Keçid linkləri

Şanlı tariximizdən bu günə nə gətirib çıxarmışıq? Doğrudanmı biz ancaq dünəni və keçmişi ilə anılan və öyünən millət kimi qalacağıq? Bəs bu günümüz və gələcəyimiz necə olacaq? Hər bir əlamətdar gündə bu suallar adama rahatlıq vermir. Belə günlərdən biri də 20 yanvardır. Təbii ki, hər gün, hər il tarix olmur. Tarixlə keçmiş arasında identiklik yoxdur. Tarix keçmişin yadda qalan və unudulmayan anlarıdır.

Tarixdə bir keyfiyyət sıçrayışı olur. 20 yanvardan sonra belə keyfiyyət sıçrayışı oldumu? Bax, bu suala cavab vermək çətindir. Düzdür, Azərbaycan istiqlaliyyət qazandı, müstəqil oldu. Amma keçmiş 15 respublikadan hansı müstəqillik əldə etmədi? Hamısı müstəqil oldu. Sözsüz ki, istənilən prosesdə birincilər daha çox çətinliklə üzləşir, daha çox sınaqlara və məhrumiyyətlərə düçar olur. Azərbaycan da birincilərdən idi. Bəs indi neçəncidir? Bu suala cavab vermək zahirən çətin olsa da, əslində elə bir çətinlik yoxdur. İndi biz haradasa sonuncu cərgələrdəyik, öyünüləsi heç nə yoxdur. Uca binalar, böyük və yöndəmsiz körpülər tikirik. Amma nə olsun? Özümüz gündən-günə kiçilir, sanki heç oluruq. Problem bundadır.

O GECƏ HAQQINDA BİR NEÇƏ SÖZ

Nədənsə qanlı yanvardan söhbət düşəndə hamı 19-dan 20-nə keçən gecədən danışır. Düzdür, qəhrəmanlıq bu gecə baş vermişdi. Amma burada kisik bir detal var. Həmin gecə küçələrə çıxanlar bəlkə də ölüm haqda heç fikirləşmirdilər. Hamı güman edirdi ki, Vilnüs və Tbilisi hadisələrindən sonra ordu dinc və silahsız insanlara atəş açmaz. Amma belə olmadı. Ən əsası isə həmin gecədən sonra əhali başa düşdü ki, sovet ordusu silahsız insanlara nəinki atəş açar, hətta onları gülləboran edə bilər. Amma buna baxmayaraq insanlar kütləvi şəkildə şəhidlərin dəfn mərasimində iştirak etdilər, mitinqlərə gəldilər. Bu, ölümün düz gözünün içinə baxmaq demək idi. İnsanlar bu maneəni də aşa bildilər. İndi qeyri-ixtiyari olaraq fikirləşirsən ki, əcaba, doğrudanmı biz həmin insanlar idik? Necə olur ki, o boyda imperiyanın ordusundan çəkinməyən insanlar indi kiçik bir məmurdan və yaxud polis zabitindən çəkinirlər? Böyük hüquqlar uğrunda çarpışdığımız halda ən kiçik hüquqlardan məhrum olduq. Bunu anlamaq və etiraf etmək çox çətindir.

GƏLƏCƏK GÜN

İndi onlar, dövlət rəsmiləri, 20 yanvarı öz günləri kimi anırlar. Bir tərəfdən bu, yaxşı haldır, 20 yanvar milliləşdi, hamı tərəfindən qəbul olundu. Amma onlarla bir cərgədə addımlamaq, eyni günü anmaq bir az çətindir, çünki keçmişdən savayı bu gün və gələcək də var. 20 yanvar ərəfəsində Bakının bütün küçələri, döngələri insanlar üçün mitinq və etiraz yeri idi, kimdənsə icazə almağa ehtiyac yox idi. Amma bu gün insanlar adi və kiçik bir etiraz aksiyasını keçirə bilmirlər. 20 yanvar ərəfəsində insanlarda bir azadlıq yanğısı vardı, hamı fövqəladə vəziyyətin tətbiq olunmasının əleyhinə idi. İndi araşdırma aparsan azadlığın milli dəyərlər sırasında heç də ilk yerlərdən birini tutmamasına əmin ola bilərsən, biz artıq neçə illərdir ki, sanki fövqəladə vəziyyət şəraitində yaşayırıq.

Amma o gün gələcək, azadlıq hissi yenə də insanlara hakim kəsiləcək. Adətən deyirlər ki, gələcəyin bünövrəsi keçmişdə qoyulur. Amma 20 yanvardan əvvəl də bizim keçmişimiz sovetlər birliyi idi, azadlıq və etirazın nə olduğunu bilmirdik. Amma bir gün bu hisslər kükrədi, meydanları doldurdu. Çox güman ki, gələcəkdə də belə olacaq. Elə bir gün gələcək ki, biz özümüzə baxıb təəccüblənəcəyik, özümüzü tanımayacağıq. O gün mütləq gələcək, mütləq! Əks təqdirdə, buna inanmasaq, yaşamaq çox çətin olar!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG