Keçid linkləri

Nəcəf Nəcəfovun da vəfatından on il keçdi. Bu on ildə öyünüləsi uğurlar yoxdur. Ona görə də qalanlar ölənləri yetərincə yad edə bilmirlər. Kiminsə ruhunu yad etmək onun qarşısında cavab vermək kimi bir şeydir. Amma bu gün özünü cavabdeh hesab edə bilən bir kimsə varmı? Hamı batan gəmini tez tərk etmək istəyir. Çox az sayda adam var ki, hələ də küləyin səmtini tutmağa, gəminin yelkənini bu istiqamətə yönəltməyə çalışır. Alınırmı? Cavabı tarix verəcək. Tarix özü hər şeyi yerbəyer edəcək. Bizə isə Nəcəf bəyi anmaq qalır.

XATİRƏLƏRİN BİR DETALI HAQDA

Nəcəf Nəcəfovun adı həmişə müstəqil mətbuatın yaranması ilə bağlanır. Bu çox düzgün haldır. Ötən əsrin sonunda müstəqil mətbuatın banisi Nəcəf Nəcəfov oldu. Amma bu xatirələrdə bir çatışmamazlıq var. Nəcəf Nəcəfovun adı həm də Azərbaycanın istiqlal tarixi ilə bağlanmalıdır. Bəlkə də bu iki məqam biri-birilə bağlı olduğundan biri həmişə yaddan çıxır, ancaq onlardan biri xüsusilə qabardılır.

Amma Nəcəf təkcə mətbuatla məşğul olsaydı belə onun adı tarixdə yaşayacaq, həmişə anılacaqdı. Bəlkə də son on ildə mövcud rejimə qarşı sinəsini sipər edən də elə mətbuatın özüdür. Bu illər ərzində öyünüləsi bir hadisə varsa da bu da müstəqil mətbuatın mövcudluğudur. Digər atributlar artıq yoxdur. Daha siyasi partiyalardan danışmaq, QHT-ləri nümunə kimi göstərmək yersizdir.

O NƏ DEYƏRDİ?

Hətta ən yaxın keçmişi xatırlayanda belə qəribə hisslər keçirirsən. Adam fikirləşir ki, görən Nəcəf Nəcəfov sağ olsaydı indiki vəziyyətə necə münasibət göstərərdi? Susardımı? Bəlkə başqa cür hərəkət edərdi? Ümumiyyətlə, nə edərdi?.. Onun əvəzinə bu suallara cavab vermək çətindir. Tarix kino lenti deyil ki, çarxı istədiyin istiqamətə fırladasan!..

ONA VAXTINDA QİYMƏT VERİLMƏDİ

Çox adam orden və medallara layiq görülüb. «İstiqlal» ordenini kimlərə verməyiblər? Heydər Əliyevdən isə danışmağa dəyməz! Artıq onun adı ilə bağlı detallardan yox, bağlı olmayan detallardan danışmaq lazımdır. Səbəb? Sadəcə, qısqanclıq, hər şeyi öz adları ilə bağlamaq cəhdi...

Bir nəsil var ki, hələ də yaxın keçmişin xatirəsini yaşadır. Amma gənc nəsil elə bilir ki, Azərbaycanın son iyirmi ildəki tarixi ancaq Heydər Əliyevin, prezident aparatının, YAP-ın adı ilə bağlıdır... Amma belə olmayıb axı! Düzdür, yaxşısını və doğrusunu tarix bilir. Amma bir nəslin ömrü tarixin zaman tempi ilə müqayisədə çox kiçik intervaldır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG