Keçid linkləri

Bir orta əsrlər yadigarıdır bu şəhər. Avtomobillər, internet-kafelər, adamların əlində mobil telefonlar olmasaydı, siz özünüzü rahatlıqla Səfəvilər zamanında hiss edərdiniz. Təbiiliyini, aristokratlığını qoruyub saxlamış şəhərdir Ərdəbil.

İranın şimal-qərbində yerləşən «Ərdəbil ostanlığı»nın paytaxt şəhəridir. 1996-cı il əhalinin siyahıya alınmasına inansaq əhalisi 340 mindən artıqdır və demək olar ki, əhalisi tamamilə yerli azərbaycanlıdır.

Prezident olmamışdan əvvəl M.Əhmədinejatın valisi olduğu bu şəhər Təbrizdən və Urmiyadan müəyyən qədər mühafizəkarlığı ilə fərqlənir. Bunu Ərdəbil küçələrində də müşahidə etmək olar. Hətta insanların geyim tərzində.

Və düşüncə tərzində. Mən dini görüşlərimi Təbriz və ya Urmiyada daha rahat müsahiblərimə ifadə edə bilirdim, nəinki burda.

Şiə təriqətinin öndərlərindən Şeyx Səfi və Səfəvilərin dini siyasəti bu şəhərdə çox hiss edilir.

İran Azərbaycanının digər şəhərlərində olduğu kimi, Ərdəbil sakinləri də çox mehribandır bizlərə. Bir qayda olaraq bu şəhərdə Bakıdan gəldiyimi kim eşidirdisə, ətrafındakı insanlara da məni tanış edirdi və onlar da hədsiz hörmət göstərirdilər.

«Hörmət» demişkən, ünsiyyətdə olduğum insanlardan biri bir az kinayəli, amma səmimi olaraq bir hadisəni danışdı:

Şəxsi maşınları ilə Bakıya gəliblər. Hər addımbaşı Yol Polisi əməkdaşları onların maşınlarını saxlayırmış. Bir dəfəsində isə Yol Polisi əməkdaşı sürücünün bütün sənədlərini yoxladıqdan sonra sənədləri geri vermək istəməyib. Sürücü səbəbini soruşduqda polis əməkdaşı «hörmət etməlisən» deyib. Sürücü isə maşından enərək «sevgilər-sayğılar» deyərək polisi qucaqlamaq istəyib. Hadisəni təəccüblə izləyən ikinci polis şəhadət barmağını baş barmağına sürtə-sürtə «sən də başa düş də, «hörmət elə!» deyə izah edərək onlara kifayət qədər hörmət, qonaqpərvərlik göstərib.

Buna bənzər bir neçə hadisə olub. Nəticəsi isə belə olub ki, o adamlar bir daha Bakını görmək istəmirlər. Mənim isə onlarla deyəcək heç bir sözüm yox idi.

Belə «xoş» xatirələri siz başqa şəhərlərdə də eşidə bilərsiniz. Təəssüf ki, bir İran azərbaycanlısı mənim kimi səfərdən qucaq dolusu xoş xatirələrlə qayıda bilmir.

Ərdəbil ilə sərhəd İran Biləsuvarı şəhərinin arası təqribən 3 saatlıq yoldur. Taksilərdən gediş-gəliş üçün istifadə edə bilərsiniz. Gediş haqqı sadəcə 4 manatdır.

Bu şəhəri görməyinə dəyər, ən azı Şeyx Səfi türbəsinə və şəhərin hər bir yerindən görünən Savalan dağına görə.

Şərhləri göstər

XS
SM
MD
LG