Keçid linkləri

O, tez-tez Bakının mərkəzə yaxın bazarına alış-verişə gəlir. Burada onu hamı tanıyır.

Tanımayan alıcılara satıcılar pıçıldayırlar: «Bu ananın öğlu 20 Yanvarda şəhid olub». Ölkənin fərqli bölgələrindən bazara güzəran dalınca gəlməyə məcbur olan adamlar bu anaya xüsusi qayğı göstərirlər.

Hər yandan Anaya pulsuz-parasız gül-çiçək gətirirlər - şəhid oğlunun məzarına qoymaq üçün. Bazarda ona şəhid anası deyirlər. Özü üzünə: «20 Yanvarlıyam» deyir.

Mən onu «Yanvar ana» çağırıram ...

Yazıma da bu başlığı düz bir aydır vermişəm. «Yanvar Ana» günlərdir yuxusuz gecələrimin sirdaşı olub. Ancaq saxlamışam. 20 Yanvara ertələmişəm. İşə bax ki, Yanvara bir neçə gün qalmış əlim-ayağım soyuyub. Heç nə yazmaq istəmirəm.

20 Yanvar, saat 17.00. Bəs nə gözləyirsən, S.İ.? Yanvar ananın deyə bilmədiklərini sən deməyəcəkdinmi?

Haydı, söylə!

20 Yanvar bizi yaman yerdə haqladı. Kiminin balasını aldı - Yanvar Ana kimi...

Kimini ərsiz qoydu. Kiminin evini xanımsız. Vətəni neçə oğulsuz!

Kiminin – lap çoxunun gəncliyini, uşaqlığını əlindən aldı. Kiminin – lap çox adamın yetkinlik çağını, həyatdan daha böyük ləzzət almaq zamanını «oğurladı».

20 Yanvar hamıya dağ çəkdi. Şəxsən mənim həyatımı iki hissəyə böldü. Ona qədərki (özümün də vaxtında dəyər vermədiyim xoşbəxt hissədən) və Ondan sonrakı 20 il davam edən adıbilinməz-dadıbilinməz hissədən.

20 Yanvardan sonra mən son dəbli qırmızı paltomu birdəfəlik əynimdən çıxarıb atdım. 20 Yanvardan sonra mən illərcə televizorun önündə o günün və ondan sonra gələn müsibətlərin qəhrəmanlarına ağladım.

20 Yanvardan sonra mən heç vaxt gənc olmadım. 20 Yanvardan sonra xəyal qurmağı tərgitdim. 20 Yanvardan sonra öz həyatımı yaşamadım, günlərim televizordan yayımlanan «qiyam-şouları» seyr etməklə keçdi.

20 Yanvardan sonra hamımız 20 Yanvarlı olduq. Odur ki, 20 ildir biz elə 20 Yanvarla iç-içə, yan-yana yaşamaqda davam edirik.

Qızımın 20 Yanvar şəkli...

Ailə albomumuzda bir şəkil var. O günlərdə qızım orta məktəbdə oxuyurdu. Məktəb şəhərin düz mərkəzindəydi. Necə olursa müəllim onları gəzməyə çıxarır. Və «Nizami» muzeyinin qarşısından keçən balacalar şəkil çəkdirmək istəyirlər. Şəkil çəkilir. Orada nə əks olunub bilsəniz? Üstündən illər keçəndən sonra bunu kəşf etmişik. Hamımızın evində qoruyub saxladığımız adi sinif şəkli və fonda...həmin günlərdə Bakıya girən SSRİ ordusunun əsgərləri...Yaraqlı-yasaqlı...acıqlı.

Şəklə hər baxanda qorxuram. Üzündə gülüş, obyektivə maraqla baxıb gülümsünən balaların şəkil çəkiləndən sonra başına bir şey gələcəyindən ehtiyatlanıram...

20 Yanvar bizə, bax, belə günlər yaşatdı...

Çingiz Hüseynov demiş, «nə yaxşı ki, müstəqilliyimiz var!»

Bəs nə verdi 20 Yanvar bizlərə?

20 Yanvar azadlığın şirin dadını bizə dadızdırdı.

Bir daha əmin olduq ki, azadlıq verilmir, alınır!

Sovetlər dönəmində ağlımıza gəlib, dilimizə almağa qorxduğumuz bir nemətə sahib olduq -müstəqil dövlətimiz oldu.
Azərbaycan vətəndaşı olduq!

Bəs sonra, sonra?

Ondan sonra gələnlər - savaşlar, hakimiyyət dəyişiklikləri, qiyam-şoular, qiymətlərin qalxıb-düşməsi, arzularımızın əbədi konservləşdirilməsi ilə yadda qaldı...

Arzularımız hələ də mumiyalanmış halda «yaşayır»...

Nə verdi o Yanvar bizlərə?

Azadlığın get-gedə daralması, boğulması, çabalaması get-gedə yol yoldaşımıza, hərdən sirdaşımıza çevrildi...

Necə qoluzorlular gördük?!

Necə pullular gördük?!

Necə insafsızlar gördük?!

Necə Maskalılar gördük, bütöv bir Maskalılar cəmiyyəti?!

Bu 20 ildə biz nələr görmədik?

Son təsəllimiz yenə ancaq müstəqilliyimiz oldu.

Nə yazıq bizlərə...Həyat keçir...Daha bir 20 il və son!

20 Yanvar şəhidlərinin 40 illiyində bir yazı hazırlayan Azərbaycan jurnalistini çox oxumaq istərdim...

Şəhid övladının məzarı başına bir dəstə çiçək aparan Yanvar Ananı da həmçinin. Ona bircə sual verərdim.

Sizcə, nə soruşardım ondan?


20.01.2010


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG