Keçid linkləri

Müxalifətin birlik formulu


Əgər demokratik seçki olsaydı bir seçimlə hamı öz yerini tutar və əlavə mübahisələrə də lüzum qalmazdı

Əgər demokratik seçki olsaydı bir seçimlə hamı öz yerini tutar və əlavə mübahisələrə də lüzum qalmazdı

Azərbaycanla az-çox tanışlığı olan adam dərhal deyər ki, əcəba, bu ölkədə nə boyda müxalifət var ki, bunlar hər seçki ərəfəsində birlik formulu axtarır və buna az qala bir il vaxt sərf edirlər. Amma problem də elə bundadır. Əgər müxalifət yetərincə böyük olsaydı birlik axtarışları bu qədər vaxt aparmazdı.

Güman ki, problem budur. Biz faktiki olaraq seyrək və pərakəndə hala gəlib çıxmış, özünün elektoral gücünü bilməyən, amma eyni zamanda əsas və ən böyük müxalifət statusu roluna iddia edən kiçik dissident ocaqlarının hansı müzakirələr açdığını təhlil etməklə məşğuluq. Hər seçki ərəfəsində bir neçə mühüm problem çıxır ortaya. Bunlar əsl böyük partiyaları və əsl müxalifəti bir blokda birləşdirmək cəhdləridir. Amma bu cəhdlərin hamısı çox üzücü mübahisələrə səbəb olur, çünki bütün bunlar Azərbaycan şəraitində ən azı subyektiv xarakter daşıyır.

ƏN BÖYÜK PARTİYA HANSIDIR?

Neçə illərdir ki, bu sualın cavabı tapılmır. Əgər söhbət ən qocaman partiya haqqında getsəydi bəlkə də bu suala cavab vermək olardı. Amma başqa partiyaların bələdiyyə seçkisinə minlərlə adam çıxardığı halda yüz nəfər namizədlə kifayətlənən partiyaya böyük partiya demək olarmı? Neçə illərdir ölkədə demokratik seçki keçirilməməsi ucbatından həqiqi elektoral gücü bilinməyən, mandatlarının sayı məlum olmayan, seçki ərəfəsi dövrdə parlaq seçki kampaniyası ilə xüsusi olaraq fərqlənməyən partiyaların hansına böyük deyək? Təəssüf ki, reallıqda belə partiya yoxdur, ancaq iddialar var.
Ölkədə bir böyük partiya var, o da YAP-dır. Amma həmin partiya ancaq inzibati yolla yaradılıb və bu yolla da böyüyür


Çoxlu sayda bir nəfərlik partiyalar mövcuddur. Bu partiyalar bir sədrdən, bir də müavindən və bir də ki, addan ibarət olur. Onların hamısını birləşdirib bəlkə də bir partiya yaratmaq olardı. Amma onlar bunu istəmirlər. Başqa vaxt ölkənin siyasi proseslərində heç bir iz buraxmayan bu partiyalar seçki vaxtı yada düşür, «gurultulu» seçki bloklarının yaranmasına səbəb olur. Elə bu səbəbdən ancaq nisbi mülahizələr söyləmək mümkündür.

Ölkədə bir böyük partiya var, o da YAP-dır. Amma həmin partiya ancaq inzibati yolla yaradılıb və bu yolla da böyüyür. Qeyri-inzibati yolla yaranan, insanların könüllü ittifaqı kimi fəaliyyət göstərən partiyalara isə imkan verilmir. Başqa cür ola da bilməz, çünki biz avtoritar rejimdə yaşayırıq. Amma təəssüf ki, bizim məntiqimiz və mübarizəmiz avtoritar rejimə uyğun deyil. Partiyalar səviyyəsində demək olar ki, mübarizə yoxdur. Məntiqə gəldikdə isə seçki dövründə bütün meyarlar itir. Hər bir narazı insan qiymətli olduğu halda və onların hamısının birliyi arzu edilən olsa da, partiyalararası çəkişmələr buna imkan vermir.

BƏS ƏN MÜXALİF PARTİYA HANSIDIR?

Artıq bu məsələdə də kələfin ucu dolaşıb. Əvvəllər müxalifət spektri daha rəngarəng idi, kimin kim olduğu bilinirdi. İndi isə siyasətçilər susanlara və bir də rejimə xidmət göstərənlərə, onları tərifləyənlərə bölünüb. İndi susmaq müxaliflik əlaməti sayılır. Hətta müsahibələrdə də ciddi tənqidlə rastlaşmırıq.

Seçki ərəfəsində birliyə aparan yolda narazılıqlardan biri də budur ki, müxalifətlə psevdo- müxalifət bir cərgədə addımlamalı olur. Amma bu narahatlıqlar da əbəsdir. Hamı psevdo- müxalifəti tanıyır, onlar da özlərini tanıyırlar və onların əsl müxalifətə qarışmaq fikirləri yoxdur, əks təqdirdə xidmətləri sayəsində qazandıqları bir-iki mandatdan da məhrum ola bilərlər.

Göründüyü kimi, seçki ərəfəsində səslənən bütün mülahizələr nisbidir. Onların yaranmasının və həyata vəsiqə almasının səbəbi isə budur ki, ölkədə demokratik seçki institutu yoxdur. Əgər demokratik seçki olsaydı bir seçimlə hamı öz yerini tutar və əlavə mübahisələrə də lüzum qalmazdı.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG