Keçid linkləri

«Qöte»nin «Höte»yə çevrilməsində azərbaycanlıların «meymunu yada salmaq» şakəri


Niyazi Mehdi

Niyazi Mehdi

«Göte» sözünü mən hələlik çoxlarının dediyi kimi yazıram ki, problemə girə bilək. Neçə onillərdir, Azərbaycan ədəbi dili və dildə ədəbli görünmək istəyən azərbaycanlılar üçün bu sözün deyilişi ciddi problemə çevrilib. Onun «e» fonemini çıxanda «gündəyməzi» bildirən türkün sözü ilə tam üst-üstə düşməsi onillər öncə dürlü ayıbörtmə əməliyyatlarını işə salmışdı. Ancaq çox dəyiş-düyüşdən sonra axır ki bir variant norma statusunu qazanıb. İndi hamı «Höte» yazır və «Höt»də «meymunun» (Allah Mirzə Fətəliyə rəhmət eləsin) yada düşməməsindən rahatlanır.

Bu olay adi dil məsələsi deyil, ciddi kültür prosesi olduğu üçündür ki, onu yazımın hədəfi edirəm.

İndi birinci soru: nədən, məsələn, «Döte», «Vöte» yox, məhz «Göte»?

Bunda bizimkilərə kodu və ya presedenti rus ədəbi dilində «h»nın olmamasına görə «q» və ya «g»nın işlənməsi verir. Bu səbəbdən «İlham» sözü ruscada «İlqam», «Hüseyn» isə «Quseyn» olub. Eləcə də «Hamletin», «Qamlet», «Hitlerin» «Gitler» olması rus dilinin fonetik və ya fonoloji kəsirindən gəlir. Ancaq bütün Sovet dönəmində ruslarla yaxın yaşayışımız ona gətirmişdi ki, «Hamlet»in «Qamlet», «Hitler»in «Gitler» olmasına bizimkilər elə öyrəşmişdilər ki, hətta orijinalın necə olmasını da unutmuşdular.

Bu durumda kimlərsə «q» ilə başlayan ingilis sözünün əslində necə olmasını bilməyəndə avtomatik «h» yazır və bəzən hətta təsadüfən düz alınır. Məsələn, «Qamiltonu» «Hamilton» yazanda olduğu kimi. Beləcə, «Göte»nin «Höte» yazılmasında bu məntiq işləyir: əgər «h»nı «q»ya çeviriblərsə, «q»nı da «h»ya çevirmək olar. Bax, bu əvəzləmə, artıq, həm də kültür faktıdır – bəzi məsələlərdə ruslarsız keçinməməyimizə örnəyidir.

O biri soru niyə «Qöte» yox, «Göte»dir. Axı, orijinalda «Qöte»dir?

Bu da bizə rus dilinin etgisi, təsiridir. Rus dilinin orfoepiya, yəni deyiliş qanunu elədir ki, incə saitdən öncə gələn «q»lar «g»laşır. Bizim dildə bu qanun yoxdur, ona görə də rahatca «gədim» yox «qədim» deyə bilirik. Halbuki bəzi rusdillilərin «gədim», «Vagif» deməsi həməncə onların ana dilinin hansı olmasını «satır».

İndi yenidən keçək «Göte»yə. Ruslar almanlara uyğun «Qöte» yazırlar, ancaq sözü səsləndirəndə orfoepiya qanunu «ağızlarını əyir» və «Göte» alınır. Biz isə ruslardan «Göte»ni götürüb elə bilirik ki, almanlarda elə bu cürdür. Sonra isə dil prosesinə ədəb-ərkan qanunu qarışır və sözün «meymunu» yadımıza salmasının qarşısını almaq üçün əlləşirik və bu əlləşmədən «Höte» alınır. Halbuki almansayağı «Qöte» desək, «meymun» da yada düşməz.

Beləcə, biz bir sözün tarixçəsində dəyişmə trayektoriyasının ekzotik-əcayib naxışlar alınmasını gördük. Həmin naxışlardandır ki, azərbaycanca «Heqel» «Hegel», «leqitim» «legitim» olub. Özü də «Vaqif»in «Vagif» olması bizə təhrifin «qırmızı» işığını yandırsa da «Heqel»in «Hegel» biçimində deyilməsi heç birimizi narahat etmir.

İndi prosesin «anatomiyasını» açıb-ağardandan sonra dəbdə olan qırımda özümüzü ələ salmaq düşüncəsində deyiləm. Ən azı ona görə ki, dünyada o qədər savadın kəm-kəsirindən və ya adi anlaşmazlıqdan doğan ilginc nəsnələr olub ki… Haydeqer şair Andrey Voznesenskiyə söyləmişdi ki, tələbəsi Sartrın onun fəlsəfəsini yanlış başa düşməsindən Sartr ekzistensializmi yaranmışdı. Deməli, mədəniyyətlərdə başqasını səhv başa düşməkdən yaxşı nəsnələr də alına bilər.

Ona görə də belənçi olayları toplamaq çox maraqlı kulturoloji muşğulatlır!

Düzdür, çətin ki «Qöte»nin «Höte»yə çevrilməsi Sartr fəlsəfəsi kimi bir şey versin, ancaq yüz faiz bilirəm ki, «bizlər və ruslar» problemində hansısa ideyanın açımına məzəli material ola bilər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG