Keçid linkləri

Çarxıfələk tərsinə ya düzünə dövran edir, Azərbaycana bunun dəxli yoxdur.

Fələyin çarxı əslində öz işinin ustasıdır, necə dövran edəcəyini özü yaxşı bilir.

Sadəcə, Azərbaycan bu çarxın orbitindən kənardadır, zaman fırlanır, Azərbaycansa qalır. O, fırlanmağa buradan başlayır, bir müddət uzaqlaşır, sonra yenidən buraya dönür.

Buna görə buranın insanları günü-gündən Mirzə Cəlilin personajlarına daha da çox bənzəyirlər.

Əslində, bu insanlar heç vaxt Məmmədhəsən əmidən, Novruzəlidən, Xudayar bəydən, Şeyx Nəsrulladan fərqli olmayıblar. Fərq fələyin çarxına ilişib, Azərbaycana gələn görüntüdür.

Mirzə Cəlil heç nə yazmamış olsaydı belə, bircə «Danabaş kəndinin əhvalatları» əsəri ilə də ucalacaqdı. Çünki o, bu kiçik əsərdə böyük bir xalqın portretini çəkdi, onun kiçik fərdlərinin böyük «xoşbəxtliyini» təsvir etdi. «Məmmədhəsən əminin ömründə xoş bir günü olubsa o da məhz elə ulağı aldığı gündür» deyəndə Mirzə Cəlil əslində o qocanın xoşbəxtliyinə ağlayırmış.

Hiss etmək çətin deyil, insanların kiçikliyi onların bədbəxtliyi idi. Çünki kiçik insanı yalnız kiçik səbəblər xoşbəxt edə bilər. Məmmədhəsən əminin isə həyatdan tək istədiyi ulaq alıb Kərbəla ziyarətinə getmək idi. Ulaq Məmmədhəsən əmini xoşbəxtliyə aparan səbəb idi. Ulağı olanda dünyalar onun idi, ulağını Xudayar bəy apardı, Məmmədhəsən əmi oldu dünyanın kədəri. Mirzə Cəlil ulağı Məmmədhəsən əminin arzusuna çevirməklə «kiçik insan»ı bizə anlatdı.

Mirzə Cəlilin vaxtilə kağız üzərində yaratdığı surət reallaşaraq Məmmədhəsən əmilərlə dolu bir ölkədə öz əksini tapıb. Bu peyzaja ulaq görüntüsü çatmır, o da bəlkə məmləkətin qeyri-rəsmi Ulaq qadağasından doğur.

İndi bu ölkədə yaşayanları ən kiçik şeylər xoşbəxt edə bilir. Xoşbəxtliyin bu qədər asan qazanıldığı bir ölkə başdan-başa Məmmədhəsən əmilərlə məskunlaşıb.

Təsəvvür edin, gündəlik qazancı 15-20 manat olan bir sürücüyə 100 manat verib avtobusdan düşsən və ya elə həmin avtobusda rastınıza çıxan ilk sərnişinə 1 mobil telefon hədiyyə etsən necə sevinər.

İşsiz bir nəfəri kiçik bir işə düzəltsən və ya hansısa kasıb bir dindarı pulsuz Məkkə ziyarətinə göndərsən onlar necə xoşbəxt olacaq. Və bu xoşbəxtlik onların yaşam stimuludur.

Kiçik insanların ölkəsində xoşbəxtlik 100 manatdır.

Kiçik insanları böyük səbəblər bədbəxt edə bilməz. Bu insanların həyat iztirabının da səbəbi kiçik olacaq. Bir nəfərin əlindən mobil telefonunu alın, o, dərhal ulaqsız qalan Məmmədhəsən əminin gününə düşəcək. Çünki bu ölkədə böyük hüzn də 100 manatlıqdır. Mirzə Cəlil bizi – kiçik insanları Dostoyevskisayağı təhlil edən mütəfəkkirdir.

Mirzə Cəlilin bir müddət yaşadığı və dərs dediyi Nehrəm kəndində onun evi ilə üz-üz, yolun sağ tərəfində indi bir elektrik dirəyi var. Dirəkdən məftillə çiy kərpic asılıb və üzərində yazılıb: «Kərpic satılır». O, kərpic satan adamı xoşbəxt edən səbəb kərpicinin satılmasıdır. Onu kədərdə yalnız kərpicinin satılmaması boğa bilər. Onun üçün bundan böyük səbəb ola bilməz. Kim bilir, Mirzə Cəlil sağ olub pəncərədən boylansaydı, «Kərpic satılır» nırxını görsəydi, belə yazardı: «Məmmədhəsən əminin ömründə xoş bir günü olubsa o da məhz elə çiy kərpicinin satıldığı gündür?».

Məmmədhəsən əminin xoşbəxt olmasına nə var ki, əsas odur ki, kefli İsgəndər özünü xoşbəxt hiss etsin. Amma kefli İsgəndərin xoşbəxtliyi asan deyil, çünki insanlar böyüdükcə xoşbəxtlik daha da əlçatmaz olur.

Şərhləri göstər

XS
SM
MD
LG