Keçid linkləri

1999-cu ildə yaradılan Azərbaycan Respublikasının Dövlət Neft Fondu yalnız 2008-ci ildə əhəmiyyətli gəlir gətirməyə başladı. Bu, ilk növbədə onunla bağlı idi ki, «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun istismarı üçün investisiya borcları bütünlüklə ödənildi. Təbii ki, dünya bazarlarında neft qiymətinin kəskin qalxması da həlledici rol oynadı. Nəticədə artıq ötən il ərzində Neft Fondunun büdcə gəlirləri nə az, nə çox – düz 11 milyard 864.7 milyon manat təşkil edib.

Bu məbləğin miqyasını təsəvvür etmək üçün bir fakta nəzər yetirək: 1999-cu ilin dekabrından (Azərbaycan ilk dəfə olaraq «Azəri-Çıraq-Günəşli» sazişi çərçivəsində mənfəət nefti almağa başlamışdı) 2008-ci ilin 1 yanvar tarixinədək. Azərbaycanın hasilatın pay bölgüləri sazişləri üzrə əldə etdiyi mənfəət neftinin dəyəri cəmi $4 milyard 526.7 milyon təşkil etmişdi və ya ötən ilki məbləğin 30.1% olmuşdu. 2008-ci ildə isə mənfəət neftinin Neft Fonduna gətirdiyi gəlir 11 milyard 527 milyon manat və ya təqribən $14.41 milyard olmuşdu. Buradan aydın görünür ki, mənfəət nefti Azərbaycan Neft Fondunun gəlir kateqoriyasında xüsusi çəkiyə malikdir və ötən ilin nəticələrinə görə, onun payı 96% təşkil etmişdir.


Qeyd etmək yerinə düşərdi ki, 2009-cu il oktyabrın 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 19.24% artaraq 10 716.2 milyon manata (13 337.5 milyon ABŞ dolları) bərabər olmuşdur.

Fondun icraçı direktoru Şahmar Mövsümov hələ noyabrın əvvəlində bildirmişdi ki, dünya bazarında neftin qiymətləri $70-dan aşağı düşməsə, onda ilin sonuna kimi Fondun aktivləri $14 mlrd təşkil edə bilər. Ancaq noyabr ayının yekunlarına görə, «Brent» tipli neftin dünya bazarında orta qiyməti $77.76 oldu, bu isə oktyabr ayı ilə müqayisədə $3.71 artıq idi. Dekabrın birinci yarısı neftin dünya bazarında qiymətləri aşağı düşsə də, orta qiymət $74.98 səviyyəsində qaldı. Ümumiyyətlə, hesab edirəm ki, 2009-cu il üçün Azərbaycan neftinin illik ixrac qiyməti $60 dollardan aşağı olmayacaq. Bu isə ona əsas verir ki, 2010-cu ilin 1 yanvarı tarixinə Azərbaycanın Neft Fondunun aktivləri $15 mlrd-a çata bilər.

2010-CU İLƏ HÖKUMƏT HANSI PROQNOZLA GEDİR


Azərbaycan hökumətinin addımlarını proqnozlaşdırmaq indiki şəraitdə faktiki olaraq mümkün deyil. Neftin qiyməti dünya bazarında düşəndə, onun ən pessimist qiyməti 1 barel üçün $80 idi. Hazırkı zamanda qiymətlər qalxmağa doğru meyl edəndə isə büdcənin gəlirlərini neftin orta illik qiyməti $45 olmaqla hesablayır. Bu əməliyyatın qəribəliyi bundadır ki, hökumət Neft Fondunun gəlir və xərclərini də büdcədə olduğu kimi hesablayır.

Bunun nəticəsidir ki, cənab Artur Rəsizadənin sədrliyi ilə keçən Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclasında 2010-cu il üçün büdcə layihəsi müzakirə edilərkən yekdilliklə Neft Fondunun gəlirlərinin 5 milyard 963 milyon 126.7 min manat, xərclərinin isə 5 milyard 428 milyon 431.2 min manat olmasına «səs vermişlər» və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişlər.

Bir məsələyə diqqət çəkmək yerinə düşərdi. Neft Fondu yaradılarkən keçmiş prezident Heydər Əliyev onun əsasnaməsini təsdiq edərkən bir detalı xüsusilə qabartmışdı: Neft Fondunun illik xərcləri onun gəlirlərinin 50%-dən çox ola bilməz! Ancaq Azərbaycanın neft gəlirləri artmağa başlayan zaman prezident İlham Əliyevin sərəncamı ilə Neft Fondunun Əsasnaməsinə 2004-cü ilin sentyabrında dəyişikliklər edildi. Yeni qaydalara görə isə, gələcək nəsillərə neft gəlirlərinin 25%-i saxlanması nəzərdə tutuldu.

Ancaq Neft Fondunun 2010-cu il büdcəsinin ilkin variantını nəzərdən keçirtdikdə məlum olur ki, gələn il hökumət neft gəlirlərinin 91%-ni (!) xərcləməyi planlaşdırır.

MƏNİM PROQNOZUM

Bəs reallıqda Azərbaycan hansı gəlirlərə ümid bəsləyə bilər? Hesab edək ki, Azərbaycanın ixrac neftinin 1 barelinin illik qiyməti builki səviyyədə qalacaq – yəni, $60 təşkil edəcək. Onda hesablamağa başlayaq:

2010-cu ildə «Azəri-Çıraq-Günəşli» layihəsi çərçivəsində 45 mln ton neftin (330 mln barel) hasilatı planlaşdırılır. Bunun dəyəri $19.8 mlrd edir. AÇG çərçivəsində xərclər ilkin olaraq $3.5 mlrd hesab edilir. Bundan əlavə, göstərilən həcmlərin dünya bazarına çatdırılması üçün $1.65 mlrd nəqliyyat xərcləri gözlənilir. Yəni, AÇG çərçivəsində ümumi mənfəət $14.65 mlrd, buradan şirkətlərin 20%-lik gəlir payını çıxdıqda isə $11.72 mlrd vəsait Azərbaycanın tam mənfəəti (SOCAR-ın mənfəəti və vergilər nəzərə alınmadan) təşkil edərdi. Bundan əlavə, gələn il Neft Fondu «Şah-dəniz» qazının satışı (yeni qiymətlə gəlirlər artmalıdır), BTC kəmərinin istismarından, fondun gəlirlərinin idarə edilməsindən və s. daxilolmalardan $1.5 mlrd gəlir də əldə etmək imkanı var. Yəni, ümumi daxilolmalar $13.2 mlrd civarında ola bilər.

Bu isə hökumətin proqnozlaşdırdığından $5.75 mlrd çox gəlir deməkdir.

Şərhləri göstər

XS
SM
MD
LG