Keçid linkləri

Öncəki bloq yazımda sual qoymuşdum, hətta Azərbaycandakı alayarımçıq Media azadlığı mühitində necə etməli ki, eyni adam və olayla bağlı neqativ və pozitiv bilgilərin selində xaos səni basmasın? Bizə hansı bələdləndirici «oxlar» gərəkdir ki, dolaşıqlıqda baş çıxaraq?

İlham İsmayıl bu soruya belə cavab verdi ki, böyük adamla bağlı onun gətirdiyi ideyanın dəyəri onun insan kimi mənfiliklərini vurur. Atatürklə belə olub, ancaq Mir Cəfər Bağırovla bağlı isə belə olammır. Deyənlər var ki, azərbaycanlılar da çeçenlər kimi sürgün olunmalıymış, o qoymayıb. Hələ ki bu soraq onun zülmlərini vura bilmir, hərçənd gələcəkdə yazar, rejissor tapılacaq ki, Bağırov haqqında stereoskopik, yəni həcmli, tutumlu bilgi vermək, yaratmaq ideyası ilə özünü doğruldaraq bu despotu elə verəcək ki, bəlkə də adamları kövrəldəcək. Bizim bəyəm türkçü qürurumuz kəllələrdən təpə düzəltmiş Teymur-lənglə bizi heyran etmir?!

Bu girişdən indi nəyə gəldik çıxdıq? Ona ki bir yandan, bilgili, informasiyalı toplum stereoskopik informasiyaları, yəni nəyisə, kimisə hər yandan, hər baxış bucağından işıqlandırmağı «leqallaşdırır». O biri yandan, informasiya bazarına çıxanların «əntiqə» nəsnə satıb ün salmaq kimi təbii istəyi İblisi də mürəkkəb «psixoloji portret» adı altında yaxşılaşdırmağa sürükləyir. Beləcə, Azərbaycan bilgili toplum olsa, hələ çox «demiurqlar» ortaya çıxacaqlar ki, dəyərləri başqa cür dəyərləndirsinlər. Məncə, ilk dəfə Nitsşe «Böylə söylədi Zərdüşd» əsərində belə demişdi. Ondan qabaq da dəyərləri dəyişdirən saysız adamlar vardı. Hətta Budda da, Məhəmməd peyğəmbər də bu aksiyanı etmişdilər. Ancaq ortada eyləm vardı, adı isə yox idi (və ya başqa idi). İlk dəfə Nitsşe ad qoydu: dəyərlərin başqa cür dəyərləndirilməsi. Bax, davamlı şəkildə dəyərlərin başqa cür dəyərləndirilməsi rejimində yaşayan çağdaş insanların bir xeylisi «uyğun müalicə kursunu» və ya «təlim kursunu» keçməyəndə özlərini fırfıra içində bilirlər və çaşırlar.

Mən elə bir əda ilə danışdım ki, sanki bu yazını yazıramsa, deməli, xaotik bilgilər içində çaşqınlığından yuxarıdayam. Əslində isə xaos məni və dostlarımı da fırladır. Bəs onda bu durumdan hansı nəticəni çıxarmalı?

Birincisi onu ki, özümüzlə bağlı aldanışlarda olmayaq, yəni özümüzə də stereoskopik, - səthi - yox, tutumlu şəkil kimi baxaq. Bu nə deməkdir, onu konkret faktlarda açım. Bizim çağdaş insanlar kimi hamımızda bir aydınlıq var ki, adamların çoxu psixi baxımdan sağlamdır, azı isə xəstədir. Ancaq freydistləri oxuyanda aydın olur ki, insanla ilgili psixi cəhətdən sağlamlıq stabil hal deyil, kimlərdəsə tez-tez rastlanan haldır və bu tezliyə görə də belələrinə şərti olaraq sağlam deyirik. Stalinin paranoyyası, Hitlerin kompleksi fonunda bu dediklərim təəccüblü olmaz.

Nə qədər adam var ki, axmaq şeirini, yazısını gözəl sayır və biz bu korluğa mat qalırıq. Nədən bu olur? Ondan ki insanların gözünü Nərkizlik (nərgizlik və ya narsisizm) kompleksi tutur. Bəs necə olur ki, başqasının gözəl yazısını biz kor olub bəyənmirik? Bunda isə bəzən bizi nərkizlik kor edir.

Nə qədər adam var ki, əskiklik (natamamlıq) kompleksindən (Adler) əzab çəkir? Azərbaycanın böyük insanları, tarixi şəxsiyyətləri ilə bağlı cızılan portretlər çox bəsitdir – onlar heç bir kompleksdə görünmürlər. Halbuki əskiklik kompleksi neçə-neçə milyarderi, böyük sənətçini yaradıb və belə də olub ki, Allahın hər şey verdiyi insanda bu kompleks olmadığı üçün axırda axmaqlaşıb.

İkincisi, bilməliyik ki, gündəlik adi şüur adi insanların, ağıllı, düşüncəli şüur isə elmli adamların mental xassəsi deyil. Ən böyük filosof da adi şüurla ağıllı şüurun arasında qalır və birində olanda özünə yaraşmayan, o birisində olanda isə yaraşan hərəkətlər edir. Mən istərdim bu dolaşıqlığı düşünək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG