Keçid linkləri

Azərbaycan qaz ixracı ilə bağlı axtarışdadır. Özü də bu axtarışı heç də hədər getmir. 2010-cu ilin gəlişi ilə Azərbaycan qazının dünya bazarına çıxarılmasının daha bir variantı gündəmə gəldi. Bu elə bir variantdır ki, əvvəllər heç müzakirə predmeti belə olmamışdı – söhbət «Şahdəniz»dən çıxacaq qazın bir qisminin Gürcüstan üzərindən tankerlərlə daşımasından gedir.

BORU OLMASIN, TANKER OLSUN – TƏKİ SATILSIN

Artıq uzun müddətdir ki, Azərbaycan öz qazının (söhbət «Şahdəniz» yatağının «Mərhələ-2» layihəsi çərçivəsində 2016-cı ildən başlayaraq hasil edilməsi planlaşdırılan qazından gedir) Türkiyə üzərindən Avropaya daşınması məsələlərində rəsmi Ankara ilə razılığa gələ bilmir. Periodik olaraq rəsmi Bakı bunu gündəmə gətirir, özü də mötəbər tədbirlərdə (sonuncu dəfə Davosda), əvəzində Türkiyə rəsmiləri and-aman edirlər ki, bəs məsələ yekunlaşmaq üzrədir və iki ölkə arasında qiymət-filanla bağlı elə bir problem yoxdur. Ancaq fakt bundadır ki, problem var (siyasidir, iqtisadidir və ya başqadır bunun dərinliyinə baş vurmuruq, gözlə görünəni deyirik) və iki dost və strateji ölkə arasındakı qaz sövdələşməsinin indiyə qədər uzandığından hətta Vaşinqtonda da narahatçılıq hissi keçirməyə başlayıblar. Bu günlərdə ABŞ prezidentinin Avrasiya məkanında enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar da bu məsələyə aydınlıq gətirərkən hər iki ölkənin indiyə qədər ortaq məxrəcə gəlməməsinin «Nabucco» layihəsinə necə mənfi təsir göstərməsindən də danışmışdı. ABŞ rəsmisini həm də pərişan edən bir məsələ də Azərbaycanla Türkmənistan arasında olan problemlərin daha da ziddiyyətli xarakter alması və bunun nəticəsində Xəzərin «qaz xəzinəsinə» Qərbin yolunun bağlanması olmuşdu.

TƏKLİF BAHALI OLSA DA BAKINI MARAQLANDIRIB

Belə bir dumanlı məqamda Bakı ilə Rumıniya arasında artıq bir-neçə gündür ki, gələcəkdə qaz alqı-satqısına dair intensiv danışıqlar gedir. Rəsmi Buxarest Bakıya böyük bir nümayəndə heyəti göndərib ki, ona da Rumıniya İqtisadiyyat Nazirliyinin dövlət katibi, Azərbaycanla energetika sahəsində əməkdaşlıq üzrə işçi qrupun sədri Tudor Şerba başçılıq edir. Bunun nəticəsi olaraq artıq iki ölkənin energetika nazirlikləri arasında qaz biznesi sahəsində əməkdaşlığa dair Memorandum da imzalanıb.

Maye qaz üçün Gürcüstanda və Rumıniyada infrastruktur yaradılmasına investisiyalar özəl olacaq, ona görə Azərbaycan qazının tankerlərlə Qara dəniz vasitəsilə çatdırılmasının kommersiya rentabelliliyini investorlar özləri müəyyən edəcəklər. Bunu sənaye və energetika naziri Natiq Əliyev Rumıniya nümayəndə heyəti ilə görüşdən sonrakı açıqlamasında bəyan edib.

«Biz artıq Azərbaycan qazının Rumıniyaya Qara dəniz vasitəsilə çatdırılması imkanlarına baxmışıq. Bu məqsədlə Cənubi Qafqaz qaz kəmərindən (Bakı-Tbilisi-Ərzurum) Gürcüstan ərazisində bu ölkənin limanlarından biri istiqamətində qol ayırmaq optimal variant olardı. Sonra qazı mayeləşdirmək üçün zavod (LNG-terminal) tikmək və Rumıniyanın Konstansa limanına tankerlə çatdırılmanı təmin etmək lazımdır. Orada maye qazın qəbulu üzrə obyektlər tikilməlidir», - deyə nazir izah edib.

O həmçinin məlumat verib ki, danışıqların Bakı raundu əsasında Azərbaycan, Rumıniya və Gürcüstan hökumətləri arasında qaz ticarəti sahəsində əməkdaşlıq barədə memorandum hazırlanması planlaşdırılır.

Rumıniyaya maye qaz təchizatının nə qədər rentabelli olması barədə sualına cavab olaraq nazir bildirdi ki, indi layihənin qiymətini müzakirə etməyə dəyməz:

«Vəzifəmiz hökumət adından layihəyə dövlət dəstəyi verməkdir. Bundan sonra özəl strukturlar kommersiya məsələlərini kompleks həll edib özləri qərar verməlidirlər».

SIXILMIŞ QAZIN MAYE QAZDAN FƏRQİ


Rumıniya heyətinin Azərbaycan Dövlət Neft Şirkəti rəhbərliyi ilə görüşündən sonra bəzi məqamlar aydınlaşıb. ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan qazı Qara dəniz vasitəsilə 2 variantda Avropa bazarına daşına bilər: maye halında (LNG) və ya sıxılmış halda (CNG). O deyib ki, maye halda ixrac üçün sahildə çox bahalı zavod tikilməlidir, ancaq sıxılmış qaz üçün isə bahalı tankerlərə ehtiyac var. Çünki bu halda təbii qazın sıxılmış hala keçməsi tankerin içərisindəki qurğularda həyata keçirilir.

Bəs sıxılmış qazın maye qazdan fərqi nədədir?

Sıxılma zamanı (CNG) qazın həcmi 250 dəfə azalırsa, -161 dərəcə selsi soyudulub mayeləşdiriləndə, onun həcmi (LNG) 600 dəfə azalır. Bu isə 2.4 dəfə sərfəlidir. CNG gəmiləri istehlakçılara bir reysdə 30 mln. kubmetr qaz çatdıra bilirsə, müasir LNG gəmiləri 80 mln. kubmetr qaz daşıya bilir - yəni LNG gəmilərin üstünlüyü 2.7 dəfədir.

Amma maye qaz nəqli üçün bundan başqa qiyməti bir neçə milyard dollar olan maye qaz zavodu, doldurma və qəbul üçün terminallar, yenidən qazı adi hala çevirmək üçü zavod lazımdır. Halbuki, sıxılmış qazın nəqli üzrə texnoloji zəncir üçün təkcə CNG gəmilər və doldurub-boşaltma terminalları lazımdır.
Bundan başqa, qiymətcə CNG gəmilər LNG gəmilərlə müqayisə ediləndirsə, LNG-nin texnoloji zəncirinin başqa ünsürləri xeyli bahadır.

Beləliklə, beynəlxalq ekspertlərin çoxsaylı rəyinə görə, ildə 0.5-4 mlrd. kubmetr qazı 250-2500 dəniz mili nəql edəndə, CNG gəmilərdə sıxılmış təbii qaz nəqli LNG gəmilərdə maye qaz daşımaqdan 1.5-2.0 dəfə ucuz başa gəlir.

Beynəlxalq ekspertlərin fikrincə, 1 mlrd. kubmetr sıxılmış qazın Kulevi-Konstansa marşrutu ilə nəqli yük göndərənə 1000 kubmetr üçün $60-a başa gələcək (boru daşımalarından 3-4 dəfə baha). Həcm artdığı təqdirdə nəqliyyat xərcləri azalsa da, bu mühüm azalma olmayacaq.
XS
SM
MD
LG