Keçid linkləri

Təcili xəbərlər

Türkiyənin Baki-Tbilisi-Ceyhandan qazancı


BTC xəritəsi
BTC xəritəsi
Son günlər Azərbaycan mətbuatında Türkiyədəki KİV-lərə istinadən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə hissəsinin ziyanla işləməsinə dair yazılar dərc edilir.

Türkiyə mətbuatı «Əsrin layihəsi» «Əsrin xətası»na döndü» yazır («Vatan» qəzeti). Onların yazdığına görə, Türkiyənin BOTAŞ şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəmərində zərərlə işlədiyini etiraf edib. Belə ki, şirkət ildə ən azı 300 milyon dollar gəlir əldə etməyi planlaşdırsa da, il ərzində 210 milyon dollar zərərə uğrayıb.

Hətta şirkət rəsmiləri düşünür ki, razılaşmalarda dəyişikliklər edilməzsə, şirkətin zərəri artmaqda davam edəcək. Bu barədə BOTAŞ şirkəti hökumətə və parlamentin müvafiq komissiyasına məxfi hesabat verib. Bu məsələ Türkiyə hökumətinin dekabrın 9-da keçirilən qapalı iclasında müzakirəyə çıxarılıb.

Türkiyə mətbuatı yazır ki, hazırda Türkiyə razılaşmalarla bağlı yaranan zərərin qarşısını almaq üçün şərtlərin dəyişdirilməsinə çalışır.

RƏSMİ RƏQƏMLƏR....

BTC boru xəttinin tikintisi başa çatdıqdan sonra BOTAŞ şirkəti Türkiyə ərazisində onun istismarı ilə məşğul olacaq törəmə şirkətini yaratdı – «BOTAŞ International Ltd». (BİL).

Mən üç dəfə BTC boyunca səyahət etmişəm. Hər dəfə BİL rəhbərliyi ilə görüşəndə onlar bu layihənin Türkiyə üçün çox önəmli olduğunu deyir, daşınan hər barel Azərbaycan neftinin qardaş ölkəyə gətirdiyi qazancı qeyd edirdilər. Təbii ki, bu zaman onlar mənə Ceyhan şəhərinin və BTC boyunca yerləşən yaşayış məskənlərinin dəyişən mənzərəsini göstərirdilər.

BTC-NİN TÜRKİYƏ HİSSƏSİ İLƏ 2009-CU İLDƏ NƏQL EDİLƏN NEFT
AylarHəcm (1000 barel)
Yanvar20.170
Fevral20.559
Mart24.350
Aprel22.925
May25.702
İyun25.892
İyul25.594
Avqust25.299
Sentyabr24.066
Oktyabr25.378
Noyabr23.208
Cəmi263.143
Mənbə: BOTAŞ

2007-ci ildə BTC ilə Türkiyə üzərindən 210 milyon 352 min, 2008-də isə 264 milyon 92 min barel neft daşınıb. 2009-cu il üçün proqnoz 288 milyon bareldir.

... VƏ RƏSMİ AÇIQLAMALAR

2009-cu ilin 18 dekabrında Azərbaycan neftini Ceyhan limanından dünya bazarlarına daşıyan 1000-ci tankerin yola salınma mərasimi oldu (göyərtəsinə 600 min barel neft qəbul edən «British Kestrel» tankeri 1 gün sonra Rotterdama yola salındı). Həmin tədbirdə çıxış edən BİL-in baş meneceri Sahil Paşaoğlu BTC-nin Türkiyə üçün olan önəmini vurğulayaraq bunları demişdi:

- «1000 tankerlik bir neftin (792 milyon barel) Türkiyə üzərindən daşınmasından artıq Türkiyə 500 milyon dollardan artıq gəlir əldə edib. Bunun 350 milyon dolları BOTAŞ və BİL şirkətlərinin xalis qazancı, 150 milyonu isə Türkiyə xəzinəsinə (büdcəsinə) ödənilən vergilərdir».

- «Son 12 ayda boru xəttinin işlədilməsinin faydalılığı bizim proqnozlarımızı üstələyərək 97% əvəzinə 98.4% olub».

BİL-in rəsmi açıqlamalarında deyilir ki, BTC-nin buraxıcılıq gücü gündə 1.2 milyon barelə (ildə 60 milyon ton) çatdığı təqdirdə Türkiyənin illik qazancı 270 milyon dollar olacaq. Bunun da 150 milyonu BİL və BOTAŞ-a, 90 milyonu dövlət büdcəsinə, 30 milyonu isə Ceyhan limanına xidmət haqqı kimi çatacaq. Bura «Azəri-Çıraq-Günəşli» yataqlarında Türkiyənin TPAO şirkətinin qazancını da (1.7 mlrd. dollar) əlavə etsək, onda Türkiyənin Azərbaycan neftindən illik gəliri 2 milyarda bərabər ola bilər.

Bir məlumatı da oxucuların diqqətinə çatdırmaq istərdim ki, Türkiyə hökuməti BTC layihəsi üçün heç bir investisiya qoymayıb və BTC-nin Türkiyə hissəsinin bütün xərclərini «BTC Co.» şirkəti həyata keçirib.

«ВТС Co.»nun sərmayədarları: BP (30.1%), SOCAR (25%), «Chevron» (8.9%), «Statoil» (8.71%), TPAO (6.53%), ENI (5%), «Total» (5%) ITOCHU (3.4%), INPEX (2.5%), «ConocoPhilips (2.5%) , «Hess» (2.36%).
XS
SM
MD
LG