Keçid linkləri

Siyasətdə qəti söz demək həmişə çətin olur, çünki siyasi münasibətlər bir qədər mütəhərrikliyi ilə fərqlənir. Ukraynada prezident seçkisinin nəticəsi tam şəkildə rəsmən elan olunmasa da artıq hamı V.Yanukoviçin prezident seçildiyini deyir. Elə bu səbəbdən onun prezident olacağı təqdirdə siyasi mühitdə baş verəcək dəyişikliklər xüsusi maraq kəsb edir. Ukryana böyük siyasi proseslərə təsir edən ölkə olmasa da, onun keçmiş SSRİ ərazisindəki hadisələrə müəyyən təsiri var, bunu inkar etmək olmaz. Bu təsir bir qayda olaraq MDB məkanını əhatə edir. Biz də bu məkandayıq. Eləcə də onun təsiri keçmiş Sovet respublikaları ilə Avropa institutlarının əlaqələrində hiss olunur. Beləliklə, sual yaranır. Beş ildən sonra özünün əvvəlki vəziyyətinə qayıdan Ukrayna bizim üçün hansı sürprizlər hazırlayır?

SEÇKİNİN ÇOX KİÇİK SƏS FƏRQİ

V. Yanukoviçin də prezidentliyi çox da asan keçməyəcək. Onu rəqibi və siyasi opponenti Y. Timoşenkodan cəmi üç faiz səs fərqi ayırır. Bu nəticə özünü gələcək parlament seçkisində təzahür etdirəcək. Elə indiki parlamentdə də Timoşenkonun adamlarının sayı az deyil, onlar faktiki olaraq ikinci böyük parlament fraksiyasını təşkil edirlər. Bütün bunları ona görə deyirik ki, Yanukoviç özünün Rusiya ilə bağlı simpatiyasına çox da böyük meydan verə bilməyəcək. Necə deyərlər, tam müstəqil siyasətçi olmur, ələlxüsus da indiki dövrdə.

GUAM-ın TALEYİ NECƏ OLACAQ?

Bax, bu sual çox aktualdır. Artıq seçki ərəfəsindəki müsahibələrinin birində Yanukoviç demişdi ki, GUAM bir təşkilat kimi aktuallığını itirib. Bunu ciddi siqnal kimi qəbul etmək olarmı? Çox çətin sualdır. Əvvəldə siyasi münasibətlərin mütəhərrikliyindən yazmışdıq. Məsələyə bu məntiqlə yanaşanda birmənalı qiymət vermək çox çətindir. Amma digər detallar da var. Mövcud olduğu dövrdə GUAM-ın missiyası tam aydın olmadı. Əvvəlcə bu, MDB daxilində «dissident» ölkələrin qurumu idi. Bura toplaşan dövlətləri Qərblə daha dərin inteqrasiya etmək meylləri fərqləndirirdi. Amma Gürcüstandakı qızılgül inqilabından, Ukraynadakı narıncı inqilabdan sonra GUAM-ın daxilindəki atmosfer dəyişdi. Azərbaycan burada özünü çox narahat hiss edirdi, çünki avtoritar hakimiyyətlə demokratik hakimiyyətin təması çox mürəkkəb olur. Gürcüstan və Ukrayna prezidentləri Bakıya çox səfərlər etsələr də, İ.Əliyev haqqında çox yüksək fikirlər səsləndirsələr də, daxili münasibətlərdə fərqlər hiss olunurdu. İ.Əliyev inqilabçı demokratlarla özünü çox da rahat hiss etmirdi. Elə bu səbəbdən kim bilir, bəlkə V.Yanukoviç İ.Əliyev üçün daha yaxşı tərəfdaş olacaq? Bu mənada problem yoxdur. Amma kiçik detal var. İnqilabçı demokratların dövründə münasibətlərdə və daxili atmosferdə fərqlər olsa da, GUAM-ın mövcudluğu ilə bağlı yekdil rəy vardı, yəni V.Yuşşenko və M.Saakaşvili İ.Əliyevlə həqiqi dostlar olmasalar da, onlar GUAM-ın qalmasının və inkişaf etməsinin tərəfdarları idilər, baxmayaraq ki, Gürcüstanın MDB-dən çıxmasından sonra vəziyyət bir qədər mürəkkəb xarakter almışdı. İndi ola bilsin, V.Yanukoviç ilə İ.Əliyev dost olacaqlar, amma GUAM olmayacaq, yaxud formal xarakter daşıyacaq. Hər halda V.Yanukoviçin hakimiyyətə gəlməsi ilə regional siyasətin ağırlıq mərkəzi MDB-yə keçəcək, çünki MDB üçün Ukrayna müstəsəna əhəmiyyət kəsb edir. Amma «böyük fantaziyalara» məkan və imkan qalmayacaq. Seçki vaxtı V.Yanukoviç dedi ki, nəhayət ki, biz ölkəni birləşdirə bildik. Amma belə deyil. Seçki ölkənin iki bərabər hissəyə bölündüyünü göstərdi. Fərq də çox azdır və istisna deyil ki, zaman keçdikcə bu fərq böyüyəcək. İtirən də V.Yanukoviç olacaq, çünki çətin şəraitdə hakimiyyətdə olan həmişə özünün nüfuzunun bir hissəsini itirir. İndi bir məsələni qəti şəkildə demək mümkündür. Aydındır ki, Ukraynanın NATO ilə bağlı planlarına ən azı beş illik fasilə verildi. Təəssüf ki, İndiki Ukrayna haqqında birmənalı olaraq ancaq bunu deyə bilərik.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG