Keçid linkləri

Ötən ilin sonlarında məcburi köçkünlər qarşısında çıxış edən İlham Əliyev dedi ki, gözlənilənlərin əksinə olaraq 2009-cu il Qarabağ probleminin həlli baxımından uğurlu olmadı. Amma bu günlərdə hökumətin hesabatı ilə bağlı keçirilən iclasda isə o, bildirdi ki, Qarabağ probleminin həlli yolu artıq müəyyənləşib. Burada məqsəd ziddiyyət axtarmaq deyil, amma həqiqi mənzərəni təsvir etmək də bir o qədər asan deyil.

Nə baş verir? Prezidentin hansı bəyanatına inanaq? «Qarabağ probleminin həlli yolu müəyyənləşib»- deyəndə o, nəyi nəzərdə tuturdu? Minsk Qrupunun, yoxsa Ermənistanın mülayimləşmiş mövqeyini? Göründüyü kimi suallar çoxdur. Bu da təsadüfi deyil.

Qarabağla bağlı danışıqlar XİN-nin və prezidentin şəriksiz nəzarəti altında aparılır. Bu prosesə Milli Məclis müdaxilə etmir, ona heç bir hesabat verilmir. Cəmiyyətə isə ancaq prezidentə inanmaq və özü üçün ancaq onun çıxışlarından nəticə hasil etmək qalır. Vəziyyət belədir. Ola bilsin, fərqli situasiyada başqa cür ola bilərdi, amma indi belədir.

QISA MÜDDƏT ƏRZİNDƏ NƏ BAŞ VERİB?

Ötən dövrdə Qarabağ prosesində yadda qalan hadisə Türkiyənin problemə daha fəal müdaxiləsi oldu. Türkiyə əvvəldən də Azərbaycanın yaxın müttəfiqi idi. Amma indi onun siyasətində bir yenilik hiss olunur. Əvvəllər Türkiyə bir qədər passiv müttəfiq idi. O, Azərbaycanla müttəfiqlik öhdəliklərindən irəli gələn vəzifələrini yerinə yetirir və bununla da kifayətlənirdi. İndi isə onun siyasətində bir canlanma müşahidə olunur. Türkiyənin Baş naziri ABŞ və Rusiya səfərlərində bilavasitə Qarabağ problemini qaldırdı və «Türkiyə – Ermənistan münasibətlərinin normallaşmasını istəyirsinizsə, Qarabağ problemini həll edin» - dedi.

Təbii ki, iki səfərlə tarixi iyirmi ilə adlayan problemin həll olunacağını güman etmək sadəlövhlük olardı. Amma çox güman ki, bu müraciətlər təsirsiz ötüşməyəcək. Üstəlik, Türkiyə tərəfinin bəyanatları ilə Azərbaycan rəsmilərinin çıxışlarını tutuşduraraq müəyyən nəticə də hasil etmək mümkündür. İlham Əliyevin problemin həll yolunun müəyyənləşməsi haqqındakı bəyanatını belə başa düşmək olar ki, Ermənistan artıq mərhələli variantı qəbul edib və qeyd-şərtsiz şəkildə işğal etdiyi kənar rayonlardan çıxmaq fikrindədir. Əgər belədirsə, onda R.T.Ərdoğanın «Ermənistan xoş niyyətlidirsə əvvəlcə kənar rayonları boşaltsın» bəyanatını necə başa düşək? Göründüyü kimi burada müəyyən ziddiyyət var və Minsk Qrupunun həmsədrlərinin intensiv səfərlərinə baxmayaraq məsələnin ölü nöqtədən tərpənməsi hələ zamanın öhdəsinə buraxılıb.

BƏS ERMƏNİSTAN NƏ FİKİRLƏŞİR?

R.T.Ərdoğanın Moskvaya səfərindən sonra Rusiyanın xarici işlər naziri S.Lavrov Yerevana səfər etdi, daha sonra isə Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya çağırıldı. Ərdoğan Moskvada dedi ki, Ermənistan üzərində ən böyük təsirə malik ölkə Rusiyadır. Bundan sonra Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin yanvarın 25-də Soçidə görüşməsi haqda ideya meydana çıxdı. Bütün bunlar çox ümidverici xronologiya idi, əgər bir detal olmasaydı. Belə ki, sonda məlum oldu ki, Ermənistanın Konstitusiya Məhkəməsi Sürix protokollarına düzəliş edib.

Bu detalın Qarabağ problemi ilə bilavasitə bağlılığı yoxdur, amma həmin detal Ermənistanın ovqatından xəbər verir. Məlum olur ki, Ermənistan əvvəlki mövqelərindən çəkilmək fikrində deyil. Bu isə qarşıdakı Soçi görüşü ilə bağlı ümidləri bir qədər azaldır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG