Keçid linkləri

Təcili xəbərlər

Sən necə də gözəlsən…


Ostap Bender (İ. İlf və Y.Petrovun «12 stul» romanının qəhrəmanı) Rusiyanın kiçik əyalət şəhəri Vasyukini dünyanın mərkəzinə çevirəcəyini deyəndə avam camaat ona inanmışdı. Ancaq az sonra Vasyuki əhli bunun peşəkar bir fırıldaqçının 5-10 manat qoparmaq üçün onların başına gətirdiyi oyun olduğunu anladılar. Bir yandan pulları getdi, ən dəhşətlisi isə dünyanın paytaxtı olmaq xəyalları puça çıxdı.

Bilmirəm, Vasyuki kəndi doğrudan da xəritədə var, ya yox. Amma əgər bu şəhərin sakinləri Bənənyar kəndinin əhvalatını eşitsəydilər, bəlkə də Benderin fırıldaqlarından da 100 dəfə artıq dilxor olardılar.

BƏNƏNYARA NÖVBƏ

Bir qəpik də xərc çəkmədən bənənyarlılar bir səhər yuxudan ayılıb gördülər ki, bütün dünya onların tamaşasına dayanıb. Qəzetlər yazır, radiolar danışır, hüquq müdafiəçiləri, Bakıdakı xarici səfirliklərin təmsilçiləri, bir sözlə, macəra axtaran hər kəs Naxçıvanın Culfa rayonunun Bənənyar kəndinə getməyə növbəyə durub. Elə bil Ostap Benderin – tezliklə hamı Vasyukiyə axışacaq – vədi, vasyukililərin isə - buraxmarıq! – hədəsi qədim Naxçıvan torpağında çin çıxmışdı.

Amma kəndi gözləri ilə görmək istəyənlər nə qədər çalışsalar şeytanın qılçasını ilk qıran AzadlıqRadiosunun müxbiri Maarif Çingizoğlu oldu. Mədəniyyət abidələrinin şəklini çəkmək adı ilə biletini aldı, təyyarəyə mindi, Naxçıvan, Culfa, Bənənyar marşrutu ilə mənzil başına yetişdi.

Açığı bir həmkar kimi Maarifdən nigaran idim.

Ürəyimdə Naxçıvana yola düşən həmkarımın arxasınca su atanda bir anlıq mənə elə gəlmişdi ki, heç 15-ci əsrdə Xristofor Kolumb özündən Amerika açmaq üçün okeanı keçməyə hazırlaşanda qohum-əqrəbası bu qədər narahat olmayıblar.

Nə isə...

«ŞOĞƏRİBİNİ O YANA ÇƏK, XƏTA-BALANI BİZDƏN UZAQ ELƏ»

Maarifin neytron bombasının sınaq poliqonunu xatırladan kimsəsiz Bənənyar küçələrindən çəkdiyi görüntülər böyük oxucu marağı yaratdı. Elə bil Maarif Bakıdan çıxan günü Bənənyarda əzrayıl hamını kisəsinə doldurub aparıbmış. Təsadüfən küncdə-bucaqda gözə dəyənlər də Maarifin mikrafonunu görən kimi mədəni şəkildə -şoğəribini o yana çək, xəta-balanı bizdən uzaq elə - deyiblər.

Amma oğlunun döyülməsindən kontrolu itirən bir xanım danışıb. Danışıb və deyib ki, hə polis kəndi dünyaya tanıdanda oğlu xəsarət alıb. Yaman günə qoyublar uşağı. Amma kim soruşsa deyəcəyik ki, yıxılıb. Çünki həqiqəti deyib polisin zəhmətini yerə vura bilmərik. Ayıbdı. Hər halda hörmət edib uşağı nə dəlixanaya nə də təcridxanaya salmayıblar. Əgər sən də ora düşmək istəmirsənsə, icra nümayəndəsinin və kəndin kənarında dayanan mülki geyimli polislərin səbrini nəzərə alıb da bir an tez buradan çıx get Bakıya…

Maarifdən sonra Bənənyarın seyrinə dalmağa gedə bilən ABŞ-ın və Norveçin Bakıdakı səfirliklərinin nümayəndələri oldu. Amma ora çatan kimi hamısını biabır edib geri qaytardılar ki, siz araqarışdırana oxşayırsınız.

SON GÜNLƏR BAKI MƏNƏ HƏMİŞƏ OLDUĞUNDAN DAHA DEMOKRATİK GÖRÜNÜR

Sonra AzadlıqRadiosuna kənddən bir qız zəng edib dedi ki, əslində, araqarışdıranlar qonaqlar yox, onları təhqir edənlər idi. Özü də onlar bənənyarlılar deyildilər. Başqa yerdən gətirilmişdilər. Əsl bənənyarlıları həmin vaxt polis evdən çölə çıxmağa qoymurdu.

Bir sözlə, Bənənyar dünyanın diqqət mərkəzinə çevrilsə də, hələ ki, dünya Bənənyarı lazımi diqqətlə mükafatlandıra bilməyib.

Amma artıq Naxçıvana MR-nın rəhbəri Vasif Talıbov əvvəl «Şöhrət» ordeni, sonra da «Jurnalistlərin dostu» adı ilə mükafatlandırılıb.

Bir də hüquq müdafiəçiləri hələ ki, Bənənyar hadisələrindən öz istədiklərini ala bilməyiblər. Artıq Ermənistandan bir erməni öz ailəsini də götürüb sərhəddi keçərək Naxçıvana gəlib. Onlarsa hələ də fikirləşirlər. Bənənyara dəvətsiz getsinlər ya getməsinlər.

Fikirləşən bir də Maarif Çingizoğludur. Deyir nəsə son günlər Bakı mənə həmişə olduğundan daha demokratik görünür. Heç havası da pis deyil (Bu günümüzə şükür).

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG