Keçid linkləri

Martin Lüter Kinq Günü


Martin Lüter Kinq xanımı Koretta Scot Kinqlə. Nobel mükafatının təltifindən əvvəl, Oslo, Norveç, 9 dekabr 1964

Martin Lüter Kinq xanımı Koretta Scot Kinqlə. Nobel mükafatının təltifindən əvvəl, Oslo, Norveç, 9 dekabr 1964

Yanvarın 18-də Amerikada Martin Lüter Kinq günü qeyd olunur. ABŞ-da qaradərili əhalinin hüquqları uğrunda nəhəng bir mübarizənin əsasını qoymuş bir adamın şərəfinə Amerikada hər il yanvar ayının üçüncü Bazar Ertəsi Martin Lüter Kinq günü kimi qeyd olunur.

Əslində bütün iri mübarizələr kimi Kinqin də mübarizəsi ən adi insan idealları uğrunda aparılırdı – öz ölkəsində azad, diskriminasiyasız, xoşbəxt həyat uğrunda. Lakin bütün iri mübarizələrdə olduğu kimi sadə və aydın məqsədə çatmağın yolunda keçilməz görünən mürəkkəb maneələr var idi və... 25 yaşlı gənc öz mübarizə yolunu başlayır.

Atasının yolu ilə gedən Martin Lüter Kinq 25 yaşında Alabama ştatının Montqomeri şəhərində kilsə keşişi olmuşdu. 1955-ci ilin dekabrında irqi ayrı-seçkiliyin hökm sürdüyü Alabama ştatının Montqomeri şəhərində 42 yaşlı qaradərili qadın – Roza Parks avtobusda oturduğu yerdən durub ağ adama yer verməkdən imtina edir və buna görə də həbs olunur. Kinqin təşkilatçılığı ilə məşhur Montqomeri avtobus boykotu başlayır. 385 gün davam edən boykotda bütün şəhərin qaradərili əhalisi avtobuslardan istifadəni dayandıraraq irqi-ayrı-seçkiliyə son qoyulması tələbi ilə çıxış etdilər. Kinq bu kampaniyada iştirakına görə həbs edilir, lakin məhkəmə proseslərinin yekununda bütün Montqomeri avtobuslarında irqi-ayrı-seçkilik rəsmən ləğv edilir.

Bu kiçik qələbə qığılcımı daha böyük mübarizə və daha böyük qələbə üçün zəmin olur. Amerikanı şəhər-şəhər gəzən Kinq və məsləkdaşları qaradərili əhalini öz haqları uğrunda mübarizəyə çağırır. Əhali isə ümidsiz və passiv idi. Kinqin belə şəraitdə tərəfdar toplaması metodunu onun özü belə təsvir edirdi: Mən əvvəl alma ağacını yüngülcə silkələyəcəyəm ki, ən yetişmiş almalar yanıma tökülsün. Sonra ağacı daha bərk silkələyəcəyəm. Daha sonra iri budaqlardakı almaları dərəcəyəm. Sonra ən kiçik budaqlardakı almaları da götürəcəyəm və ən nəhayət ağacdakı hər bir yarpağın altını qaldırıb baxacağam.

1963-cü ildə Martin Lüter Kinq Vaşinqtona bir milyonluq yürüş keçirir və məşhur çıxışını edir – «Mənim bir arzum var» (I have a dream). İrqi ayrı-seçkiliyə ölümcül zərbə vurmuş bu çıxış indi də Amerikada Abram Linkolnun Getisberq çıxışı, Franklin Ruzveltin 1941-ci ildə Yaponiyaya müharibə elan edilməsi ilə bağlı etdiyi məşhur çıxışla bir sırada dayanır və siyasi natiqliyin ən kamil nümunələrindən biri hesab olunur.

1968-ci ildə əleyhdarları Kinqin qətlə yetirsələr Amerikada irqçiliyi bərpa edə bilmirlər. Kinqin bədənini yarmış həkimlər onun ürəyinə baxıb heyrətlənibmişlər ki, 39 yaşlı Martin Lüter Kinqdə 60 yaşlı adamın ürəyi varmış. Uzun illərin mübarizəsi gənc adamı vaxtsız qocaldıbmış. Martin Lüter Kinqin ölümündən 40 il sonra ABŞ özünün ilk qaradərili prezidentini gördü.

Deyirlər ki, Kinqin güclü yumor hissi varmış. Birmingem şəhərində nümayiş keçirmək cəhdinə görə həbsxanaya atılanda o xəbər tutur ki, bəzi ağdərili din xadimləri deyiblərmiş ki, onlar da onun bəzi fikirləri ilə razıdırlar amma o bir qədər vaxtsız və tələskən hərəkət edir. Kinq həmin adamlara uzun bir məktub yazır və adını da elə belə qoyur: «Vaxtı gəlməmiş məktub» (Untimely Letter). Bir məşhur deyimi də varmış Kinqin: «Özün əyilməsən belinə minib səni sürə bilməzlər».

HƏMÇİNİN BAX

Prezident veto qoymaqla hədələyirdi...

Şərhləri göstər

XS
SM
MD
LG