Keçid linkləri

Təcili xəbərlər

«Allah qoysa», «pul qazanıb», «qız istəyib», «oğul-uşaq sahibi olub», «rəhmətə gedəcəm»


 Ağalar Məmmədov
Ağalar Məmmədov
Z.Freuda (Freyd) görə dil altşüur və şüurdanqıraq haqqında ifşaedici məlumatlar verir. Başqa sözlə, sənin qeyri-şüurlu dünyan necədirsə, dilin, daha doğrusu, danışığın da o cürdür. J.Lacan (Lakan, 1901-1981) isə bu əlaqəni tərsinə çevirir: Fərdin alt-şüuru və şüurdanqıraq dünyası onun dili ilə qurulur. Başqa sözlə, sən necə danışırsansa, alt-şüurun da o cürdür. Bu, elmdə inqilabi yeniliklərdən biridir.

Mən burada Azərbaycan dilinin bəzi gündəlik təkrarlanmaları üzərində dayanıb, Lakanın açdığı pəncərədən dilimizə baxaraq altşüurumuza boylanacağam. Beşcə dənə dil faktı göstərəcəyəm.

Allah qoysa

«Allah qoysa» – «inşallah»ın tərcüməsidir. Bizim üçün allah – ən birinci, Qoyan, arzu və planlarımızın həyata keçməsinə, onların həyat qapısından içəri girməsinə İcazə verən Qapıçıdır. «Allah qoysa» demək, ağanın (Rəbbin) könlünü oxşamaqdı, onu saya salmaqdı, çünki bir də gördün acığa düşdü, sənin arzuladığını həyata keçməyə qoymadı. Belə çıxır ki, son icazəni verən naməlum bir qüvvə var, onun icazəsi olmadan, sən heç nəyi özbaşına və təkbaşına reallaşdıra bilməzsən! Sonralar bu naməlum «Qoyan» məlum şəxslərə, məsələn, prezidentə, polisə, direktora və s. çevrilir və nəticədə yaltaq və itaətkar azəri əmələ gəlir. Çünki altşüuru belə qurulmuş adam artıq azad ola bilməz! O, şüurunda azadlığı anlasa, hətta bunu istəsə də altşüurundakı «Qoyan»ın varlığı onu azad olmağa qoymayacaq.

Pul qazanmaq

Pul – bizim üçün qazanılan nemətdir, qazancdır, əmək haqqı deyil. Alman, rus və türk dillərində isə «əməyin əvəzini almaq»dır. Biz isə pulu qazanırıq, onu əməyimizin əvəzində qanuni haqqımız kimi almırıq. Qazanmaq – udmaq kimi qumar termini; talamaq kimi savaş terminidi. Qazanılan nə olursa olsun, ya müharibə qəniməti kimi düşməndən qopardılan və yaxud da oyunda kələklə ələ keçirilən nemətdir. Ancaq müharibədə və qumarda qazanmaqdan, qazancdan söhbət gedə bilər. Halal qazanc olmaz. Daha doğrusu, qazancın halalı olmaz. Çünki qazanmaq atmağın, ya da qəsb etməyin sinonimidir. Normal cəmiyyətdə pul(u) qazanmırlar, maaş və yaxud məvacib alırlar, ana dilimizdə çoxdan unudulmuş sözümüzlə desək donluq alırlar. Buna görə də «maaşa baxan» adam – zəif sayılır, qumarda oyunçu kimi zəif, müharibədə döyüşçü kimi zəif. Pulun qazanıldığı yerdə sosium qurula bilməz, ora oyun və savaş sahəsidir.

Qız istəmək

Biz qız(ı) istəyirik, sevmirik. Filankəs filankəsin qızını «istəyir» deyirlər. Amma istəmək (hələ) sevmək demək deyil! Qızı istəmək olsa-olsa ona elçi düşməkdir. Qızı istəmək onu almaq istəməkdir. Filankəsin «qızını alan olmadı» deyirlər, başqa sözlə, istəyən olmadı. Amma bəlkə də onu sevən çox oldu, axı hər sevən elçi göndərmir. Sevib istəməmək olar, istəyib sevməmək olar. Sevmək özünü ona qurban verməkdir, başına dönməkdir. İstəmək isə əksinə, aqressiv tələbdir, bazardan qul almaq kimi, özünü ağayana aparmaqdır. Azərbaycanlının kişilik təsəvvüründə sevmək döyülmək kimi, uduzmaq kimi, təslim olmaq kimi bir qəbahətdir, hətta sevgi sözünü işlətmək də ayıbdır. Kişi dediyin istəyər, sevməz!

Oğul-uşaq sahibi olmaq

Nə üçün ancaq oğul? Bəyəm, ancaq oğul övladdı? Digər tərəfdən, gəlin, ayrıca bunu da diqqətlə eşidək: «sahibi olmaq». Sizə elə gəlmirmi ki, bu söz birləşməsində həyətində «mal-qarası olmaq», «toyuq-cücəsi olmaq» kimi bir yiyəlik halı da var? Çünki altşüur belə paralelliklərlə, oxşarlıqlarla, yəni formal «düşünür», o, şüurun əksinə olaraq məzmuna «baxmır». Sizin də başınıza gəlib mütləq, bəzən oxuduğumuz ya da eşitdiyimiz bir cümlənin məzmunu qalır qıraqda, ifadənin forması bizə hansısa bir mənanı xatırladır. Bu, altşüurun xatırlatmasıdır! Oğul-uşağının sahibi olan adam heç vaxt Ata ola bilməyəcək.

Rəhmətə getmək

«O dünya» varmı, yoxmu, bilinmir. Varsa necə var, hansı anlamda var, bilinmir. Amma biz elə rahatlıqla filankəs «dünyasını dəyişdi» deyirik ki, sanki əlimizlə qoymuşuq. Elə bil evini dəyişib, gözgörəsi burdan ora köçüb. Ölən – doğrudan da bizdən, bizim aramızdan gedir, dünyanı tərk edir, amma o, doğrudanmı harasa, özü də konkret olaraq «Rəhmət» adlı bir «sfera»ya gedir? Siz belə bir dialoq eşitməyi təsəvvür edə bilirsinizmi?

– Hara gedirsən?
– Rəhmətə.

Belə bir insan ölümün ekzistensial mənalarını heç düşünmək də istəməyəcək, çünki o ölməyəcək, Rəhmət adlı məkana gedəcək.

***

Siyasi təbliğatın «ümummilli öndər» kimi sabit devizləri və biznesin «ən baxımlı kanal» kimi reklam rolikləri də eyni məqsədi daşıyır – altşüuru qurmaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG