokratik açılım» layihəsinin sonu deməkdir. Kürd probleminin dinc yolla həlli üçün nəzərdə tutan daha bir addım uğursuz oldu. Bundan sonra ən çox ehtimal edilən budur ki, yenidən savaş başlayacaq və kürdlər öz zorakı fəaliyyətlərini davam etdirəcəklər...

BƏS AVROPA BİRLİYİ?
Türkiyənin Avropa Birliyinə üzv olmaq istiqamətində maneələr onsuz da çox idi. Hakim partiya kürdlərlə barışıq qurmağa çalışanda məhz bu maneələrin sayını azaltmaq istəyirdi. Amma vəziyyət əksinə oldu və kürdlərin partiyası qadağan olundu. Artıq bir sıra Avropa partiyaları «Demokratik Toplum» partiyasının ləğv edilməsinə etiraz edib. Təbii ki, Avropa partiyaları məsələyə birtərəfli yanaşırlar, amma bu, vəziyyəti dəyişmir, çünki Avropa Birliyində söz onlara məxsusdur. Onlar isə Türkiyənin Birliyə üzv olmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edirlər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG