Keçid linkləri

Təcili xəbərlər

Eks-prezident statusu almaq üçün nə lazimdir?


Demokratik və hüquqi dövlətdə hakimiyyətin davranışını proqnozlaşdırmaq olur. Hər hansı sual ortaya çıxanda hakimiyyətin buna reaksiyası sürpriz kimi qarşılanmır. Başqa hallarda isə tərsinə olur, qəribə suallar və bunlara qəribə cavablar meydana çıxır. Elə bu yazının əvvəlinə çıxarılmış sual da ilk baxışda qəribə görünür. Eks-prezident statusu almaq üçün nə lazımdır? Normal ölkədə yaşayan normal insan dərhal deyər ki, bunun üçün nə vaxtsa prezident olmaq lazımdır. Amma bizim ölkəmiz qəribəliklərlə zəngin olduğundan məlum olur ki, eks-prezident statusu almaq üçün hələ nə vaxtsa prezident olmaq kifayət deyil, başqa şərtlər, lap dəqiq desək, YAP-ın buna razılığı lazımdır. Problemin köklü şəkildə həlli üçün müvafiq qanun qəbul edilməlidir. Xatırlatmaq yerinə düşər ki, belə bir qanunun qəbul edilməsi uzun müddətdir ki, təklif olunur. Nəhayət, Milli Məclis qərara alıb ki, bu sessiyada həmin qanunu da müzakirə etsin. Bunun özü də qəribədir. Əvvəlcə nəyisə yaxına buraxmırlar, sonra isə müzakirəyə başlayırlar. Səbəb?

PREZİDENT ADMİNİSTRASİYASI İLƏ HARMONİYADA

Səbəb çox sadədir. Çox güman ki, bu qanunla bağlı prezident aparatından «hə» cavabı gəlib. Bütün qanunların qəbulunda belə olur. Milli Məclisin sədri Oqtay Əsədov bunu Milli Məclisin Prezident Administrasiyası ilə «harmoniyada işləməsi» ilə izah edir. Olsun. Qanunun indi müzakirə edilməsinə gəldikdə isə burada qeyd etdiyimiz kimi, hətta gecikmə də var. Əgər ölkədə prezident institutu varsa, eks–prezident institutu da olmalıdır. Üstəlik, yeni düzəlişlərdən sonra məsələ Konstitusiyada öz əksini tapıb. Bəs qanun şamil ediləcək?

HEYDƏR ƏLİYEVİN BU QANUNA EHTİYACI VARMI?

Birinci namizəd Heydər Əliyevdir. Amma Heydər Əliyevin yaxınlarının bu qanuna ehtiyacı varmı? Heydər Əliyevin ailəsi indi də prezident ailəsidir və bütün imtiyazlara malikdir. Onların yeni imtiyazlara ehtiyacı yoxdur, çünki onsuz da bu imtiyazlar var. O ki qaldı Heydər Əliyevin adının əbədiləşdirilməsinə, respublikada elə bir ünvan yoxdur ki, orada onun adı ilə bağlı nəsə olmasın. Çox güman ki, məsələ YAP üçün təkcə hüquqi məzmun kəsb etmir, partiya bununla həm də tarixdəki «boşluqları» doldurmaq istəyir. Axı onlar Heydər Əliyevdən başqa prezident tanımırlar!..

KİM QANUNLAN KƏNARDA QALACAQ?

Heydər Əliyev sıra baxımından üçüncü prezident olub. Ondan əvvəl daha iki prezident fəaliyyət göstərib. Amma onlara gələcək qanunun şamil edilməsi mübahisəlidir. Böyük ehtimalla bu qanun A. Mütəllibova şamil edilməyəcək.Ona görə ki, onunla bağlı cinayət işi var və artıq indidən YAP-çılar diqqəti bu detala yönəldirlər. Ə.Elçibəyə gəldikdə isə fikirlər haçalanır, bəziləri qanunun ona da şamil edilməsinin tərəfdarıdır, digərləri isə bunun əleyhinədir.
Göründüyü kimi, məsələ düşünülən qədər də sadə deyil. Bu ölkədə hüquq kimlərinsə simpatiyası və antipatiyası ilə müəyyən edilir. Hər şey həm sadədir, həm də mürəkkəb. Hüquq «yuxarılara» və hakimiyyətdə olanlara şamil olunanda sadə və sürətli olur, «aşağılara» şamil edildikdə isə mürəkkəb və ləng xarakter alır. Təəssüf ki, bu, faktdır. Təbii ki, əbədi deyil, müvəqqətidir. Amma bu gün faktdır. Üstəlik, belə faktlar nə qədərdir?

Ən son yazılan

XS
SM
MD
LG