Keçid linkləri

Yazıçılar Birliyi öz yubileyini keçirdiyi zaman ədəbiyyatdan başqa bir şey haqda yazmaq, necə deyərlər, günahdır. Düzdür, ədəbiyyat adamları belə cəhdlərə qısqancıqla yanaşırlar, amma istənilən problemə kənar baxış bütün hallarda faydalıdır. Üstəlik, ədəbiyyat cəmiyyətin həyatında sıradan olan bir hadisə deyil. Təsadüfi deyil ki, mədəniyyət deyəndə ilk yada düşən ədəbiyyat olur.

Etiraf etmək lazımdır ki, ədəbiyyat indi böhranlı dövr yaşayır. Təkcə oxucu problemini araşdırmaqla böyük yazı yazmaq olar. Amma bu, problemlərdən yalnız biridir. Oxucu, nəşr, təsisat, sağlam yaradıcı mühit - bütün bunların hamısı ədəbiyyata aid məsələlərdir.

Amma bir qədər kobud səslənsə də, bu problemlərin bir qismi mövsümi və texniki xarakterlidir. Ən böyük problem isə nədən yazmaq və necə yazmaq problemidir. Əsl ədəbiyyatla müvəqqəti ədəbiyyatı ayıran əsas məsələ də budur.

ŞƏRQDƏN QƏRBƏ DOĞRU

Ənənəvi Azərbaycan ədəbiyyatı Şərq ədəbiyyatıdır. Bir Şərq ədəbiyyatı kimi dərin köklərə malik olan söz sənətinin mobilliyini, çevikliyini azaldan amillərdən bəlkə də birincisi budur. Şərq ədəbiyyatının problemləri çoxdur.

Qısaca demək olar ki, Şərq ədəbiyyatı etikaya və Aristotel məntiqinə söykənir. Qərb ədəbiyyatı isə daha çox estetikaya bağlıdır. Min illər ərzində nəsihətnaməyə çevrilən Şərq ədəbiyyatı əsl kamil insan və kamil ictimai quruluş yetişdirə bilmədi. Elə bu səbəbdən Şərq ədəbiyyatının böhranından danışmaq daha düzgün olardı. Qərb ədəbiyyatı isə öz qarşısına belə bir məsələ qoymamışdı. Həyatın və varlığın estetik tərəflərini önə çəkən Qərb ədəbiyyatı özü də bilmədən mükəmməl insan və ən başlıcası isə mükəmməl ictimai quruluş yaratmağa nail oldu. Təbii ki, burada bir «nisbi» kəlməsini də işlətmək yerinə düşərdi.

İndi Azərbaycan ədəbiyyatı qarşısında dayanan ən mühüm problem məhz Qərbləşmək problemidir. Burada məkan və zaman dəyişmir, sadəcə bunlara baxış dəyişir.

GƏNCLİK YENİ ƏDƏBİYYAT YARADA BİLƏCƏKMİ?

Digər yaradıcı qruplardan fərqli olaraq ədəbiyyatda nəsillər problemi özünü çox qabarıq tərzdə biruzə verir. Azərbaycanda da gənc ədiblər var, onların yazdıqları yaşlı nəslin yazdıqlarından çox fərqlənir. Amma buna yeni ədəbiyyat demək mümkündürmü? Bu sualın cavabını zaman verəcək. Amma təcrübə göstərir ki, adi xronoloji fərq hələ məzmun fərqi, yenilik demək deyil. Yenilikçi ədib olmaq üçün baxış bucağı dəyişməlidir. İstənilən xalqın şüurunda və mentalitetində gizlinlər var. Amma təkcə bu gizlinlərə işıq salmaqla yeni ədəbiyyat yaratmaq olmaz. Azərbaycanın gənc ədibləri hələlik bu üsuldan istifadə edərək yeni ədəbiyyat yaratmaq istəyirlər. Üstəlik, bu, artıq keçilmiş yoldur. Qərb ədəbiyyatı bir çox gizlinləri aşkarlayıb, onları sənətə gətirib...

BİR AZ DA TƏSİSAT HAQQINDA

Bu sahədə də yeniliyə ehtiyac var. Digər yaradıcı qurumlardan fərqli olaraq Yazıçılar Birliyi çox problemli təşkilatdır. Əslində, bu problem olmamalı idi, çünki demokratik quruluşda yaradıcı birliklər, qruplar çox ola bilər. Hələ sovetlərin erkən çağında SSRİ-də də belə idi. Sonradan bütün digər birlikləri sıradan çıxararaq yazıçı və şairlərin hamısını bir birlikdə topladılar.

Azərbaycanda bu ənənə hələ davam edir. Hökumət ədəbi birliklərdən ancaq Yazıçılar Birliyini tanıyır və onunla əməkdaşlıq edir.

Yazıçılar Birliyinin məmurlarının fikrincə, Azərbaycanda ciddi ədəbi problemlər yaşanmır. Amma əslində isə belə deyil. Yaradıcı gəncliyin böyük əksəriyyəti bu qurumdan kənarda toplaşıb, onun strukturlarında təmsil olunmayıb. Bu, çox ciddi problemdir. Yazıçılar Birliyi onları gah görmək istəmir, gah da ədəbi müxalifət adlandırır. Amma onlar bütün hallarda mövcuddurlar və yeni ədəbiyyat dedikdə hamı onlara tərəf boylanır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Həmçinin oxu!

İki ay qazdılar, Lorkanın sümükləri tapılmadı...

Soljenitsının əsərini 5 dəfə qısaltdılar

«Rus mədəniyyəti bizə türk mədəniyyətindən yaxındır…»

Şərhləri göstər

XS
SM
MD
LG